“Poz qazan” insanların düzənini pozur! – “Qazanan görməmişik”


Xəqani Səfəroğlu:“Normal ölkələrdə satışın 50 faizi uduşa yönəldilir. Bəs bizdə necədir?Uduşa ictimai nəzarət sistemi varmı?!”

Lalə Mehralı:“Bundan da belə nəticə çıxarmaq olar ki, bu, ortaya şirnikləşdirilmiş şəkildə atılan şaiyədir”

 
Son zamanlarda Azərbaycanda “poz-qazan” lotoreya oyunları məşhurlaşıb. Ən çox metro çıxışlarının yaxınlığında satılır. Böyükdən-kiçiyə hər yaşda insan bunu alır.
Əhali “Qızıl 4”, “Şans ulduzu” və “Brilliant” lotereyalarına daha çox önəm verir. Qiymətləri isə, 1,2 və 5 manat dəyərində olur.

Uduşlar müşahidə olunub, lakin bu, nadir hallarda baş verir. Vətəndaşlar xeyli miqdarda pul mükafatı əldə edəcəklərini zənn etsələr də, aldanırlar. Nəticədə nəzərə çarpacaq qədər itirlən xərclər var. Yalnız bununla əlaqədar olan müəssisə qazanır.

Qeyd edək ki, işsizliyin tüğyan etdiyi bir vaxtda insanlar bu kimi oyunlara daha çox meyil edir. Sonda da xəyal qırıqlığı ilə qarşılaşır, peşman olurlar. Hətta, bu səbəbdən ailələr dağılır. Bir sözlə, onların həyat düzəni dəyişir.

“Sherg.az” xəbər verir ki, “Azpost.info”nun baş redaktoru, jurnalist Xəqani Səfəroğlu “poz qazan” lotoreya oyunları ilə bağlı münasibət bildirib:

“Sosial şəbəkədə Bakıda müxtəlif lotereya oyunlarına qarşı aqressiv münasibəti anlamaqda çətinlik çəkirəm. "Poz qazan!" və s. bu tipli lotereyaların kütləvi alışına qəzəbli reaksiyalar qəribədir.
Belə stimullaşdırıcı oyunlar bütün dünyada populyardır. Bu oyunlar "varlı" və "kasıb" üçün bölünmürlər.
SSRİ -də hər bir nümunəvi vətəndaş hökmən 5, 10, 20 lotereya alırdı. Bazarda olanda isə, hökmən 1 manata satılan "Sprint-lotereya" cırırdı. Heç kim də buna dəhşətlə baxmırdı”.
“Bəs indi bu qəzəb nə ilə bağlıdır?” sualına gəlincə, həmkarımız qeyd edib ki, ABŞ-da, Avropa ölkələrində populyar olan çoxlu lotereya oyunları var:
“Amerikada ötən il Powerball lotereyasında bir vətəndaş 700 milyon dollar cek-potu udmuşdu. Lotereyaya marağı "axmaq kasıbın var-dövlət axtarması" arzusu kimi lağlağı etmək yersizdir. Məsələ başqadır.
Lotereya əleyhdarları ironiyadansa "Azərlotereya"nın uduş fondunun necə paylanması barədə sual versinlər. Normal ölkələrdə satışın 50 faizi uduşa yönəldilir.

Bəs bizdə necədir?

Uduşa ictimai nəzarət sistemi varmı? Lotereyalardan yığılan pullar sosial yardım layihələrinə sərf edilirmi? Vergi əməkdaşları uduşlara necə nəzarət edirlər? Rəqəmlərin hallandırılması necə aparılır?
İnsan övladı isə, şansını və bəxtini sınamağa həmişə həvəsli olur”.

 Lotoreya oyunları ilə bağlı “Sherg.az”a mənfi münasibət göstərən sosioloq Lalə Mehralı vətəndaşların özündə günah görüb:

“Ümumiyyətlə, şans oyunlarında bizdən biri olaraq hələ külli miqdarda pul qazanan birini görməmişik. Bəzən deyirlər, 10 və ya 25 min kimsə qazandı. Amma şəxsin kimliyi açıqlanmır. Həmin insanlar kiminsə qohumu, qonşusu, tanışı və s. olmur. Naməlum olaraq qalır. Bundan da belə nəticə çıxarmaq olar ki, bu, ortaya şirnikləşdirilmiş şəkildə atılan şaiyədir. Bu oyunun rəhbərləri tərəfindən atılan aldatmacadır. Təəssüf, insanlar son qəpiyənəcən verir. Bu, qumar oyunudur. Həm dini, həm də mənəvi baxımdan normal olmayan vəziyyətdir. Bu gün pulu lotoreyaya xərcləyir. Sabah olanda da çörək ala bilmir. Sonra da dünəni üçün özünü qınayır. Gərək əvvəlcədən dərrakə və məntiq işlədəsən ki, mən kimlərə inanıram? 

"Top.az" tipli oyunları da buraya əlavə etməliyik. Bunlar insanların diqqətini boşuna cəlb etmək üçün atılan addımdır".