Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin danışıb?

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Novruz Bayramı günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün gücləndirilmiş iş rejiminə keçərək sərnişin sıxlığının qarşısını almaq üçün xətlərə əlavə avtobuslar cəlb edilib.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, onlayn bilet alanların sayı əvvəlki illərdən daha çox olub.

17, 18, 19 mart tarixlərində ümumilikdə əvvəlcədən alınan biletlərin sayı 5 336 olub. Son 3 gün ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 30 minə qədər sərnişin daşınıb.

Bayram günləri tələbat əsasən Bakıdan rayonlar istiqamətində olub. Şimal-Qərb və Cənub istiqamətlərində - Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Masallı, Lənkəran, Lerik, Astara rayonlarına sərnişin axını çox olub.

Statistik göstəricilərə əsasən reys və sərnişin sayı adi günlərlə müqayisədə 3 dəfə artıq olub. 18, 19, 20 mart tarixlərində hər gün 130-a yaxın əlavə avtobus sərnişindaşımaya cəlb edilib.

Əsas məqsəd sərnişinlərimizin təhlükəsiz və rahat şəkildə mənzil başına çatdırılmasıdır. Sərnişinlərin tələbatı tam qarşılanıb və bu proses davam etdirilir. Sərnişin axını 18 və 19 mart tarixlərində daha çox olub.