“Gənclərimiz vətən, millət, bayraq mövzusunda həmişə həssas davranıblar”

Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev Forumda iştirak edib. Dövlət başçısı giriş nitqi söyləyərək ölkə gənclərinin fəaliyyətinə diqqət çəkib: “Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Mən bu sözləri deməklə, eyni zamanda, Azərbaycan gənclərinə həm ürək sözlərimi deyirəm, həm də təşəkkür sözümü deyirəm. Çünki bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”.

 Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov  ölkə başçısının  Gənclər  Forumundakı  çıxışından “Sherg.az”a danışarkən bildirib ki, Azərbaycanda gəclər günü  Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində dövlətin  gənclər siyasəti nəzdində tərtib edilib: 

“Azərbaycan gəncliyinin  intellektual inkişaf etdirilməsi eyni zamanda sosial-iqtisadi və məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı dəfələrlə dövlət siyasəti həyata keçirilib. Bu gün də dövlət başçımız tərəfindən həmin dövlət siyasəti davam etdirilir. Düşünürəm ki , bu amil Azərbaycan gəncliyinin hərbi vətənpərvərlik ruhda tərbiyəsində olduqca əhəmiyyətlidir. Bu gün intellekt səviyyəsindən və sosial nüfuzundan asılı olmayaraq hər bir Azərbaycan ailəsində gəclərin vətənpərvərlik ruhunda böyüdülməsinə çalışılır”.

 Politoloq ölkə gəclərinin  ikinci Qarabağ savaşındakı fəaliyyətinə diqqət çəkib:  

“Gənclərimiz vətən, millət, bayraq mövzusunda həmişə həssas davranıblar. Məhz bunun nəticəsidir ki, onlar  44 günlük  savaşda Ali Baş Komandanın ətrafında tək yumruq olaraq  birləşib torpaqlarımızı işğaldan azad etdilər. İndi özəlliklə KİV-lərimiz hərbi vətənpərvərlik ruhunda maarifləndirmə prosesini davam etdirilməlidir. Eyni zamanda ailələrdə gənclərin yetişdirilməsində bu tərbiyənin önəmi və mənəvi tərəfi mütləq şəkildə dərk edilməlidir”.

T.İsmayılov aparılan olimpiya və idman siyasəti nəticəsində Azərbaycan gənclərinin böyük uğurlar əldə etdiyini vurğulayıb: 

“Gənclərimiz bir sıra dünya səviyyəli, beynəlxalq elmi yarışlarda fənn olimpiyadalarında yüksək göstəricilər əldə edir. Həmçinin  ölkə gəncləri özəlliklə dünya səviyyəli bir çox startap layihələrdə kifayət qədər yaxşı performans sərgiləyə bilir ”.

Politoloq Cənubi Qafqazda lider olan Azərbaycan gəncliyinin bütün hallarda Avrasiya məkanında seçildiyini diqqətə çatdırıb: 

“Bundan sonra da torpaqları işğaldan azad edilmiş bir dövlətin qürurlu gənclərinin üzərinə böyük vəzifələr düşür”.