“Kombi sərf etmir” - Dövlət qurumundan evlərdə istilik sistemləri ilə bağlı AÇIQLAMA

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti yeni yaşayış binalarında fərdi istilik sistemlərindən (kombi) istifadənin məhdudlaşdırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məhəlli istilik sistemlərinin istismar xərclərinə mütəmadi texniki xidmət daxildir və təcrübə göstərir ki, bu sistem 20-25 il xidmət göstərir:

“Fərdi sistemlərinin istismar müddətinin ən yaxşı halda 8-10 il qəbul edildiyi halda, məhəlli sistemlə 2,5 dəfə fərq edir. Başqa sözlə, 8-10 ildən bir fərdi sistemlər dəyişdirilməlidir. Məsələn, orta hesabla mənzildə kombi sistemi 10 ildən bir dəyişdirildiyi halda, bu xərclər ən azı 2 600 manat təşkil edəcək.

Ən müasir avadanlıqların quraşdırıldığı məhəlli tipli mərkəziləşdirilmiş istilik təchizatı sistemində yanacağın bir yerdə yanması baş verdiyi halda, fərdi istilik sistemlərində ətraf mühiti çirkləndirən çoxsaylı mənbələr mövcuddur. Eyni zamanda, xidmətin aşağı səviyyəsi, qaz təhlükəsizliyi səviyyəsində müxtəlif təsirlərin mövcudluğu, yanğın, istismar və təhlükəsizlik qaydalarına əməl olunmaması bədbəxt hadisələr riskini artırır. Qazla işləyən fərdi sistemlərin bilavasitə mənzillərdə quraşdırılması, bir çox hallarda balkon və eyvanların sakinlər tərəfindən bağlanması, küləyin istiqaməti və gücündən asılı olaraq, tüstü qazlarının birbaşa mənzilə yayılma riski mənzillərdə oksigenin azalması nəticəsində sağlamlığa ciddi ziyan dəyə bilər”.

Qurumdan qeyd edilib ki, fərdi sistemlərin quraşdırılması və istismarı göründüyü kimi o qədər də ucuz başa gəlmir:

“Əgər binada yaşayanların hamısının fərdi sistem quraşdırmağa imkanı yoxdursa, bu halda digər istehlakçıların istilik təchizatında ciddi problemlər yaranacaq. Başqa sözlə, mərkəzləşdirilmiş istilik binanın bütün mənzillərinə verilə bilmədiyi halda effektli ola bilməz. Bütün bina sakinləri tərəfindən fərdi sistemlər quraşdırılmadığı və mərkəzləşdirilmiş istilik təchizatı olmadığı halda binanın energetik balansı pozulacaq ki, bu da son nəticədə yaşayış fondunun aşınmasını sürətləndirəcək”.

“Fərdi istilik sistemlərində istilik şəbəkələri olmadığından istilik itkiləri çox cüzidir. Lakin binaların istilik izolyasiyasının lazımi səviyyədə olmaması, enerjidən səmərəli istifadə tədbirlərinin görülməməsi, binaların özünün ümumilikdə istilik mövsümünə hazırlanmaması, (zirzəmilər, dam örtüyü, girişlərdə şüşələnmə, qapılar və s.) istilik sisteminin növündən asılı olmayaraq istilik itkilərinə səbəb olur. Müqayisə müasir enerji effektiv avadanlıqlar quraşdırıldığı halda nəzərdə tutulur.

Kütləvi şəkildə fərdi istilik sistemlərinin quraşdırılması yaşayış binasının qaz və elektrik təchizatı sistemlərinin yüklənməsinə səbəb olmaqla binanın təchizatına birbaşa olaraq təsir edir. Məhəlli tipli mərkəzləşdirilmiş istilik təchizatı sistemləri quraşdırılarkən elektrik və qaz təchizatı üçün tələbata uyğun texniki şərtlər verilir ki, bu da yaşayış binasının təchizatına təsir etmir.

Göründüyü kimi, müxtəlif istilik təchizatı variantlarının müqayisəli təhlili üçün qəbul edilən 10 müqayisə kriteriyasından 8-də fərdi istilik sistemlərinin göstəriciləri məhəlli tipli mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin göstəricilərindən geri qalır. Ən vacib məsələ isə iqtisadi səmərədən də çox təhlükəsizlik, insan sağlamlığı və ətraf mühitin qorunması amilləri ilə bağlıdır”, - deyə əlavə edilib. 

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov yeni yaşayış binalarında fərdi istilik sistemlərindən istifadə ətraf mühitin çirklənməsinə səbəb olduğu üçün ondan istifadənin məhdudlaşdırlması ilə bağlı çağırış etmişdi.