Seymur Verdizadə: "Bir şərtlə ki, yeni nazirlikdə işə peşəkarlar cəlb olunsun, qohum-qardaşı ora doldurmasınlar"
Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc Azərbaycanda Ailə Nazirliyinin yaradılmasını təklif edib.
"Azərbaycan ailə modelinin inkişaf strategiyası” adlı konfransda iştirak edən STM sədri əlavə olaraq televiziya verilişlərində Azərbaycanın ailə dəyərlərinə xas olmayan antisosial ideyaların nümayişinin artmasından gileylənib: “Ailə institutları son yüz ildə ən çox dəyişikliyə məruz qalıb. İndi qlobal dünyada ailə ən zəif zəncirə çevrilib, ciddi böhranlara transformasiya edib.
Ailə, isti ocaq, əxlaq mənbəyi kimi görən xalqıq. Ailələrə hücumlar edilir, hədəfə alınır. Müharibədən sonra bu, daha da şiddətlənib. Hazırda yeni ailə modelləri üzə çıxmaqda və ənənəvi baxışlar ortadan qalxmaqdadır.
Uşaqsız cəmiyyət, qadın-kişi bərabərliyi olmadan həyat tərzinin təbliği özünü göstərməkdədir.
Ölkəmizdə möhkəm ailə modellərini təbliğ edən proqramların azlığı, xəyanət ilə dolu süjetlərin efirlərə yol tapması ağrıdıcı hadisədir.
Nikahlar azalıb, boşanmalar artıb, doğumların səviyyəsi aşağı düşür. Dövlətin ailə strategiyasının hazırlanması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Nazirliyinə çevrilməsini istəyərdik”.
Z.Orucun sözlərinə görə, ölkəmizdə möhkəm, fədakar, qalib azərbaycanlı ailəsinə xas olan dəyərləri təbliğ edən televiziya verilişləri azdır: "Medianın "əbədi gənc" təbliğatı ilə "özü üçün yaşamaq", ümumiyyətlə, ailə qurmamaq, evlilikdən daha çox antiailə dəyərlərini təbliğ etmək bir gerçəklikdir. Valideyn olmaqdan şüurlu surətdə imtina edən, yaxud "uşaqsız ailə" modelinə şüurlu surətdə seçim edənlər mühüm bir siqnaldır".
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə də “Şərq”ə açıqlamasında ailə institutunun zədələnməsi, milli-mənəvi dəyərlərimizin aşılanması kimi məsələlərin cəmiyyətdə ciddi narahatlıq doğurduğunu deyib. Onun sözlərinə görə, ailədaxili şiddətin artması, məişət zorakılığı hallarının çoxalması fonunda artıq həyəcan təbili çalmağın vaxtıdır. Bu problemlərə xüsusi diqqət ayırmalı, onların həlli yollarını tapmağa çalışmalıyıq: “Dövlət Komitəsinin nazirliyə çevrilməsini təklif edən deputatın yəqin öz arqumentləri var. Aydın məsələdir ki, nazirliyin ştat cədvəli daha geniş olur, yeni əməkdaşlar cəlb etmək perspektivi böyükdür. Bəlkə də Zahid müəllim bunu nəzərə alaraq Dövlət Komitəsinin nazirliyə çevrilməsini təklif edib. Əgər yeni nazirlik yaratmaqla bu problem həll olunacaqsa, şəxsən mən bir vergi ödəyicisi kimi buna etiraz etmirəm. Bir şərtlə ki, yeni nazirlikdə işə peşəkarlar cəlb olunsun, qohum-qardaşı ora doldurmasınlar. Bizim ölkəmizdə rəhbər şəxslər tabeliklərində olan qurumlara qohum-əqrəbanı yerləşdirmək üçün vasitə kimi baxırlar. İlk növbədə bu mənfi tendensiyadan imtina etmək lazımdır”.
S.Verdizadənin sözlərinə görə, mövcud problemləri aradan qaldırmaq üçün ailə institununu yad təsirlərdən qorumaq lazımdır. Bunun üçün də yeni və əsaslı konsepsiyalar hazırlamaq lazımdır:
“Peşəkarları bu işə cəlb edərək mütəxəssislərin təklif və rəylərini nəzərə almaq lazımdır. Onu da deyim ki, Azərbaycanın spesifik ailə modeli var. Yeni konsepsiya hazırlananda Avropa, yaxud Asiyada mövcud olan hansısa sənədi tərcümə edib cəmiyyətə sırımağa ehtiyac yoxdur”.