Hamı müəllim, həkim, mühəndis olmalı deyil ki?



“Böyük Qayıdış” zamanı bizə böyük zavodlar, fabriklər, şirkətlərlə yanaşı, fərqli peşələrə yiyələnmiş insanlar da lazım olacaq

"Qarabağın rayonlarına köç edən gənclərimiz fərqli peşələrə yiyələndikcə, bir müddət sonra böyük şəhərlərə, paytaxta qayıtmaq məcburiyyətində qalmayacaqlar"

İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"

İşğaldan azad edilmiş ərazilərdə bərpa işləri uğurla davam etdirilir. Qarabağda aparılacaq quruculuq işləri ölkəmizin həyatına çoxsaylı yeniliklər gətirəcək. “Böyük Qayıdış” keyfiyyətcə yeni həyata qayıdış olacaq. 30 il əvvəl hətta yaşayış üçün ən vacib əşyalarını belə götürməyə macal tapmadan öz evlərini tərk etmiş sakinlər layiqli həyat şəraiti ilə təmin olunmuş müasir kəndlərə və şəhərlərə qayıdacaqlar. Bunun üçün ilk addımlar hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra atılmağa başlayıb. Prezident İlham Əliyev bərpa olunacaq yaşayış sahələrində müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqini xüsusi diqqət mərkəzində saxlayır. Bu isə Qarabağın yaxın gələcəkdə “ağıllı region” kimi dünyada tanınacağına əlverişli şərait yaradır. İşğaldan azad olunmuş bütün yaşayış məntəqələri üçün bərpa və yenidənqurma layihələrinin işlənməsi tikinti-abadlıq işlərinin Qarabağın bütün ərazisində eyni vaxtda aparılacağından xəbər verir. Bunun üçün dövlət tərəfindən nəzərdə tutulmuş vəsaitlərin böyük bir hissəsi artıq icraçı şirkətlər üçün ayrılıb. Yaxın onillikdə Qarabağ ərazisi yerli və xarici şirkətlərin geniş fəaliyyət meydanına çevriləcək. 

Türkiyə, Pakistan və İtaliya şirkətlərinin bir sıra layihələr üzrə fəaliyyətə başlaması bunun əyani göstəricisidir. Əvvəlcə bütün regionda yollar, körpülər, su elektrik stansiyaları, su və qaz təminatı kimi həyati vacib infrastruktur layihələrinin reallaşdırılması nəzərdə tutulur. Erməni barbarlığı nəticəsində 30 ilə yaxın müddətdə Azərbaycanın işğal olunmuş torpaqları ekoloji terrora məruz qalıb, zəngin yeraltı və yerüstü sərvətləri vəhşicəsinə istismar olunub. Regionun meşə örtüyü məqsədli şəkildə məhv edilib, münbit torpaqları, su ehtiyatları ekoloji və radioaktiv çirklənməyə məruz qoyulub. Bütün bunlara baxmayaraq, azad olunmuş ərazilərin minalardan təmizlənməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına maksimum qısa müddətdə qayıtması prioritet hədəflər sırasındadır. 

Şübhəsiz, Qarabağda müasir infrastrukturun qurulması, ən yeni texnoloji vasitələrin tətbiqi ilə yanaşı digər müxtəlif sahələrdə də inkişaf zəruridir. Ələlxüsus, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” prosesi zamanı yaşam üçün həyati əhəmiyyət kəsb edən peşələrin və təcrübəli peşə sahiblərinin olması olduqca vacibdir. Məhz buna görə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mühüm bir addım atıb. Komitədən verilən məlumata görə, məcburi köçkün qadınlar üçün peşə təlimləri keçiriləcək. Bildirilib ki, Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı Ağcabədi, Bərdə və Tərtər Qadın Resurs Mərkəzləri birgə layihə həyata keçirəcəklər. 

Qurumlar “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması” layihəsi çərçivəsində birgə əməkdaşlıq edəcəklər. Birgə fəaliyyət çərçivəsində məcburi köçkün qadınlara hüquqi və psixoloji yardım, kiçik və orta biznes fəaliyyətinə başlamaq istəyənlər üçün isə özünüməşğulluğa dəstək və müxtəlif kursların tədrisi xidmətləri göstəriləcək. Ağcabədi, Bərdə və Tərtər Qadın Resurs Mərkəzlərində (QRM) məcburi köçkünlük statusu olan qadınlara kompüter, dərzilik, şirniyyat, qadın gözəllik salonu və bir sıra sahələr üzrə əyani ilkin peşə bilikləri aşılanacaq. Psixoloji, hüquqi və liderlik kimi seçilmiş sahələr üzrə xidmətlərin eyni zamanda onlayn tədrisi də planlaşdırılır. Qeyd olunub ki, yaşı 18-65 aralığında olan hər bir məcburi köçkün qadın üçün peşə təlimi kurslarının ödənişsiz və mütəmadi təşkili planlaşdırılır. Adıçəkilən tədbirlərdə iştirak etməklə məcburi köçkünlər ilkin peşə bilikləri qazanacaq və növbəti mərhələdə əldə etdikləri əyani təcrübələri gələcək karyeralarında tətbiq edə biləcəklər. Kurslarda iştirak etmək və ya daha ətraflı məlumat almaq istəyənlər aidiyyəti üzrə yaşadıqları ərazinin Qadın resurs Mərkəzlərinin koordinatoru ilə əlaqə saxlaya bilərlər.

Önəmli təşəbbüslə bağlı “Şərq”ə danışan sabiq millət vəkili Həvva Məmmədova peşə təlimlərinin çox vacib olduğunu deyib. Keçmiş deputat xatırladıb ki, torpaqlarımız işğal olunandan qısa zaman sonra qaçqın və məcburi köçkünlərlə bağlı yayılan statistik rəqəmlər göstərirdi ki, təhsil almış insanlar arasında qadınlar çoxluq təşkil edirdi:

 “30 il zaman az deyil, qaçqın və məcburi köçkün ailələrinin tərkibi dəyişib, nə qədər insan dünyaya gəlib. Gənclər ali təhsilə yiyələniblər. Amma hamı eyni deyil. O baxımdan qaçqın və məcburi köçkün ailələri üçün peşə kurslarının təşkili, resurs mərkəzlərinin fəaliyyəti çox önəmlidir. O vaxtlar hər bölgədə, o cümlədən işğal olunmuş ərazilərimizdə də peşə məktəbləri var idi. Ancaq işğal nəticəsində hamısı yerlə-yeksan oldu. Peşə məktəblərində dərs deyən müəllimlərin hərəsi bir yana dağıldı. Qaçqın və məcburi köçkün ailələri də müxtəlif rayonlarda yerləşdirildilər, şəhərciklər, qəsəbələr salındı. Amma onların hamısında ayrı-ayrılıqda texniki-peşə məktəbləri tikmək və istifadəyə vermək mümkünsüz idi. O baxımdan belə resurs məktəblərinin fəaliyyəti olduqca əhəmiyyətlidir. Xanımlarımızın, qızlarımızın müxtəlif peşələrə yiyələnməsi labüddür. Buna ehtiyac böyükdür. “Böyük Qayıdış” zamanı bizə böyük zavodlar, fabriklər, şirkətlərlə yanaşı, fərqli peşələrə yiyələnmiş insanlar da lazım olacaq. Hamı müəllim, həkim, mühəndis olmalı deyil ki? Peşələrimiz də öyrənilməli və gənclərə tədris olunmalıdır”.

H.Məmmədova vurğulayıb ki, “ağıllı” şəhər və kəndlərdə də müxtəlif peşə sahiblərinin olması zərurətdir:

 “Qarabağın rayonlarına köç edən gənclərimiz fərqli peşələrə yiyələndikcə, bir müddət sonra böyük şəhərlərə, paytaxta qayıtmaq məcburiyyətində qalmayacaqlar. Bölgəyə axın sürətlənəcək, yeni iş yerləri yaranacaq. Qaçqın və məcburi köçkünlər arasında istedadlı, qabiliyyətli, bacarıqlı insanlar çoxdur. Onları üzə çıxarmaq baxımından da regional resurs mərkəzlərinin olması vacibdir. “Böyük Qayıdış” üçün əvvəlcədən görüləcək mühüm işlərdən biri də budur. Köç zamanı işsizliyin yaranmaması, başqa problemlərin olmaması üçün peşə sahibi insanların olmasına diqqət yetirmək lazımdır. Hesab edirəm ki, dövlətimizin bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir”.