İstanbulda Xocalı soyqırımının 30 cu ili anıldı



Türkiyənin İstanbul şəhərində yerləşən Türk Dünyası Araşdırmaları Vəqfinin  “Turan Mədəniyyət Mərkəzi”ndə (Süleymaniyyə Kürsüsü) Türkiyyat Araşdırmaları İnstitutu konfrans salonunda “30 cu ilində Xocalı soyqırımı” adlı konfrans keçirildi. Konfransda çıxış edən xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı;hər zaman danışdığım bu kürsüdən bu gün fərqli bir çıxış edəcəm. Bu günə qədər hey sitəm etdik, Qarabağ işğal olundu, dünya kar, kor, heç nəyi görmür, Azərbaycan torpaqlarının yüzdə iyirmisi işğal altında dedik. Belnəlxalq təşkilatlar bu 30 il ərzində bizi oyaladı və heç bir nəticəsi də olmadı. Amma bu gün Allaha şükürlər olsun ki, Azərbaycan  44 günlük Vətən Savaşında erməni yalanlarını ortaya qoydu və sübut etdi ki, zülüm, yalan əbədi ola bilməz, bir gün həqiqət ortaya çıxar. Mən İslam Ölkələri Parlament İttifaqının Siyasi Komitəsinin üzvüyəm, o zaman təşkilata yeni qatılanda qəbul edilən son bidiridə Xocalı adının qeyd olunması üçün dörd dəfə çıxış etdim. Biz müsəlman olmadan önce insanıq, Xocalı soyqırımı bir vəhşətdir, insanlıq dramıdır, bunu görməzdən gəlmək olmaz dedim və çətinliklə də olsa həmin parlament ittifaqı Xocalı soyqırımı ilə bağlı 29 bölümdən ibarət bir qətnamə qəbul etdi, çox şükür. Türk heç vaxt soyqırım etməz, soyqırımı bu gün Rusiya edir - Şimali Qafqazda, Kırımda, Azərbaycanda, Türkləri dünyanın hər yerinə pərən-pərən salıb və bu gün də bu iddiasından əl çəkmir. Rusiyanın bu gün Azərbaycanla münasibətləri yaxşı olsa da, hər halda tarix öz yerində qalır, - deyərək Azərbaycanın yanında olduğuna görə, hər zaman acılarımızı bölüşdüyü üçün, bizim sorunlarımızı Türkiyənin, Türk millətinin sorunu olduğunu dilə gətirdiyi üçün Türkiyə xalqına təşəkkür etdi. Tədbirdə Türk Ədəbiyyatı Vəqfi başkani Sərhəd Kabaklı, Türk Dünyası Araşdırmaları Vəqfi başkanı Közhan Yazqan, Azəri-Türk Qadınlar Birliyi başkanı Tənzilə Rüstəmxanlı və Azərbaycan diasporunun Rusiyada təmsilçisi Abuzər Bağırov da çıxış etdilər.
Onu da qeyd edim ki, bu gün həmçinin İstanbuldakı Bəyazit Meydanında Azərbaycan Dərnəkləri Federasiyasının təşkilatçılığı ilə Xocalı soyqırımının 30 cu ilinə həsr edilmiş “bayrağını da al gəl” şüarı ilə aksiya keçirilib. Aksiyada Azərbaycanın İstanbuldakı Konsulluğunun nümayəndəsi Cavid Ələkbərov, İstanbulda yaşayan Azərbaycan Türkləri və qeyri hökümət təşkilatlarının nümayəndələri iştirak edirdi.

Yaqut Misirxanlı,
Xüsusilə “Şərq” qəzeti üçün İstanbuldan