Dini siyasiləşdirməyə can atanların kitabı bağlandı

İbadət yerlərinə, ziyarətgahlara nəzarəti daha dövlət özü edəcək

  İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimləri Qafqaz Müsəlmanları İdarəsinə məlumat verilməklə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təyin olunacaq. Bu, Milli Məclisdə müzakirəyə çıxarılan “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna görə, ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri Dini Komitəyə məlumat verilməklə QMİ tərəfindən təyin olunurdu. 

Həmçinin, icma yaradılmamış ibadət yerlərinə də din xadimlərinin təyinatı qadağan edilib. Bundan başqa Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcəklər. Dəyişikliyə əsasən, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə biləcəklər. Layihəyə əsasən, ianə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi qaydası hazırlanacaq. Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib. 

Millət vəkili Fazil Mustafa bildirib ki, qanuna dəyişikliklə təşkilati məsələlər dövlətə keçir. Dini məsələlərə nəzarət Qafqaz Müsəlmanları İdarəsinə verilir: “Qanuna dəyişiklik dövlətin dini siyasiləşdirməyə can atanlara qarşı ata biləcəyi ən vacib bir addımdır. Məscid ibadət yeridir, ibadətini et, çıx get. Dinin siyasiləşməsinə qarşı bütün Azərbaycan cəmiyyəti müqavimət göstərməlidir”.

“Əksər ölkələrdə din xadimləri dövlət tərəfindən təyin olunur”

Deputat Ceyhun Məmmədov da deyib ki, Azərbaycanda dini konfessiyalar tolerantlıq şəraitində yaşayır. Onun sözlərinə görə, hazırda müsəlman ölkələri qarşısında duran vəzifələrdən biri dini təhlükəsizliyin təmin edilməsidir: “Dini icmaların qeydiyyatı ilə bağlı sənədlər birbaşa Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim olunacaq. Qeydiyyatdakı süründürməçiliyə son qoyulacaq. Digər məsələ din xadimlərinin təyinatı ilə bağlıdır. Bu gün dünya ölkələrinin əksəriyyətində din xadimləri dövlət tərəfindən təyin olunur, qanuna dəyişiklikdə də bu məqam əksini tapıb. Din xadimləri mütləq ciddi süzgəcdən keçirilməlidir. Nəhayət, Azərbaycan cəmiyyətində uzun müddət ianələrlə bağlı müzakirələr gedir. Bu qanuna dəyişikliyin qəbulu bu sahədə də şəffaflığı təmin edəcək”.

Deputat qeyd edib ki, dinlə bağlı konsepsiyanın qəbuluna ehtiyac var: “Bakı İslam Universitetinin 3500 tələbəsi ilə bağlı problem də həllini tapmalıdır”.

Parlament üzvü Tahir Rzayev nəzərə çatdırıb ki, din dövlətin nəzarətindən kənarda qalmamalıdır: “Məscidi siyasət, oyunbazlıq məkanına çevirən mollalardan, axundlardan dinimizi xilas etməliyik. Dindarların fəaliyyəti, baxışları araşdırılmalı və qanunda göstərildiyi kimi, onlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunmalıdırlar”.

“Yas məclislərində qadın mollalar şeir deyib, muğam oxuyurlar”

Deputat Məlahət İbrahimqızı bildirib ki, Azərbaycanda yas mərasimlərindəki qadın mollaların əksəriyyəti cahil vəziyyətdədir. O deyib ki, Mənəvi Dəyərlərin Təbliği Fondunda olarkən Hacı Salman (QMİ sədrinin müavini - red) da bu məsələyə toxunub: “Həmin qadın mollalar şeirdən, muğamdan mərsiyəyə tutmuş hər şey deyirlər. “Quran”dan, hədisdən isə ağıllı bir söz demirlər. Hacı Salman dedi ki, buna nə Qafqaz Müsəlmanları İdarəsi, nə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi heç nə edə bilmir, bu məsələ qanunla tənzimlənməlidir. Ona görə də həmkarlarımı bu məsələnin qanunla tənzimlənməsinə dəstək verməyə çağırıram”.