“Uşaq əməyinin istismarına qarşı mübarizə güclənsin!”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN)Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov AzTV-nin efirində uşaq əməyinin istismarı barədə danışıb. 
O, bildirib ki, ötən il bu məsələ ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə müvafiq olaraq cərimələr tətbiq edilib:

 “İnzibati Xətalar Məcəlləsinin 192.8-ci maddəsi əsasən, yaşı 15-dən az olan uşaqların işə cəlb edilməsi ilə bağlıdır.Ötən il dörd belə hal aşkar olunub və bu xətaya yol verən vəzifəli və hüquqi şəxslərə qarşı cərimə tətbiq edilib”.

Vəziyyəti dəyərləndirən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Sherg.az”a söyləyib ki, hazırda küçələrdə yetərincə uşaq əməyindən istifadə hallarının şahidi oluruq: 

“Bunun qarşısını almaq üçün ilk növbədə aiddiyəti dövlət qurumları həmin uşaqları küçələrdən yığıb, onların ailələrini qiymətləndirməlidir. Səbəbləri aşkarlamaq mütləq qaydada lazımdır”.

K.Ağazadə uşaq əməyinin istismarına qarşı mübarizə aparan qurumlara diqqət çəkib: 

“Təkcə Sosial Xidmətlər Agentliyi deyil, eyni zamanda, Daxili İşlər Nazirliyi də bu istiqamətdə işlər görür. Qurum reydlər zamanı bu faktları aşkarlayır. Amma tədbirlər planının həyata keçirilməsi, bu uşaqlarla işin aparılması Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, ƏƏSMN və Vətəndaş cəmiyyəti tərəfindən birgə həyata keçirilir”.

 Xatırladaq ki, "Save the Children" təşkilatının 2018-ci il reytinqində 175 ölkə arasında 841 xalla 89-cu yeri tutan Azərbaycanda 2012-2017 illərdə uşaq əməyi göstəricisi 6,5 faiz olub.