Azərbaycanda "İnsan Hüquqları Aylığı" elan olunub


Əliməmməd Nuriyev: "Yaxşı olardı ki, vətəndaş cəmiyyəti ilə dövlət orqanları arasında açıq qəbullar - “Açıq qapı” və “Açıq mikrofon” aylığı da olsun

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması 

Azərbaycanda "İnsan Hüquqları Aylığı"nın elan olunmasıyla bağlı İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dövlət və yerli özünüidarə orqanlarına, elm, təhsil və tibb müəssisələrinə, vətəndaş cəmiyyəti institutlarına müraciəti yayılıb. Müraciətdə deyilir: "Məlum olduğu kimi, Azərbaycanın müxtəlif inkişaf mərhələlərində insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına xidmət edən bir sıra strateji əhəmiyyətli sənədlər - dövlət proqramı, milli fəaliyyət planı və proqramı hazırlanıb və təsdiq edilərək icra olunub. 

Böyük ehtiram hissi ilə qeyd etmək lazımdır ki, ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində təsdiq edilmiş və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunub. Bunu nəzərə alaraq ölkə başçısı cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd edilir. 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, həmin əlamətdar gün ərəfəsində ölkədə “İnsan Hüquqları Aylığı” (18 may - 18 iyun 2022-ci il) elan edirəm. Bununla əlaqədar dövlət və yerli özünüidarə orqanlarına, elm, təhsil və tibb müəssisələrinə, vətəndaş cəmiyyəti institutlarına, o cümlədən qeyri-hökumət təşkilatları və mediaya müraciət edərək təşəbbüsümüzə qoşulmaqla Aylıq çərçivəsində insan hüquqlarına həsr olunmuş silsilə tədbirlər təşkil etməyə çağırıram. 

Hər il olduğu kimi builki Aylığın da elan olunmasında əsas məqsəd insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək, əldə olunmuş nailiyyətlər barədə ictimaiyyəti məlumatlandırmaq, mövcud problemlərin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən etmək, habelə əhalinin hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək, ayrı-seçkiliyin yolverilməzliyinin zəruriliyini diqqətə çatdırmaqdan ibarətdir. Təqdirəlayiq haldır ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması istiqamətində dövlət səviyyəsində həyata keçirilən profilaktik və mübarizə xarakterli təxirəsalınmaz tədbirlər öz müsbət nəticəsini verib və ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejiminin mərhələli şəkildə yumşaldılması prosesi həyata keçirilməkdədir. 

Bu baxımdan artıq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş müvafiq qərara əsasən bütün kütləvi tədbirlərin keçirilməsinə icazə verildiyini nəzərə alaraq hesab edirəm ki, hüquqi maarifləndirmə tədbirləri həm ənənəvi (oflayn), həm hibrid, həm də onlayn formalarda keçirilə bilər. Tərəfimizdən elan olunan Aylıq çərçivəsində insan hüquqlarına həsr olunmuş müxtəlif mövzular üzrə hüquqi maarifləndirmə tədbirlərinin keçirilməsində, sosial çarxların hazırlanmasında, mediada və sosial şəbəkələrdə insan hüquqlarının təbliğ edilməsində, insanların müraciətlərinə operativ şəkildə baxılmaqla pozulmuş hüquqlarının bərpası məsələlərinə diqqətin daha da artırılmasında fəallıq nümayiş etdirməklə, hər kəsi insan hüquqlarının səmərəli müdafiəsinə, cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafına töhfə verməyə dəvət edirəm".

“İnsan Hüquqları Aylığı”yla bağlı “Şərq”ə danışan Konstitusuya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev qeyd etdi ki, bu, ənənəvi hal almış fəaliyyətdir: 

- “İnsan hüquqları Aylığı” artıq ənənəvi hal alıb və hər il keçirilməkdədir. Amma aylıq formada keçirilsə, daha effektiv olar, hesab edirəm ki, biz bunun üzərində daha çox düşünməliyik. Mən təklif edirəm ki, “insan hüquqları Aylığı” çərçivəsində vətəndaş cəmiyyəti ilə dövlət orqanları arasında açıq qəbullar - “Açıq qapı” və “Açıq mikrofon” aylığı olsun. İctimaiyyətə açıq şəkildə ictimai qəbullar keçirilsin. Çünki vətəndaş qəbulları, adətən sxematik keçirilir. Bəzən konkret dövlət orqanı, icra strukturları, nazirliklərin vətəndaş qəbullarında həmin orqana aidiyyəti olmayan məsələlərlə bağlı müraciətlər edilir. Yaxud da kimsə sırf şəxsi mənafeyindən çıxış edir. Amma “Açıq qəbul” olarsa, vətəndaşlar şəxsi mənafelərinə aid, bəzi hallarda qanunun icrasına yol vermədiyi məsələləri səsləndirməkdən çəkinəcəklər, çünki biləcəklər ki, onları ictimaiyyət dinləyir. Eyni zamanda “Açıq qəbul”larda ictimai mənafeyə uyğun məsələlər və təkliflər səslənə bilər ki, bu da ümumi işin xeyrinə olar. Eləcə də “Açıq mikrofon” aləti dünyada çox populyardır.  Hansısa dövlət orqanı, rəsmi qurum “Açıq mikrofon” alətini tətbiq edərsə, vətəndaşlar daha da fəal olar və problemlərini səsləndirər, bu yolla insanların üzləşdiyi problemləri həll etmək, hüquqları pozulanları müdafiə etmək də asanlaşar. 
Ə.Nuriyev hazırda həlli vacib problemləri də sadaladı: 

- Narkotik maddələrin qanunsuz dövriyyəsi, narkotik maddə asılılığı, məişət zorakılığı, ictimai nəzarətin təşkili, ictimai dinləmələr, məhkumluq müddəti bitmiş şəxslərin işlə təminatı, Vətən müharibəsində, eləcə də Birinci Qarabağ müharibəsində iştirak etmiş, əlil olmuş şəxslərlə bağlı, insan hüquqları müdafiə təşkilatlarının mövcud durumu və problemlərin aradan qaldırılması müzakirə ediləsi vacib məsələlərdir. Amma bu məsələlərin müzakirəsi və həlli üçün “Aylıq” yetərsizdir. Təbii, bu kimi məsələlər daim diqqət mərkəzindədir və insan hüquqlarının müdafiəsi Azərbaycan dövlət siyasətinin prioritetidir. Lakin yaxşı olar ki, insan hüquqları ilə bağlı hər ilin əvvəlində Fəaliyyət Planı elan edilsin. Və orada hansı istiqamətin daha ciddi yanaşma tələb etdiyi göstərilsin. Sadaladığımız problemlər bir ay ərzində həll ediləsi məsələlər deyil. 

Eyni zamanda Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvü olan Ə.Nuriyev 2 mühüm tədbirə hazırlıq aparıldığını vurğuladı: 

- Bunlardan biri narkotiklərin qanunsuz dövriyyəsi, yeniyetmə və gənclərin narkotiklərə aludəçilyinin səbəblərinin araşdırılması, digəri isə məişət zorakılığı ilə bağlıdır. Biz bu iki tədbirə uzun müddətdir ki, hazırlaşırıq. Bu cür mühüm tədbirləri tələsik, “Aylıq” çərçivəsində keçirmək istədiyimiz nəticəni verməz. Bu cür məsələlər forum, seminar keçirməklə həll olunmur. Burada əsaslı təhlil, tədqiqat, analiz aparılmalı, problemin həllinə nələrin mane olduğu öyrənilməli və ona qarşı da mübarizə aparılmalıdır. “Aylıq” yalnız cari məsələlərin öyrənilməsini, həllini nəzərdə tutur. Halbuki, daimi tədqiqat və daimi fəaliyyətə ehtiyac var. Hesab edirəm ki, ümumiyyətlə, insan hüquqları üzrə yeni Fəaliyyət Planının tərtib edilməsinə ehtiyac yaranıb, çünki hüquq pozuntularının xarakteri, məzmunu dəyişib artıq. Həm də yaxşı olar ki, aylığın sonunda hansı işlərin görüldüyü, hansı problemlərin qabardıldığı, vətəndaşlara hansı formada yardım edildiyi də hesabat formasında ictimaiyyətə açıqlansın.