BİZİM DÖVRÜN ZƏKASI


Zəka Vilayətoğlunu mən əvvəllər şirin ləhcəli, bülbül nəğməli bir müğənni kimi tanıyırdım. Doğrusu, “tanıyırdım” sözü də  bir o qədər yerinə düşmür. Çünki bu tanımağım ekrandan, efirdən idi. Onun xalq mahnılarını şövqlə oxumağı, muğam parçalarını sonsuz hiss və həyəcanla ifa etməyi həmişə diqqətimi çəkib. Kifayət qədər bilirdim ki, Zəka musiqili məclislərin yaraşığıdır. Onun könülləri ovlayan səsini eşitmək kimə xoş gəlməzdi ki?

Şəxsən tanış olmasam da doğmaların, dostların övladlarının toy məclislərində onu dinləyirdim. Səsindəki doğmalıq məni həmişə özünə çəkib. Üstəlik də, fikir vermişəm, hansı toyda gəlib oxuyursa, çıxış edirsə, özünəxas bir əda göstərir. Bu əda da insanlara yuxarıdan aşağı münasibət deyil. Hər kəsə ünsiyyətdə açıq olan təbiətinin ədası kimi görünür. Şübhəsiz, həyatımızın müəyyən hissəsi məclislərdə keçir. Hətta görkəmli sənətkar adı ilə tanınanların bir çoxunu məclislərdə ad-sanına uyğun görmürük. Hətta elələri olur ki, yaşına, tanınmağına uyğun gəlməyən danışığı ilə gözdən düşür. Əgər belələrini, ancaq radio, televiziyadan dinləməli olsaydıq, düşüncəmizdə abidə adam kimi qalardılar. Təəssüf ki, həyat hər kəsin nəyə qadir olduğunu gec-tez göstərir. Ancaq elələri də var ki, hətta gənc olsalar belə, cavan olsalar belə, təbiətlərindəki ağayanalığı, müdrikliyi, ucalığı, toy şənliklərinin huşu başdan çıxaran məqamlarında belə yenə qoruyub-saxlayırlar.
Mənim düşüncəmə görə, şəxsən tanımadığım Zəka Vilayətoğlu daxili harmoniyasını bütün məqamlarda qoruya bilən bir sənətkardır. Mən onu beləcə yaddaşımda saxlayırdım. Amma iş elə gətirdi ki, onu həm də bir ədəbiyyat adamı kimi, ən başlıcası istedadlı yazıçı, publisist, şair kimi tanımalı oldum. Buna da səbəb uzun illər dostluq etdiyim Əli Rza Xələflinin bir dəfə təsadüfən söhbət zamanı onun haqqında dedikləri oldu: “Zəka insan təbiətini özünəxas həssaslıqla gəzən, öyrənən bir sənətkardır. Onun həm şeirlərində, həm də nəsrində insan faciəsinin səbəbləri daha çox yerlə, yurdla bağlıdır. Zəkanın, dolanışıq dalınca Rusiyaya üz tutmuş qəhrəmanlarının faciəsi bizi düşündürməlidir. Çünki onlar yaxşı həyat arxasınca üz tutduqları yerlərdə xəyanətlərlə, aldanışlarla qarşılaşırlar. Qazandıqlarını havaya sovurur, vətənə ya ölüm xəbərləri ilə, ya da xəstə canla qayıdırlar”. 

Dostum Əli Rza Xələflinin bu sözləri mənə bəs edirdi ki, Zəkanın, yalnız musiqi ilə bağlı olduğunu yox, həm də ciddi anlamda szölə həyatının bağlılığını görüm. Bəli, dostum Əli Rza Xələfli onu çox hissiyyatlı, həyati müşahidələri ilə zəngin bir yazıçı kimi təqdim etmişdi. İş elə gətirdi ki, Zəkanın daha bir kitabı, mənim naşiri olduğum mətbəəyə yol açdı. “Zəka Vilayətoğlu: 50 İlin Zəkası”. Bu kitab şe irlər, hekayələr və çox yanğılı səsi ilə könülləri ovlayan Zəka Vilayətoğlunun haqqında yazılanlardan ibarətdir.

Kitabın məziyyətləri haqqında geniş söhbət açmaq fikrim yoxdur. Amma sosial şəbəkədə yenə dostum Əli Rza Xələflinin bu aydın gözlü, təmiz sözlü, gözəl səsli sənətkar haqqında yazdıqları, istər-istəməz məni öz cazibəsinə çəkir: “Zəka insan təbiətini özünəxas həssaslıqla gəzən, öyrənən bir sənətkardır. Onun həm şeirlərində, həm də nəsrində insan faciəsinin səbəbləri daha çox yerlə, yurdla bağlıdır. Zəkanın dolanışıq ardınca Rusiyaya üz tutmuş qəhrəmanlarının faciəsi bizi düşündürməlidir. Çünki onlar yaxşı həyat arxasınca üz tutduqları yerlərdə xəyanətlərlə, aldanışlarla qarşılaşırlar. Qazandıqlarını havaya sovurur, vətənə ya ölüm xəbərləri ilə, ya da xəstə canla qayıdırlar. İnsan doğulanda ilk dəfə ömrünün sonunacan daşıyacağı bir mülkə sahib olur və bu mülkü o necə qoruyacaq, onu necə saxlayacaq, bu mülk onun ünvanına töhmət olacaq, yoxsa başucalığı gətirəcək... bunu onun yaşadığı həyat göstərir. Bu mülkün sərhədləri, əhatə dairəsi, özündən başqa kimlər üçünsə ocaq, pir olacağı, Allah eləməmiş, bəlkə lap nifrət ocağı kimi tanınacağı... bu gələcəyin işidir. Əsas odur ki, həmin mülkün sahibi o mülkü necə tanıdacaq... Bu mülk insanın öz adıdır. Azərbaycan mənəvi mühitində öz yeri, öz aləmi olan bir şəxsiyyət haqqında beş-üç kəlmə ilə ruhumda-varlığımda hakim olan duyğuları sözə gətirmək mənim üçün çətindir. 
Ən azı ona görə ki, bu gün artıq 50 yaşına yetmiş olan Zəka adlı mülk sahibindən danışıram...
       
 Zəka Vilayətoğlu 50 yaşına qədər birmənalı şəkildə adını, sanını yüksək ucalıq mərtəbəsində qoruya bildiyini indiki zamanın ən çətin meyarları müqabilində təsdiq edib. Mənim üçün Zəkanın həm öz adı, həm də atasının adı xüsusi bir rəmzdir. Zəka ağıl deməkdir, düşüncə deməkdir. O təmsil etdiyi vilayətin, əyalətin... bütövlükdə dünya olan evimizin Azərbaycan adlı vilayətinin oğlu olduğunu həm musiqi mədəniyyətimiz üçün, həm də söz sənətimiz üçün qədərincə göstərə bilib. Zəkanın mənəvi mühitində iki möhtəşəm qanad var. Bunun biri musiqidirsə, Azərbaycan muğamıdırsa, Azərbaycanın xalq musiqi sənətidirsə, digəri söz sənətidir. Hələ onun söz sənətinin özünün də çoxşaxəli olduğunu burada ötəri də olsa, qeyd etmək yerinə düşər. İncə ruhlu şeirləri, vətən yanğılı duyğularının poetik ifadəsi göstərir ki, Zəka Vilayətoğlu Azərbaycan poeziyasında kifayət qədər görünən sənətkardır. Eyni zamanda o, həssas təbiətli bir nasirdir, emosional duyğulu publisistdir. Bütün bunlar göstərir ki, Z.Vilayətoğlu bütün varlığı ilə sənətkardır, istər musiqidə, istərsə də, ədəbiyyatda. Zəka Vilayətoğlunun mənsub olduğu ocaq, sözün həqiqi mənasında, böyük sənət ocağıdır. Bu ocaqda Ayaz Arabaçı kimi kifayət qədər məşhur bir şair də var. O Zəka Vilayətoğlunun böyük qardaşıdır”. Dostum Əli Rza Xələflinin bu düşüncələri məni ruhlandırdı ki, mətbəəmizdə çap olunan “Zəka Vilayətoğlu: 50 İlin Zəkası” kitabı haqqında düşüncələrimi oxucularla bölüşüm.

Biz mətbəə kollektivi olaraqkitabın nəfis şəkildə çapı üçün əlimizdən gələni əsirgəmədik. Çalışdıq ki, kitab Zəka Vilayətoğlunun adına layiq olsun. Axı onun həyatı çox mənalı və maraqlı kino salnaməsinə bənzəyir. Elə kitabın tərtibatında da onun özünün fotoşəkillərindən,kitablarının reproduksiyasından istifadə edilərək belə bir tərtibat verildi. Ortada Zəka Vilayətoğlunun şəkli... həyat qaynarlığı ilə cəmiyyətə-bütövlükdə insanlara həyatsevərlik nəğmələri oxuda biləcək bir sənətkar görkəmində, eləcə də şairanə bir motivlə onun oxucularla görüşünü kitabın tərtibatında ifadə etməyə çalışdıq.

Əlbəttə mən naşirəm. Nəşr etdiyim kitabların zahiri görkəmi ilə də onun müəllifini, əsərinin qəhrəmanlarını oxuculara təqdim etməyi vacib hesab edirəm. Zəka Vilayətoğlu şairdir, nasirdir, müğənnidir.Onun hər bir fotosunda həyatının müəyyən bir məqamı ifadə olunur. Mən də bu həyat fraqmentlərini fotoşəkillərlə oxuculara çatdırmağı vacib hesab etdim.

Kitabı da oxudum. Ruhuma, varlığıma təsir edən çoxlu ədəbi parçalar zövqümü oxşadı. Mənə doğma olan o idi ki, Zəka Vilayətoğlunun “Baş Sarıtel” üstündə oxuduğu mahnının motivini onun şeirlərində də duydum. Hiss etdim ki, o, bu xalqın bağrından qopmuş sənətkar kimi səsində nə qədər milli ruha bağlıdırsa, şeirlərində, hekayələrində,publisist yazılarında da bir o qədər xalqın ayrılmaz hissəsidir.

44 günlük Zəfər müharibəsi xalqımızın çox dəhşətli faciələrinə son qoydu.Əlbəttə, illər keçəcək, biz Xocalını heç vaxt unutmayacağıq. Düşünürəm ki, 44 günlük Zəfər mübaribəsində ordumuzun qələbəsini təmin edən əsas güc mənbələrindən biri də şairlərin yaddaşımızı qoruyan faciələri yaşadan şeirləri olub. Zəka Vilayətoğlu da vətənpərvərlik mövzusunda çoxlu şeirlərin müəllifidir. O cümlədən çox dəyərli bir Xocalı şeirinin: 

Ömrümdə bircə kərə üzünü görmədiyim,
Suyundan içmədiyim, gülünü dərmədiyim,
Ağır gündə səsinə, hay-haray vermədiyim,
Xocalıııııı..!

Ağrı abidəsisən, ömrümüzün ilində,
Göynəyir ürəyimin başı, adın gələndə,
Bizimləsən, hər zaman ağlayanda, güləndə,
Xocalııııı..!

Daşında qan ləkəsi, üzündə qan quruyub,
İllərdir, zülmətdəsən, üfüqdə dan quruyub,
Dərdini çəkə-çəkə, bədəndə can quruyub,
Xocalııııı..!

Sən bir dəfə ölürkən, biz ölürük, min dəfə,
Dünya öz işindədir, başlar qarışıb kefə,
Hələ də yerdə qalan qan ləkədir, şərəfə, Xocalıııı!..

Düşünürəm ki, bu şeir Zəkanın bir şair kimi öz xalqının dərdinə yanmağının ən bariz ifadəsidir. İnsan övladı öz doğmalarının dərdinə biganə qalırsa, demək, onun insanlıq duyğuları korşalıb. O, təbiət etibarilə, artıq insanlıqdan uzaqlaşıb. Zəka Vilayətoğlunun “Xocalı” şeiri göstərir ki, o, öz xalqının dərdinə nə qədər doğmadır. Xalqının acıları ilə birgə yaşayır. Onsuz da bilirik ki, Azərbaycan xalqının ən böyük bəlaları yaddaşa qarşı biganəliklə bağlıdır. Zəka Vilayətoğlunun “Xocalı” şeiri əslində yaddaşın özünə keşikçidir. Zaman-zaman oxunduqca xalqa diktə edəcək, bu xalqın Xocalı ağırlığında faciəsi var.

Zəka Vilayətoğlu lirik şairdir. Onun çoxlu həyat həqiqətlərinə güzgü tutan şeirləri var ki, hər birini təhlilə çəkmək, sözə gətirmək faydalı olardı. Ancaq bir kiçik kitab təqdimatında daha geniş əhatədə yazmaq mümkün deyil. Mən yalnız Zəka Vilayətoğlunun vətən, yurd ağrılı şeirlərini diqqətə çəkməyi vacib bildim. Onun çox maraqlı bir “Vətəndir” adlı şeiri də var. Bu şeiri o, belə bir epiqrafla təqdim edir: “ Müqəddəs torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin uca ruhlarına böyük ehtiramla!”. Elə bu epiqrafın özü çox şey deyir. Məsələn; birinci onu deyir ki, Zəka Vilayətoğlu nə qədər xalqı ilə nəfəs alırsa, bir o qədər də bu xalqın məskun olduğu vətənlə nəfəs alır. Onun “Vətəndir”  adı ilə təqdim etdiyi şeiri hissiz, həyəcansız oxumaq mümkün deyil:

Sən olan zirvənin adı Vətəndir,
qürurla gəzirəm, ətəklərində!
Yurdumun hər qarış torpağı gözəl,
şəhid qoxusu var, çiçəklərində!

Düşmən qabağında əyilmədin ki,
qorxu, hürkü nədir, heç bilmədin ki,
torpağa əkildin, sən ölmədin ki,
min igid göyərər, hər ləklərində!

Söyləsəm, üfüqdə qızaran danım,
ya desəm, ürəyim, ya desəm, canım?!..
Sənsən, sevimlisi, ey qəhrəmanım,
Uca Tanrının da, mələklərin də!

Nə qədər bu həyat, bu dünya ki var,
Ən gözəl sevgilər ruhunu sarar,
Adına hər ürək bir şam yandırar,
Yaşarsan, zamanın gerçəklərində!

Nə qədər maraqlı şair yanaşması var bu şeirdə. Şair ən uca zirvəni vətən hesab edir. Özü isə bu vətənin sakini kimi onun ətəklərində gəzir. Ən başlıcası, özünü bu ətəklərdə gəzərkən qürurlu bilir. Çünki bu vətənin ətəklərindəki çiçəklər şəhid qoxusu verir. O, çox inamla yazır ki, şəhidlər torpağa əkilmiş saf toxumlardır. Bu toxumlardan, vaxt gələcək, ölməz igidlər törəyəcək. Onlar hansı igidlərin varisləri olduqlarını heç vaxt unutmayacaqlar. Zəka Vilayətoğlunun bu şeirində şəhid obrazı vəton obrazının bir hissəsidir. Vətəndən heç vaxt qopmayacaq,lmayacaq bir hissəsi. Çünki o, öz qəhrəmanının həm uca Tanrının, həm də mələklərin sevimlisi hesab edir, necə ki özünün sevimlisi bilir.

Zəka Vilayətoğlunun  “50 İlin Zəkası” kitabına xeyli şeirləri, o cümlədən qəzəlləri toplanıb. Axı mən qeyd etdim ki, Zəka Vilayətoğlu həm də çox səmimi qələm sahibi olan nasirdir. Bu kitabda onun maraqlı hekayələri də var. Bəzi hekayələri publisistik mahiyyət daşısa da, kifayət qədər bədii çalardan xali deyil.

“50 İlin Zəkası” kitabına Zəka Vilayətoğlu haqqında yazılmış bir neçə məqalə də daxil edilib. Samirə Səmanın, Qalib Şəfahətin, Rauf Məmmədzadənin, Aydın Canıyev və Əhsən Rəhmanlının maraqlı yazıları ruhu oxşayır, oxucu qəlbinə xoş ovqat bəxş edir.  Sözünmün sonunda yenə dostum Əli Rza Xələflinin sözlərinə qayıdıram: “Zəka Vilayətoğlunun mənsub olduğu ocaq, sözün həqiqi mənasında, böyük sənət ocağıdır. Bu ocaqda Ayaz Arabaçı kimi kifayət qədər məşhur bir şair də var. O Zəka Vilayətoğlunun böyük qardaşıdır”. Zənnimcə Zəka Vilayətoğlunun mənsub olduğu çeşmənin hansı gücdə olduğunu anlamaq üçün elə bu sözlər də bəs edər.

Kitabın nəfis şəkildə tərtibatında Mülayim Vəliyevanın və səhvsiz nəşrə hazırlanmasında korrektor Əməl Kərimovanın böyük xidmətlərini mütləq oxucuların diqqətinə çatdırıram.
İnanıram ki, Zəka Vilayətoğlunun, həm musiqi, həm də söz yaradıcılığı haqqında gələcəkdə çox söhbət açılacaq. Onun zəngin mənəvi aləmini yazan müəlliflərin sayı daha çox olacaq. Və gələcəkdə o müəlliflərin yazılarında kitab haqqında ilk qeydlər kimi mənim də yazdıqlarımın xatırlanmağından məmnunluq duyaram.
Zəka Vilayətoğlu bizim dövrün Zəkasıdır!

Şəddad Cəfərov