Onların həyatı hər an təhlükədədir


Minaaxtaranların əmək haqlarının 600 manat olması həqiqətən çox azdır

Ombudsman minaaxtaran vəzifəsində çalışanların məvacibinin artırılmasını təklif edir. 
İrəli sürülən bu fikir parlamentin İnsan hüquqları komitəsində 1 martda müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb. 
“Minaaxtaran” vəzifəsində çalışan əməkdaşların işi çətin, məsuliyyətli, eyni zamanda təhlükəlidir. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində “minaaxtaran” vəzifəsində çalışan əməkdaşların əməkhaqları yüksəltsin. 
Məruzədə Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na “Minaaxtaran” vəzifəsinin əlavə edilməsi təklif olunur.
Həmçinin Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”na “Minaaxtaran” vəzifəsinin əlavə edilməsi təklif olunub.
Hərbi jurnalist Səxavət Məmmədov "Şərq"ə açıqlamasında təklifi müsbət dəyərləndirib: 
"Bundan öncə də dəfələrlə belə təkliflər olub. O insanların həyatı təhlükədədir. Hər an hər şey ola bilər. Müharibədən sonra minatəmizləmə zamanı partlayışlar nəticəsində həyatını itirənlər, xəsarət alanlar da olub. Bu baxımdan minatəmizləyənlərin maaşını qaldırmaqda fayda var. Bundan başqa, minaaxtaranların işə götürülməsi ilə də bağlı çox ciddi bir problemlər var. Bunun üzərində də işləmək lazımdır. Əvvəl minaaxtaran vəzifəsində çalışan mütəxəssislər hər hansı məsələ ilə bağlı ordu sıralarından tərxis ediliblər. Onlar indi həmin sahə üzrə işləmək istəyirlər. Amma onlara müxtəlif bəhanələr gətirilir. Yəni yüngül cinayət işləri olması səbəbindən, yaxud da müxtəlif maddələrlə işdən azad ediliblər. Daha çox təcrübəsi olmayanları silahlı qüvvələrə gətirib, yetişdirməyə çalışırlar. Bu, indiki məqam üçün doğru yanaşma deyil. Bəlkə də uzun illər əvvəl belə etmək lazım idi. Onda müharibədən sonrakı proseslərin də düzgün idarə edilməsi daha məqbul olardı. Hazırda Qarabağda yenidənqurma işləri davam edir. İnsanların o ərazilərə gediş-gəlişinə hələ də icazə verilmir. Səbəb kimi minalı sahələrin olduğunu bildirirlər. Azərbaycana çoxlu sayda minaaxtaranlar lazımdır. Şəxsiyyətin sayını artırmaq labüddür. Ona görə də bu vəzifəyə həvəsliləri deyil də, peşəkarları cəlb etmək minadantəmizləmə prosesini sürətləndirər". 
Hərbi ekspert diqqətə çatdırıb ki, işə götürülmə ilə də bağlı bəzi neqativ hallar var: "Bir çoxları rüşvət kimi məsələlərin mövcudluğundan şikayət edirlər. Qarabağ savaşından sonra ölkəmizə bir çox dövlətlərin minaaxtaran qrupları gətirilib. Onlara daha gözəl şərait yaradılıb, qonorarlar verilir. Lakin yerli mütəxəssislərlə xaricilərin fəaliyyətində elə bir fərq yoxdur. Onların maaşını kifayət qədər artırmaq zəruridir. Minaaxtaranların əmək haqqısı təxminən 500-600 manat civarındadır. Həyatını təhlükəyə atmış, ölümlə üzbəüz qalan insanların məvacibi o səviyyədə olmamalıdır. Məsələ ictimailəşdirilməlidir. QHT-lər də bu işi qabartmalıdır".