Boşanmalar... - Bu ölkədə məvaciblər gülüş doğurur


Gəncliyin rahat yaşaması üçün bir düzən, əmək sistemi mövcud deyil

Pandemiya dövründə də insanların izdivaclarının pozulmasının həm maddi, həm də mənəvi səbəbləri var. İnsan bioloji olmaqla yanaşı sosial canlıdır. Uzun müddət işdən, cəmiyyətdən təcrid olunmaq adamları məişət divarları arasında bir-birinə adiləşdirir

Son zamanlar izdivacların pozulması ilə bağlı rəqəmlər artmaqdadır. Cəmiyyət situasiyaya bağlı olaraq boşanan cütlüklərə bəzən haqq qazandırır. Bəzi hallarda isə qınayırlar. Bunu həm də müasir dövrün təsiri ilə əlaqələndirirlər. Evliliyin uğursuz yekunlaşmasının günahkarı hər zaman yalnız iki gənc olmur. Ailələrin də rolu danılmazdır. Məcburi evliliyə sövq edilən insanların olduğunu yəqin ki, hər birimiz eşitmişik, bilirik. Bunlara səbəb cahillikdir. Doğrudur, Avropa ölkələri ilə inteqrasiyamız gündən-günə yeni şəkil alır. Lakin müəyyən bir təbəqə var ki, təhsildən uzaqdır və bunun acı nəticələrinə zamanla şahid oluruq. Çünki boşanmaların kökündə təhsilə dayanan amil də mövcuddur. 

Elmli, dünyagörüşlü şəxslər qurduğu ailənin dəyərini, müqəddəsliyini dərk edir. Bundan başqa, ölkəmizdə koronavirusa yoluxma faktı aşkarlandıqdan sonra karantinin tətbiq edilməsi də izdivaclara mənfi təsirini göstərib. "Evdə qal" şüarına əməl edərək mənzilindən çıxmayan ailə üzvlərinin psixologiyasının sarsılması ilə yanaşı sosial problemləri də üzə çıxıb. Təəssüf ki, həmin müddət ərzində müəssisələrdə işçilərin fəaliyyətində durğunluq yaranıb. Sosial mühitdən uzaq qalmaq, eyni zamanda maddi vəziyyətin çətinləşməsi ailədaxili münaqişələrə yol açıb. Mübahisələrin sonlanması üçün çarəni də boşanmalarda axtarırlar. Məsələn, elə cari ilin yanvar ayında 5475 nikah qeydə alınıb, 1248 boşanma halları olub. Bu, kifayət qədər ciddi rəqəmdir. Dövlət Statistika Komitəsi bildirib ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub.

Qeyd edək ki, ötən ilin yanvar-may ayları ərzində qeydiyyat şöbələri tərəfindən 19 141 nikaha daxilolma və 6 745 boşanma halları qeydə alınıb. Əhalinin hər 1 000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,7-dən 4,6-ya, boşanmaların sayı isə 1,4-dən 1,6-ya qədər artıb.

Sosioloq Sahib Altay "Şərq"ə açıqlamasında bildirib ki, boşanma hallarını birmənalı olaraq pandemiyaya bağlamaq doğru deyil:

"Bu hallarla bağlı xəbərlər illərdir ki, mətbuatda yer alır. Ailə o qədər geniş mövzudur ki, onun  qurulması və ya dağılması ilə bağlı səbəblər şaxələnir. Boşanmaların həm say, həm də tərkib etibarilə artan sıra ilə davam etməsi əksəriyyətin düşüncəsində sensasiya doğurur. Azərbaycan ənənəvi, mental təfəkkürə sahib toplumdur. Bizim mentalitetimizdə ailə müqəddəs dəyərdir. Əvvəllər insanlara boşanmanın faciə olduğu təlqin edilib. Boşanan kişiyə də, qadına da "yuxarıdan aşağı" baxılıb. Məqsəd isə məlumdur, mövcud ailə modelini qorumaq. Ancaq belə situasiyalarda qadınlar daha çox əziyyət çəkiblər. Çünki kültürümüzün əsas tərkib hissəsinin bir elementi də bioloji bakirəlik məsələsidir. Boşanan qadının bir daha ailə qurmaq şansı olmur. Təbii ki, istisnalar olub, indi də mövcuddur. Məhz bu təfəkkürdən dolayı da el arasında belə bir deyim mövcud idi. Ata evindən gəlinlikdə ər evinə ayaq açan qıza valideynlər deyirdilər ki: “Ata evindən gəlinlikdə çıxırsan, ər evindən yalnız kəfənində çıxa bilərsən”. Tərəqqi getdikcə modellər də dəyişir. İnkişaf birtərəfli proses deyil. Özü ilə birlikdə gətirdiyi rahatlıq qədər, həm də yeni şərtlər və çətinlikləri var. Məsələn, əvvəllər patriarxat toplumlarda qadınlar o qədər də informasiya sahibi deyildilər. Artıq dünyada gender balansı deyilən bir aktual anlayış və yeni tendensiya var. Bu, yeni dövrün zərurətidir. Bunu mövcud iqtisadi quruluş və texnoloji inkişaf formalaşdırır. İqtisadi quruluşla cinslərarası münasibət düz mütənasibdir. Yeni dövrdə yeni düşüncənin işığında bəzən köhnəlmiş düşüncə maneələrə səbəb olur. Qarşılıqlı əlaqələr düzgün qurulmur. Digər tərəfdən məcburi evliliklər, gənc oğlanların, yaxud qızların ailə qurmağa, mənəvi-psixoloji hazır olmayan yeniyetmələrin məcburi evliliyə məcbur edilməsi zaman-zaman uğursuz izdivacları, ailə münaqişələrini ortaya çıxarır".

S.Altay əlavə edib ki, boşanmaların başqa səbəbi də dəyər məsələsidir:

"Yeni dövrün insanı əvvəlki çağla müqayisədə dəyərlərə fərqli yanaşır. Ailə artıq məcburi maddi və mənəvi akt olmaqdan çıxıb. İnsanlar keçmişdə çətin yaşayışın fonunda hər şeyə dözüb, ailələrini qoruyublar. Bu günün insanı o dözümlülüyə, o səbrə malik deyil. Çünki ortada hüquq anlayışı var. İnsanlar bir-birinin hüququna hörmət etməlidirlər. Müasir dövrdə informasiya sərhədsizliyi insanlara elm yox, xaotik biliklər ötürür. Bunu isə yalnız keyfiyyətli təhsil qarşılaya bilər. Boşanmaların sayını azaltmaq üçün yeni dəyərlər sistemi inşa etmək lazımdır. Azərbaycan toplumu məişət mövzularında qərarsız qalıb. Bir qrup Avropa mədəniyyətini təqlid edir, başqa bir qrup mentaliteti mühafizə edir. Digər bir toplum isə dini yaşam tərzinə üstünlük verir. Hər toplumun öz psixologiyası və sosial aktları olduğu üçün parçalanmış qruplar heç bir münasibət idealında özünü tapa bilmir. Ancaq təqlidlə məşğul olurlar. Sonda isə bədbəxtliklə nəticələnir. Düşünürəm ki, bu halların aradan qalxması və ya sayının azaldılması üçün yeni dünya düşüncəsinə uyğun, məxsusi sistem təsis etməliyik. Başqa bir səbəb sırf əmək və gəlirlə bağlıdır. İnsanlar izdivac qurub, normal ailə dolandıra bilmirlər". 
Müsahibimiz vurğulayıb ki, ölkədə gəncliyin rahat yaşaması üçün bir düzən, əmək sistemi mövcud deyil: "Hazırda zamanənin şərtləri, tələbatları ilə müqayisədə istər dövlət, istərsə də özəl sektorda təyin olunan məvaciblər gülüş doğurucudur. Bu, hələ işləyənlər üçün belədir. Bundan əlavə böyük bir işsiz kütlə var ki, onlar ana, ata, nənə pensiyası hesabına ailə saxlayır. İşsiz adam həm cəmiyyət, həm də ailəsi qarşısında özünü lazımsız, yararsız hesab edir. Bu düşüncə zamanla psixoza çevrilib, özünə yönəlir. Bəzən də kiçik problemlər böyük ailə münaqişələrinə çevrilir. Pandemiya dövründə də insanların izdivaclarının pozulmasının həm maddi, həm də mənəvi səbəbləri var. İnsan bioloji olmaqla yanaşı sosial canlıdır. Uzun müddət işdən, cəmiyyətdən təcrid olunmaq adamları məişət divarları arasında bir-birinə adiləşdirir. Bu da şəxslərin münasibətlərin soyumasına gətirib çıxarır. Üstəlik, bunun üzərinə bir də işsizlik, aşağı səviyyəli maaş, ailənin tələbatlarının ödənilməməsi, qarşılıqlı mübahisələrin yaranmasına təkan verib. Beləliklə, adi haldakı boşanmaların sayı həmin vaxtda ikiqat çoxalıb".

Sosioloq diqqətə çatdırıb ki, ölkədə sosial institutlar bərpa edilməli, təhsillə insanlara fərdiyyətçiliyin, ailənin mahiyyəti aşılanmalıdır:

"Ölkədəki iş mühiti şəffaflaşdırılmalı və insanlar normal iş və əmək haqqı ilə təmin edilməlidir. Qloballaşan dünyanın mədəniyyət savaşında isə özünəməxsus toplumsal dəyərlər mühümdür".