“Kafe və restorana “Şuşa” adının verilməsi məni çox incidirdi”

“Amma indi Şuşamız azaddır. Və hesab edirəm ki, bundan sonra Şuşanın adından sui-istifadə hallarının qarşısı alınmalıdır”

“Şuşa adıyla bağlı hansısa mükafat da bu şəhər uğrunda can verən, can verməyə hazır olanlara təqdim olunmalıdır”


Milli Məclisdə Şuşa şəhəri ilə bağlı iki mühüm qərar qəbul edilib. Bunlardan biri Şuşa adından istifadə qaydası, digəri isə şəhər ərazisində tikinti, memarlıq və şəhərsalma fəaliyyətinə dair tələblərin sərtləşdirilməsidir. Hər iki məsələ “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanuna təklif edilən dəyişikliklərdə əksini tapır. Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının qanunları ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallar istisna olmaqla, aşağıdakı hallarda “Şuşa” sözündən (“Şuşa” sözü olan söz birləşməsindən) istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə yol verilir: hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında; mükafatların və təltiflərin adlarında; yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında; kommersiya və reklam məqsədilə; əmtəə nişanlarında və coğrafi göstəricilərdə. Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Tikinti qaydalarıyla bağlı dəyişikliyə görə isə Şuşa şəhərinin ərazisində inşaat, bərpa, təmir, təmizlik, yaşıllaşdırma, abadlaşdırma, təsərrüfat və ya hər hansı başqa işlər aparılarkən abidə aşkar edildikdə aparılan iş dərhal dayandırılmalı, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğuna məlumat verilməlidir. Bu halda işlərin davam etdirilməsi barədə qərar Şuşa şəhəri Dövlət Qoruğu tərəfindən qəbul ediləcək. Təklif olunan bu dəyişiklik də müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Hə iki məsələ ilə bağlı “Şərq”ə fikrini bildirən əslən Şuşalı həmkarımız, peşəkar jurnalist Kəmalə Cahidqızı qeyd etdi ki, qanuna edilən dəyişikliklər zərurətdən doğur: 

- Qanuna edilən hər iki dəyişiklik Şuşanın maddi və mənəvi qorunması məqsədi daşıyır. Şuşanın onsuz da hər qarışı tarixdir, hər qarışı bir abidədir. Şuşada hansı daşı qaldırsan, altından bir tarix boylanacaq. Bu mənada Şuşada aparılacaq tikinti işləri zamanı tarixiliyin qorunması vacibdir. Şuşada tikintilər elə aparılmalıdır ki, şəhərin  görünüşünə, təbii gözəlliyinə, relyefinə xələl gəlməsin. Şuşa həm də qoruqdur. Deməli, onu göz bəbəyi kimi qorumalıyıq. Məlumdur ki, hazırda dünyanın gözü Şuşadadır. Xarici investorlar da ora sərmayə qoymağa can atır, həmçinin yerli sahibkarlar, iş adamları. Şuşaya bu dərəcədə diqqət, həvəs, canatma olduğu bir zamanda dövlətimiz tamamilə doğru olaraq şəhərin mühafizəsini, tarixiliyin qorunmasını vacib sayır. Hesab edirəm ki, Milli Məclisdə qəbul olunan qərar Şuşanın qorunmasına yönəlmiş mühüm sənəddir. 

K.Cahidqızı bildirdi ki, Şuşa adında sui-istifadə halları 28 illik işğal dövründə onu çox incidib: 

- Şuşa işğal altında saxlandığı illərdə hansısa restorana, kafeyə, iaşə obyektinə, mədəni mərkəzə “Şuşa” adının verilməsi, etiraf edim ki, məni çox incidirdi. Bir tərəfdən bunu anlayışla qarşılamağa çalışırdım. Düşünürdüm, bəlkə insanlar bununla ağrılarını, niskillərini dəf etmək istəyir, Şuşa adını yaşatmağa çalışır, unudulmasını istəmirlər. Amma Şuşanı unutmaq olardımı?!. Əsla! Yenə də bəzən anlayış göstərməyə çalışırdım. Amma Şuşamız artıq azaddır. Və hesab edirəm ki, bundan sonra Şuşanın adından sui-istifadə hallarının qarşısı alınmalıdır. İnsanların həssaslığından kimlərsə gəlir məqsədilə istifadə etməməlidir. Şuşa adıyla bağlı hansısa mükafat da bu şəhər uğrunda can verən, can verməyə hazır olanlara təqdim olunmalıdır. Şuşada yaxşı olar ki, tədbirlər də dövlət səviyyəsində keçirilsin. Bu, Şuşanın beynəlxalq aləmdə tanınması, həm də planlı bərpası üçün əhəmiyyətli olacaq.