Nəzarətçiyə də nəzarət lazımdır! - “Dələduzlar ictimai nəzarət sektoruna daraşıblar”  

Prezident İlham Əliyev ictimai nəzarətin vacibliyini son vaxtlar tez-tez vurğulayır. O qeyd edir ki, bəzi problemlər barədə mətbuatdan xəbər tutur, nəinki ona "məruzə edən məmurlardan". İctimai nəzarət dedikdə də ilk növbədə kütləvi informasiya vasitələri, vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları yada düşür. Amma bəzən adıçəkilən qurumlar öz vəzifə səlahiyyətlərini aşaraq dəldəzuluq edirlər. Məsələn, ötənlərdə “Yeni İctimai Nəzarət Şurası” rəhbəri Ramil Şükurov, eləcə də  özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədovun həbsi  QHT və bu sayaq təşkilatların qeyri-şəffaf fəaliyyətini  gündəmə gətirdi.

Vəziyyəti dəyərləndirən hüquq müdafiəçisi, sabiq millət vəkili Çingiz Qənizadə “Sherg.az”a deyib ki, qanunvericilikdə bu sahəyə dair kifayət qədər boşluqlar var:

“İctimai nəzarətlə bağlı həbs olunan son iki şəxsin hər ikisinin əvvəllər məhkumluq həyatı yaşadığı məlum olub. Dövlət başçısı ictimai nəzarət şuralarına üstünlük verilməsi ilə bağlı çağırış edib. Deyib ki, onların neqativ halların aradan qaldırılmasında və məlumatların çatdırılmasında böyük rolu var. Belə münbit şəraitin yarandığını görən bu cür işbazlar da dərhal qeydiyyatdan keçməyən təşkilatlar yaradaraq insanların pullarını mənimsəyir və öz əvvəlki cinayətkar əməllərini Qeyri-hökumət təşkilatları (QHT) adı altında həyata keçirməyə çalışırlar. Bu təşkilatların öz rəsmi blanklarını, möhürlərini hardan əldə etdiyi isə  heç kəsə bəlli deyil”.

Hüquq müdafiəçisi Rasim Məmmədovun həbsinə diqqət çəkib:

“R.Məmmədov “Azərbaycan” Nəşriyyatında binanın 8-ci mərtəbəsinin bir hissəsinə təşkilatın adını böyük bir şüar kimi yazıb. Bilmək olmur belə adamlar hansı səlahiyyətlərlə dövlət orqanlarına aid olan inzibati binalarda icarəyə yerlər götürüb fəaliyyət göstərirlər. Üstəlik, bu azmış kimi o orda çalışan digər əməkdaşları da gözümçıxdıya salıb”. 

Ç.Qənizadə hesab edir ki, hazırda yaramaz işbazlar və dələduzlar QHT-lərə, ictimai nəzarət sektorlarına daraşıblar. Bu kimi hallar bundan sonra da olacaq: 

“İnsanlar qeydiyyata alınmadan jurnalist, QHT rəhbəri kimi fəaliyyət göstərirlər. Bu istiqamətdə qanunlarda olan boşluqlar belə işlərə şərait yaradır. Qanunvericiliyə bir daha nəzər salınmalıdır. Belə adamların qanunsuz fəaliyyət göstərməsinin qarşısının alınması üçün orda müəyyən dəyişikliklər edilməlidir” .