Sabir Rüstəmxanlı: "Xalqımız iki halal söz yaradıb  - “obaşdan” və “orucaçılan”

Son dönəmlərdə yazılı dilimizdə “obaşdan” əvəzinə “imsar”, “orucaçılan” yerinə “iftar” demək dəbə minib

“Dil, heç bir özəl “göstəriş” olmadan öz normalarını bəlirləyir, ehtiyac duyanda yeni sözlər yaradır və ya qəbul edir, gərəksiz, "bəyənmədiyi" sözləri çıxdaş edir”.

“Sherg.az” xəbər verir ki, bu barədə millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı deyib. 

Deputat bildirib ki, bu, canlı və son dərəcə maraqlı bir inkişaf yoludur: 

“Çevik düşüncə qabiliyyəti olan xalqlar bu prosesdə dilə “yardım” edirlər. Dilin sözyaratma qanunlarına uyğun şəkildə dilə öz “ideyalarını”, yəni yeni sözlər təklif edirlər. Bu, dilin zənginləşmə yollarından biridir. Dilin təbiətinə uyğun olsa, xoşuna gəlsə yeni sözləri söz dağarcığına qəbul edir, “könlünə yatmasa” qəbul etmir. Azərbaycan xalqı müsəlmandır və 1400 ilə yaxındır oruc tutur. Xalqımız iki halal söz yaradıb: - “obaşdan” və “orucaçılan”. Kəndlərimizdə indi də belə deyirlər. Güney Azərbaycanda da belə işlədilir. Ancaq nədənsə son dönəmlərdə yazılı dilimizdə “obaşdan” əvəzinə “imsar”, “orucaçılan” yerinə “iftar” demək dəbə minib. Köhnədən arada iftar vaxtı deyilirdi, lakin “imsar” deyən yox idi. Təkcə söz məsələsi deyil, yabançılara vurğunluq, xaricilərə sitayiş bizim köhnə xəstəliyimizdir, sağalmır ki, sağalmır”.