Kiyev metrosunda qalan azərbaycanlılar: “Buradan nə vaxt çıxarılacağımızı bilmirik” - VİDEO


“Bu gün səhər saat 8-dən etibarən Kiyevdə komendant saatı ləğv olunub. Amma küçəyə çıxmaq təhlükəlidir. İki uşaq epilepsiya xəstəsidir, havasızlıqdan vəziyyətləri yaxşı deyil”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Ukraynada yaşayan soydaşımız İmamrzov Hicran İsrafil oğlu deyib.

O bildirib ki, artıq dörd gündür metroda havasız vəziyyətdə qalıblar:

“Kiyev şəhərində Xarkov metrostansiyası fəaliyyətini bərpa edib. Metrodan sığınacaq kimi istifadə edən şəxslərin küçəyə çıxması mümkün olub. Lakin bu yenə də təhlükəlidir. Marketlər fəaliyyəti bərpa edib, uzun növbələr var. Apteklər də işləyir amma orada da növbələr var. Burada 9 nəfər azərbaycanlı var, Moldovaya keçmək üçün kömək istəyirik. Nəqliyyat vasitələri yoxdu, özbaşına hərəkət etmək, yola çıxmaq çox təhlükəlidir.  

9 nəfərik. Üç uşaqdan ikisi epilepsiya xəstəsidir. Ayın 24-dən biz metrodayıq uşaqlar havasızlıqdan əziyyət çəkir. Elə özümüzdə pis vəziyyətdəyik. Kiyevin özündəyik metrodan küçəyə çıxmaq təhlükəlidir. Aramızda Suqovuşan uğrunda döyüşən iki nəfər Qarabağ veteranı da var.

Səfirlik bizə dərmanla bağlı yardım edib, Allah köməkləri olsun. Müəyyən çətinliklər var, bəlkə də ona görə təxliyə barəsində yardım göstərə bilmirlər. Amma vəziyyət yaxşı deyil. Yarımız platformada beton üstündə, yarımız qatarların içində, soyuqda qalırıq. Mən öz ailəmi götürüb, özbaşıma davrana bilərəm. Risklidir bilirəm. Mən öz məsuliyyətimlə edə bilərəm, amma digər 9 nəfərin canını təhlükəyə ata bilmirəm. Ümid edirəm ki, səfirliyimiz bizimlə əlaqə saxlayıb ürəyimizə rahatlıq verə biləcək. Ən azından bizimlə əlaqə saxlayıb nə zaman nəqliyyat vasitəsi ayıra biləcəklərini desinlər ki, biz də rahat olaq. Buradan nə vaxt çıxarılacağımızı bilmirik”.