Şimali Koreya lideri Kim Çen İn bildirib ki, KXDR-ə hücum olacağı təqdirdə bütün mövcud hücum qüvvələrindən istifadə etməkdən çəkinməyəcək. Bu məlumatı Koreya Mərkəzi Xəbər Agentliyi yayıb. O, düşmən ölkələrin təhdid ritorikasının Şimali Koreyanın hərbi gücünün artmasına mane olmayacağını söyləyib. KXDR lideri həmçinin Cənubi Koreya Prezidenti Yun Sok Yolu “kukla” adlandırıb.
Politoloq Turab Rzayev “Sherg.az”a söyləyib ki, dünyada siyasi qütbləşmə artdıqca belə açıqlamalar çox olacaq:
“Bütün dünya qan gölünə dönür. Eyni zamanda müxtəlif ölkələr siyasi ambisiyalarını gizlətmirlər. Məsələn, Çinin Tayvanla bağlı açıq şəkildə işğal planlarından danışdığını görürük. Rusiya Ukraynaya müharibə elan edib. İsrail isə fərqli ölkələrə hücumlar edir və dövlətlərin başçılarını, generallarını öldürür. Eyni zamanda Yaxın Şərqdə bütün ölkələr münaqişə tərəfi olublar. İndi isə Şimali Koreya ətrafında münaqişə qəlizləşir. Burada Şimali Koreya Amerika Birləşmiş Ştatlarına nümayiş etdirmək istəyir ki, onun sözügedən məsələdə problemləri olmayacaq. Çünki düşünürlər ki, İrandan sonra onlar da hədəf olacaqlar. Yəni ətraf ölkələri təhdid etmək Şimali Koreyanın əvvəlki xislətidir. Bu açıqlama isə ikili xarakter daşıyır. Birincisi Şimali Koreya üzərindən Rusiya və Çin ABŞ-ni şantaj edə bilər. Digər tərəfdən isə ola bilsin ki, Şimali Koreyaya hansısa əməliyyat hazırlanır və bu açıqlama ilə qarşısının alınmasına çalışırlar”.