Mütəxəssislər həyəcan təbili çalır – Miqrasiya problemi gündən-günə aktuallaşır



Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunda “Miqrasiya problemlərinə yeni baxış: COVİD-19 pandemiyasından əvvəl və sonra” adlı növbəti tədbir baş tutub.

"Şərq" qəzeti xəbər verir ki, tədbirdə AMEA və onun Coğrafiya İnstitutunun əməkdaşları, media nümayəndələri, Sosial Tədqiqatlar Mərkəzinin nümayəndəsi, həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyinin layihə meneceri Yuliya Rıjix iştirak edib.

Tədbir AMEA Coğrafiya İnstitutunun “Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin aparıcı elmi işçisi Rövşən Kərimovun giriş sözü ilə başladı. Rövşən Kərimov tədbir işitirakçılarını təqdim edərək söylədi ki, Coğrafiya İnstitutu Avropa Komissiyasının “Horizon-2020” Proqramı çərçivəsində Azərbaycanda ilk dəfə olaraq tədqiqat və innovasiya tipli layihə qazanmış qurumdur. “Horizon-2020” Proqramında Avropa Birliyinin maliyyə dəstəyini almaq çox çətin prosesdir. Biz uzun illərin zəhməti və təcrübəsi sayəsində bu proqramda qalib olduq. Proqramda iştirak etmək üçün Avropa Birliyi ölkələrinin ən azı 3 qurumu konsorsiumda təmsil olunmalıdır. “Miqrasiya problemlərinə yeni baxış: COVİD-19 pandemiyasından əvvəl və sonra” adlı tədbirimiz məhz həmin qalib layihənin praktik fəaliyyətlərinin tərkib hissəsidir. Biz bu layihə çərçivəsində rayonlarda olmuşuq. Sonuncu tədbirimiz İsmayıllı rayonunda baş tutdu. Tədbirdə miqrasiyaya səbəb olan problemlər kənd icmaları ilə müzakirə olundu. Bu gün təşkil etdiyimiz görüş ikinci tədbirdir, 3-cü tədbirimiz isə İtaliyada baş tutacaq”. 

AMEA-nın Elmi-təşkilat idarəsinin rəisi Rüstəm Rüstəmov məsələnin Azərbaycan üçün çox əhəmiyyətli olduğunu, burada məqsəd təkcə layihənin udulması deyil, eyni zamanda Avropaya inteqrasiyamızın da  vacib məsələlərdən biri olduğunu söylədi. 

“Regionlardan köçən insanlar ən çox Abşeron rayonunda məskunlaşırlar”

AMEA Coğrafiya İnstitutunun baş direktor vəzifəsini icra edən Zakir Eminov layihələrin daha çox olması üçün daimi işlər getdiyini söylədi: “Miqrasiya problemi bu gün də öz aktuallığını saxlayır. Biz zamanla problemin daha da artdığını müşahidə edirik. Əhalinin kənddən şəhərə köçməsinin əsas səbəbi həyat şəraitinin yaxşılaşmasının zəruriliyi ilə bağlıdır. Bu gün biz nümunə olaraq Ukraynanı göstərə bilərik. Qeyri-rəsmi məlumatlara görə, 4 milyon insan Ukraynanı tərk edib. Neçə illərdir ki, Yaxın Şərq regionu qazan kimi qaynayır. Suriya, İraq, Şimali Afrika, Əfqanıstan və Pakistanda terror hücumları, silahlı insidentlər nəticəsində çoxlu insan öz daimi yaşayış yerini tərk edib. Miqrasiya problemi Azərbaycan üçün də çox aktual bir mövzudur. Ötən əsrin 90-cı illərində Azərbaycan torpaqları işğal olunduğu üçün insanlar məcburi olaraq daimi yaşayış yerini tərk etdilər. Bu da əhalinin sayına ciddi təsir göstərdi. Bu problem həll olunsa da, ölkə daxili miqrasiya hələ də öz aktuallığını saxlayır. Regionlardan köçən insanlar kütləvi surətdə Abşeron rayonunda məskunlaşmışlar. Miqrasiya problemlərini həll etmək üçün dövlət səviyyəsində layihələr hazırlanıb hökümətə təqdim edilməlidir”.

“Pandemiya başlayana qədər miqrantların sayı hər növbəti il əvvəlkindən daha da artırdı”

Rövşən Kərimov söylədi ki, bayaq haqqında danışdığı “Miqrant agentliyi üçün tarixlərin və arxivlərin əlaqələndirilməsi: Avropa və Aralıq dənizi regionu üzrə qarışıq təsvirlər” adlı qalib qrant layihəsində Avropa Birliyinin 11 qurumu iştirak edir. Bunlara Azərbaycanla yanaşı İtaliya, Fransa, Niderland, Yunanıstan, İsveçrə, Mərakeş, Tunisdən olan universitet və instututlar aiddir. Layihədə qitələrarası miqyasda baş verən miqrasiya problemlər öyrənilir və araşdırılır: “İnsanların yaşadıqları yeri tərk etməsinin bir neçə səbəbləri var. Biz sorğu keçirəndə bəzən müşahidə edirik ki, insanlar öz yaşayış yerindən razıdır, lakin daha yaxşı yaşamaq üçün başqa yerlərə köçürlər. Bu gün hətta inkişaf etmiş bir ölkədən digər ölkəyə miqrant axınları müşahidə olunur. Hazırda Avropadan Amerikaya, Avropanın bir ölkəsindən digərinə insanlar köç edir. Bəzən miqrantlar səhiyyə sisteminin daha yaxşı olduğu ölkəyə köçüb gedirlər. Əlbəttə, miqrantları köçməyə sövq edən əsas səbəb insanların öz yaşayışından narazı olması və başqa yerdə maddi qazancının artırmaq arzusudur.

Dünyada miqrantların sayı 250 milyon nəfəri ötüb. Hər gün bu rəqəm daha da artır. Avropa ən çox mühacir qəbul edən regiondur. Bura miqrant axınlarının siyasi və iqtisadi səbəbləri var. İnsanlar hərbi əməliyyatlardan, etnik təmizləmələrdən, siyasi təqiblərdən qaçaraq Avropaya sığınır. Bu qitəyə miqrant axını ən çox Asiya, Afrika və Amerikadan müşahidə olunur. Bu gün köç etmək daha da çətinləşib, çünki bir çox ölkə miqrasiya ilə bağlı qanunlarını sərtləşdirib. Pandemiya başlayana qədər miqrantların sayı hər növbəti il əvvəlkindən daha da artırdı. Son 20 ildə viza rejiminin yüngülləşməsi, sərhədlərin açılması, globallaşma kimi amillər insanların daimi yaşayış yerindən köç etməsini daha da sürətləndirmişdir. 30 il əvvəl çinlilər heç yerə səyahət etmirdilərsə, artıq dünyanın hər yerində çinli turistlərə rast gəlmək olar. Əvvəllər yalnız kişilər daha çox miqrasiya edirdisə, indi onlara digər ailə üzvləri də qoşulub. Ən çox köç müşahidə olunan ölkələr sırasında urbanizasiya prosesinin getdiyi bir neçə ölkəni də nümunə göstərmək olar. Məsələn, Səudiyyə Ərəbistanı kimi urbanizasiya prosesi gedən ölkələrdə yeni ərazilər mənimsənilir və işçi qüvvəsinə böyük ehtiyac yaranır”. 

“Miqrantların həyat səviyyəsi köç etdikləri ölkədə yerli əhalidən yüksək olur”

Rövşən Kərimov onu da əlavə etdi ki, insanlar həm də köçdükləri ölkədən öz ölkələrinə pul köçürürlər: “Tacikistan və Qırğızıstan kimi ölkələrin ümumdaxili məhsulunun ən azı 25-30%-i Rusiyada yaşayan qırğız və taciklərin köçürdüyü vəsaitlər hesabına formalaşır. Miqrantlar daha çox bacarıqlı adamlar olur, ona görə də məskunlaşdıqları ölkələrdə onların yaşayış səviyyəsi yerli əhaliyə nisbətən daha yüksək olur. Amerikakı Hindistan mənşəlilərin 70 faizinin bakalavr diplomu olduğu müəyyən edilib. İnkişaf etmiş ölkələrdə şəhərdən kəndə də miqrasiya müşahidə edilir. Buna səbəb həmin kəndlərdə xidmət sahələrinin inkişaf etməsidir. Daha çox miqrant qəbul etmiş olan qabaqcıl iqtisadiyyata malik ölkələrdə COVİD-19 pandemiyası özünü daha kəskin büruzə vermişdir. Avropada yaşamaq üçün müraciət edərək müsbət cavab almış azərbaycanlıların 40%-dən çoxu Almaniyaya üz tutub”.  

Xəzər Universitetinin “Coğrafiya və ətraf mühit” departamentinin rəhbəri Rövşən Abbasov bildirdi ki, insanlar kənddən şəhərə köçdükdən sonra öz yaşayış yerlərini kənd qeydiyyatında saxlayırlar: “Əvvəllər şəxsiyyət vəsiqəsini yalnız yaşadığın yerdən almaq olurdusa, indi istənilən yerdən müraciət edib almaq olur. Kənddən şəhərə təhsil almağa gələn oğlan uşaqları isə yeni məskunlaşdıqları yerdə hərbi xidmət keçmək üçün öz yaşayış yerləri kimi kənd qeydiyyatını saxlayırlar”.

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Elnarə Qəribova isə “COVID-19 pandemiyası ilə qloballaşma, insan mobilliyi və beynəlxlaq hüquqi öhdəliklərlə ziddiyyət” mövzusunda apardığı araşdırmanın nəticələrini təhlil edərək, miqrasiyanın sosial aspektləri, miqrantların hüquqları və onların getdikləri ölkələrdə giriş icazəsini almaqla bağlı üzləşdikəri çətinliklər, həmçinin ölkədaxili miqrasiya məlumatlarının əlçatanlığı, təhsil almaq imkanları ilə miqrasiya arasındakı əlaqə kimi problemlərə toxunub

Xəzər Universitetinin “İqtisadiyyat” departamentinin və Miqrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Ceyhun Məmmədli qeyd etdi ki, “Biz öz tədqiqatımızda miqrasiya prosesini müəyyən edən faktorları modelləşdirmişik. İş tapmaq üçün sərf olunan xərclərin həcmi yeni iş yeri axtaranların sayının miqrantları qəbul edən ölkənin əhalisinə nəzərən, həmçinin onların öz ölkələrində nail ola biləcəkləri əmək haqqının dərəcəsinə mütənasib surətdə yüksəlir. İqtisadiyyatın diversifikasiyalaşması ilə miqrasiya arasında asılılıq vardır. İqtisadiyyatımızın çoxşaxəli olması, həmin sahələrdə işgüzar fəaliyyətlərin artması iş yerlərinin yaranmasına səbəb olur və əmək miqrasiyasını zəiflədən amildir. İnsanların xaricə miqrasiya etmə qərarları iqtisadi proseslərə, məsələn, neftin qiymətinin dəyişməsinə, qeyri-neft sektorundakı inkişafa həssaslıq nümayiş etdirir”.  

“Bir milyona yaxın azərbaycanlı Türkiyədə sənədsiz yaşayır”

AMEA Coğrafiya İnstitutunun “Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin aparıcı elmi işçisi Hicran Tahirova söylədi ki, 1989-cu ilə kimi regionlardan miqrasiya olmayıb: “1989-cu ildən sonra miqrasiya göstəricilərində artım müşahidə edilib. 90-cı illərin iqtisadi çətinlikləri insanların köçünü daha da sürətləndirdi. Son dövrlərdə ölkədaxili miqrasiya proseslərində qadınların sayı artıb. 90-cı illərdən 2003-cü ilə kimi miqrasiyada kişilər daha çox rol oynamışdısa, 2003-cü ildən sonra qadınların rolu artıb. Biz qeyri-rəsmi məlumatlar əsasında regionlarda Türkiyə vətəndaşları ilə ailə quraraq Türkiyəyə köçən qadınların sayının daha da artdığını müəyyən etdik. Boşanmış qadınların ikinci dəfə Azərbaycanda ailə qurma şansı çox aşağı olduğu üçün rayonlardan Türkiyəyə köç edənlər arasında üstünlüyü həmin qadınlar təşkil edir. Həmçinin Azərbaycana miqrasiya edən insanlar arasında da üstünlüyü qadınlar təşkil edir. Xaricdə yaşayan azərbaycanlı kişilər həmin ölkədələrdəki qadınlarla evlənib onları Azərbaycana gətirirlər. Quba, Xaçmaz, Sabirabad və Ağstafa kimi rayonlarda bu hallar daha çox müşahidə olunur.  Qeyri-rəsmi məlumatlara görə, hazırda 1 milyona yaxın azərbaycanlı Türkiyədə sənədsiz yaşayır. Bunlar arasında üstünlüyü Türkiyə vətəndaşları ilə ailə quran xanımlar təşkil edir. Türkiyə vətəndaşları ilə ailə qurub Türkiyədə yaşayan qadınların əksəriyyətinin vəziyyəti çox acınacaqlıdır. Onların heç birinin sənədi olmadığı üçün uşaqlarını məktəbə göndərə bilmirlər”.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyinin layihə meneceri Yuliya Rıjix tədbirə dəvət olunduğu üçün təşəkkürünü ifadə etdi. O, seminarda müzakirə olunan məsələlərin çox aktual olduğunu vurğuladı. “Bu günkü görüşdə qeyd olunan məsələlər məndə böyük maraq doğurdu. Çıxış edənlər vacib məsələlərə toxundular. Coğrafiya İnstitutunun miqrasiyaya dair gələcək görüşlərində də iştirak emək istərdim”.

Nəcməddin Quluzadə