“Səni axtarıram”da gəlini tərəfindən öldürülməsi etiraf edilən qadının qatili saxlanıldı

2020-ci il fevral ayının 23-də Ağcabədi Rayon Polis Şöbəsinə rayon sakini, 1962-ci il təvəllüdlü Fəxrəndə İbrahimovanın yaşadığı evdə pilləkəndən düşərkən yıxılaraq ölməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində qadının həmin gün saat 01:00 radələrində Yevlax rayon sakini Seymur Cəfərov tərəfindən boğularaq öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə S.Cəfərov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Ağcabədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, bir neçə gün öncə gəlini “Səni axtarıram” verilişində qayınanası Fəxrəndə İbrahimovanı aralarında yaranan münaqişə nəticəsində öldürdüyünü etiraf etmişdi.