Ermənistanı məcbur edəcəklər!  - "Qazaxın 7 kəndi və Kərki azad ediləcək" 


“44 günlük savaşından sonrakı qələbəmizin fonunda 10 noyabr Bəyannaməsi çərçivəsində işğalda qalan digər ərazilər də azad edilməli idi. Lakin ermənilər bundan yayınmağa cəhd etdilər”. 

Bu barədə “Sherg.az”a açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini, siyasətçi Tural İrfan deyib. 

Partiya təmsilçisi qeyd edib ki, qələbədən sonrakı danışıqlar prosesində qazanılmış üstünlük artıq sözü gedən ərazilərin də azadlığını labüd edir: 


“Ermənistan artıq dəfələrlə müvafiq sənədləri imzalayaraq bu öhdəlikləri üzərinə götürüb və başqa çıxış yolu qalmayıb. Brüsseldə də görüş baş tutdu. Rəsmi İrəvan bu dəfə də üzərinə düşənlərdən boyun qaçırmağa çalışsa da sonda qəbul etməkdən savayı çarəsi qalmadı. Artıq Azərbaycan tərəfin irəli sürdüyü beş bəndlik prinsipi Ermənistan qəbul edib. Deməli, bu bəndlərə əsasən Ermənistanı məcbur edəcəklər ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə xələl gətirməsin və məsələ sonlandırılsın. Habelə qalan ərazilər Azərbaycana qaytarılsın. 

Çünki ən əsas proses, digər tərəfdaş ölkələrin də maraqlı olduqları layihələrin, ortaq iqtisadi  bağların qurulması məsələsi irəlidədir. Ona görə Ermənistan tələsməyə məcburdur. Paşinyan Brüsseldəki görüşün yekunlarına dair çıxışında Qazaxın 7, Naxçıvanın isə Kərki kəndi ilə bağlı üstü örtülü də olsa danışdı. Kəndlərin adını çəkmədən bildirdi ki, işğal altında saxladıqları Azərbaycan kəndləri ilə bağlı məsələ müzakirə olunacaq və onlar geri qaytarılacaq. Zənnimcə, iki ölkə arasında sülh sazişi imzalanarsa, ərazi bütövlüyünün təmin olunması məsələsi başlıca mövzu olaraq gündəlikdə durarsa, o zaman adıçəkilən kəndlərin Azərbaycana qaytarılması mütləq təmin olunacaq. Əks halda sülh sazişi yarımçıq qalar, yaxud da tərəflərdən birinin digərinə qarşı iddiası təmin olunmamış olar ki, bu halda da qarşılıqlı razılıqdan söz gedə bilməz. Açıqlanan beş prinsip qeyd etdiyimiz məsələlərin kökündən həllini mümkün edir. Son məlumata görə artıq Ermənistan bunu qəbul edib”. 

T.İrfan vurğulayıb ki, Ermənistan daxilində öz hakimiyyətinə qarşı çıxışlardan narahat olan Paşinyanın əhvalı Brüsseldə də pərişan görünürdü: 

“Lakin Azərbaycanın hərtərəfli üstünlüyü, tərəfdaşların razılığı və maraqlı olmaları, eyni zamanda Ermənistanın dalandan xilas olaraq inkişaf etmə ümidləri Paşinyanı ram edən amillərdən sayıla bilər. Ümumiyyətlə, sülhə aparan siyasi proseslər asan olmasa da, qalib dövlət olaraq Azərbaycan artıq bütün çətin mərhələləri keçib. Odur ki, istər Qarabağın ermənilər yaşayan hissələri olsun, istərsə də Qazaxın kəndləri və Sədərəkin Kərki kəndi, hər biri azadlığına və təhlükəsizliyinə qovuşacaq. Təbii ki, Azərbaycan hər cür vəchlə indiyəcən bu əraziləri antiterror və ya digər yollarla qısa zamanda təmizləyə bilərdi. Lakin bu, gedən siyasi danışıqlara, sülh prosesinə, gələcək planlara xələl gətirə bilərdi. Ona görə də ən doğru olan hazırki davamiyyətdir”.