Aliment Fondunun yaradılması şərtdir

Öhdəliyindən boyun qaçıran ataların əvəzinə dövlət gələcəyin vətəndaşına arxa çıxmalı, ona ata olmalıdır

"Uşaqlıq illərinin çətin vəziyyəti və ananın problemlərlə baş-başa qalması ikinci dəfə uşağın psixologiyasını sarsıdır"

   Son günlər sosial şəbəkələrdə vətəndaş cəmiyyəti institutlarının Aliment Fondunun yaradılması ilə bağlı paylaşımları diqqət çəkir.
Düzdür, bu təşəbbüs zaman-zaman ciddi müzakirə mövzusu olub. Lakin bu istiqamətdə irəli sürülən təkliflərin  reallaşdırılmasına dair ciddi addımlar atılmayıb. 

Aliment Fondunun yaradılması ilə bağlı budəfəki təşəbbüs qrupunun rəhbəri Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Fəxrəddin Həsənzadədir.  Qrup rəhbərinin fikrincə, bu gün Aliment Fondunun yaradılması sosial baxımdan həssas qrupdan olan uşaqların və onların himayəsində olduqları şəxslərin həyatında müsbət dəyişikliyə səbəb olacaq. Burada vacib məqam dövlətin öz gələcəyi saydığı övladlarına sahib çıxması və valideynlərin övlad qarşısında məsuliyyətli olmalarına çağırış etməkdir: 

“Uzun illər BMT-nin Uşaq Fondunun “Uşaqlar üçün Yuvenal Ədliyyə” layihəsinin rəhbəri və onlarla eyni məzmunlu məhkəmədə aliment huquqlarının təmin olunması iddialarında maraqlı tərəf qismində iştirakçı kimi deyə bilərəm ki, bu sahədə ədalətli mexanizmin yaradılması vacib amildir. Kifayət qədər imkanı, mülkü, maşını, hər bir şəraiti olan valideynlər bütün sadalanan əmlakların öz adlarında olmadığını və onlara məxsus olmadığını, heç bir yerdə çalışmadıqlarını əsas gətirərək alimentin ödənilməsindən imtina edirlər. Lakin təklif olunan Aliment Fondu mexanizmi çərçivəsində dövlət bu alimenti uşağa verərək onun ümdə maraqlarını təmin edir və məsuliyyətli tərəfi dövlətin pulunu geri qaytarmağa dəvət edir. Daha sonrakı mərhələdə həmin şəxsin işsiz olduğu üzə çıxarsa, onları ictimai işlərə cəlb edərək borc öhdəliyinin aradan qalxması təmin edilir. Bütün sadalananlardan imtina edən şəxs isə məsuliyyətə cəlb olunmalıdır”. 

   Aliment Fondunun yaradılması ilə bağlı təşəbbüsə qoşulan QHT nümayəndəsi, Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Fədai “Şərq”ə açıqlamasında deyib ki, dövlət bütün hallarda öz vətəndaşına sahib çıxmalıdır. Ata himayəsindən məhrum uşaqların sağlam gələcəyi üçün Aliment Fondunun yaradılması vacibdir: 

“Ümid edirik ki, Fəxrəddin Həsənzadənin təşəbbüsü ətrafında birləşməyimiz tezliklə öz nəticəsini verəcək. Bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Bəzi atalar boşanma zamanı sadəcə həyat yoldaşlarından deyil, doğma övladlarından da ayrılır, bütün öhdəliklərini, atalıq məsuliyyətlərini unudurlar. Bu zaman da tərəflər arasında ziddiyyətlər, çəkişmələr, qarşılıqlı ittihamlar  başlayır. 

Nədənsə, aliment məsələsində cəmiyyət emosional münasibət göstərir. Dövlət isə cəza kəsməklə öz öhdəliyini yerinə yetirmiş hesab olunur. Halbuki, bu cür mübahisəli məsələlərdə dövlət birbaşa proseslərə müdaxilə etməli və öz konsepsiyasını irəli sürməlidir. Bu konsepsiya isə birmənalı olaraq ehtiyac içində olan kimsəsiz qadınlarımız və onların övladlarının maraqlarını müdafiə etməli, öz vətəndaşına sahib çıxmalıdır.  Hesab edirəm ki, öhdəliyini yerinə yetirməyən ataların əvəzinə dövlət gələcəyin vətəndaşına arxa çıxmalı, ona ata olmalıdır. Bunun üçün də Aliment Fondunun yaradılması əsas şərtdir”. 
Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva da bu təşəbbüsü dəstəkləyənlər arasındadır: “Valideynlər  ayrıla bilər, amma bu onları valideyn məsuliyyətindən azad etmir. 

Övladınız qarşısında məsuliyyətiniz həm də alimentdən boyun qaçırmamağınızdır. Düşünürəm ki, Aliment Fondunun yaradılması bu sahədə yaranan problemlərin həllinə kömək etməklə, valideynlərin daha məsuliyyətli olmasına gətirər. Çünki valideynləri ayrıldıqda bundan əziyyət çəkən hər zaman uşaqlar olur. Uşaqlıq illərinin çətin vəziyyəti və ananın problemlərlə baş-başa qalması ikinci dəfə uşağın psixologiyasını sarsıdır. Bu isə gələcəkdə uşağın həyatında izsiz ötüşmür. Atalar bu fəsadları düşünmədən addım atır. Dünyaya gələn vətəndaş üçün hər iki valideyn məsuliyyət daşıyır və daşımalıdır. Məhz bu səbəbdən Aliment Fondunun yaranması çox önəmlidir”.

Mərkəz rəhbərinin fikrincə, aliment uşağın haqqıdır, onun saxlanması üçün olan tələbdir:

 “Ona görə də aliment mütləq şəkildə ödənilməlidir. Təbii ki, Azərbaycan qanunlarına əsasən bu məsələdə ədalətli qərarlar çıxarılır, aliment ödəməkdən yayınan belə valideynlər inzibati və ya cinayət məsuliyyətinə cəlb edilirlər. Amma düşünürəm ki, övladları qarşısında məsuliyyətini dərk etməyən belə ataların islah olunması da çətin məsələdir. Boşanan kimi sanki azadlıq qazanan belə şəxslər övladlarını, onların gələcəyini görməzdən gəlməməlidir, uşaqlarını tək ananın himayəsinə buraxıb onları çətinliklərlə üz-üzə qoymamalıdır. Uşaqlara belə münasibət yolverilməzdir. Son olaraq həyatını xüsusi qayğıya ehtiyacı olan övladının şəxsi inkişafına həsr edən, onun cəmiyyətə inteqrasiyası üçün illərlə mübarizə aparan və uğurlu nəticəyə nail olan bir ana kimi valideynlərə müraciət edirəm: Övlad dünyaya gətirən valideyn onun sağlam və sevgi ilə böyüməsi, maddi ehtiyaclarının qarşılanması, şəxsi inkişafı, təhsili, şəxsiyyət kimi cəmiyyətdə yer tutması üçün məsuliyyət daşıyır. 

Bu məsuliyyətdən yayınmayın. Ər-arvad olaraq bir yerdə yaşamasanız da övladınıza, adınızın qarşısında olan “valideyn” statusunun müqəddəsliyinə hörmət edin! İnanıram ki, uğurlu və vacib nüanslara toxunaraq, layihənin gerçəkləşməsinə nail olmaq mümkündür”.