Sabirabadda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi  ünvanına qaytarılıb

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Sherg.az-a verilən məlumata görə, Sabirabad rayon sakini F.Abbasova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin adıçəkilən şəxs təyin edilən qaydalara baxmayaraq yaşayış yerini tərk edib.

Polis əməkdaşları tərəfindən qaydaları pozan şəxsin qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Sabirabad RPŞ-də araşdırmalar aparılır.