Dövran dəyişir...

Ailə quranlar azalır, boşananlar artır

Hökumət yeni evlənənlər üçün sosial paket proqramları hazırlamalıdır

Yeni evlənənlərə faizsiz kredit veriləcək, üstəlik kirayə evlər də. Həyəcanlanmayın, təəccüb də etməyin. Bizim ölkəyə aid deyil bu güzəştlər. Bizdə şadlıq sarayları toy sahibini bacardıqca çox “soymağa” çalışır. Banklar da elə faiz yükləyir ki, vətəndaşın belinə, kredit almamaq daha yaxşıdı. Ev, mənzil problemindənsə danışmağa dəyməz. Bunlar hamının bildiyi məlum problemlərdir. 

Yeni evlənənlər üçün hər cür imkan, şərait yaradansa Rumıniya hökumətidir. Bildiyimiz qədər Rumıniya elə də varlı dövlət deyil. Ola bilsin, əhali sayının, o cümlədən, evlənmək istəyənlərin say azlığı da güzəştlərə şərait yaradır, lakin bu da tutalım, Azərbaycan kimi ölkələrdə güzəştlərdən yan keçilməsinə əsaslı səbəb göstərilə bilməz. Çünki Azərbaycan iqtisadiyyatı Rumıniya kimi bir çox ölkələrin iqtisadiyyatını kölgədə qoyacaq səviyyədədir.  Amma nə edir Rumıniya hökuməti?  Rumıniya hökuməti toy mərasimlərinin keçirilməsi məqsədilə vətəndaşlara faizsiz kreditlərin verilməsi və yeni evlənənlərə kirayə mənzillərin verilməsi ilə bağlı genişmiqyaslı “Ailə başlanğıcı” maliyyə proqramını təsdiq edib. Məqsəd nikah institutunu gücləndirmək və doğum səviyyəsini artırmaqdır. Bu ölkənin ailə məsələləri üzrə naziri Qabriela Firyanın sözlərinə görə, yenilik yüz minlərlə gənc cütlüyə həyatda yeni mərhələyə başlamağa imkan verəcək: “Kreditin maksimal məbləği 15 min avro təşkil edəcək. Hökumət kreditləri əldə etmək üçün müraciət edənlərin kateqoriyasını genişləndirməyi də nəzərdə tutur”. 

Azərbaycan məmurları ölkədə demoqrafik böhran yaşanmadığını qeyd etməyə həvəslidir. Hər hansı Avropa ölkəsi, ya da qonşu Rusiyadan nəsə bir nümunə irəli sürüldükdə  məmurlarımız “o ölkələrdə demoqrafik böhran yaşanır, ailə institutları dağılır, gənclər evlənmir, doğum səviyyəsi aşağıdır, ona görə həvəsləndirici proqramlar icra etməyə məcburdurlar”, deyirlər. Böhranın olmaması, onun heç vaxt yaşanmayacağı, ya da hazırda mövcud olmadığını iddia etməyə əsas vermir. Ola bilsin, demoqrafik vəziyyət böhran səviyyəsində deyil, amma var. 

Hətta başlanır, demək də olar. Nəyə əsasən bunu iddia edirik, boşanma sayının azalması və ailə tərkibinin 2+1- ata-ana, 1 övlad, uzaqbaşı 2+2 – ata-ana 1 qız, 1 oğlan formatı almasına görə. Bunları “göydən” demirik. Dövlət Statistika  Komitəsinin məlumatına görə,  2 ayda ölkədə 2505 boşanma faktı qeydə alınıb. Bu isə 1 gündə 42 boşanma deməkdir. Deməli, hər saatda 1, ya 2 cütlük boşanır. Bu rəqəmlər həyəcan siqnalı üçün kifayət deyilmi? Gerçəyi açığa çıxarmaqda məqsəd hökuməti tənqid etmək deyil. Problemin mövcudluğunu və artıq çox geniş və dərinə işləməkdə olan problem xarakteri aldığını nəzərə çarpdırmaqdır. Problem varsa, səbəbləri öyrənilməlidir ki, həlli mümkün olsun. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bəs nə edir? Komitənin sədri Bahar Muradova "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizədə milli parlamentlərin rolu" mövzusunda dünən keçirilmiş tədbirdə çıxışı zamanı məişət zorakılığı və gender-əsaslı zorakılıqla mübarizədə hər bir fərdin, eləcə də vətəndaş cəmiyyətinin dəstəyinin vacib olduğunu deyib və hər kəsi köməyə çağırıb. Yəni “təkbaşına bacarmırıq”?!.  Ailə, Qadın, Uşaq Probemləri üzrə Dövlət Komitəsi konfranslar, seminarlar keçirmək, çağırışlar etməkdənsə  problemin konkret səbəblərini araşdırsaydı, daha xeyirli olardı. Adi vətəndaş da bilir ki, boşanmaların səbəbləri arasında iqtisadi məsələlər də var. İşsiz kişinin evdə sözünün keçməsi çətin məsələdir. Ata evə pul gətirmirsə, övladının qarşısında başıaşağı olursa, bu vəziyyət ailənin möhkəmliyinə əlbəttə təsir edir. Gənclər evlənməkdən, ailə qurmaqdan çəkinir, hətta qorxur, ona görə ki, sabah ailəsini normal dolandıra biləcəyinə ümidi yoxdur. İş yox, ev yox. Kirayə mənzillərin qiyməti minimum əmək haqqı alan valideynlər üçün ağlasığmazdır. 

Sosioloq Lalə Mehralı da “Şərq”ə açıqlamasında hökumətin yeni evlənənlər üçün sosial paket proqramları hazırlamalı olduğunu bildirdi: 

- Evlənməyə hazırlaşanlar sabahını düşünür. Ailəmi dolandıra biləcəyəmmi, qazancım olacaqmı. Gənc cütlük aldığı məvacibi ev kirayəsinəmi versin, ərzağa xərcləsin, yoxsa dünyaya gələcək övladının xərclərini hesablasın? Hər kəs normal – bütün məsrəfləri qarşılayacaq qədər əmək haqqı almır, hər kəsin yüksək, ya da əlavə gəliri yoxdur.  Ona görə də nişanlı gənclərin evlənmək müddəti uzanır, gənclər tanışlıq müddətini də uzadır ki, sabaha bir ümid, inam yaransın, sonra evlənsinlər. 

Sosial evlər layihəsi elan edildikdə çox adam ona inandı, güvəndi, amma nəticə acınacaqlı oldu. Bankların kredit sistemindən danışmağa dəyməz. 

 Banklar soyğunçuluqla məşğuldur. Məşğulluq proqramları sıfırdır. Yeni ailə quran gənclərə heç bir sosial güzəşt proqramı yoxdur, uşaq pulu verilmir. Uşaq dünyaya gələndə 100 manat birdəfəlik ödəniş olur, bununla da iş bitir. İşsiz, minimum əmək haqqına çalışan cütlüyün ailə büdcəsi nəylə formalaşacaq, övladlarını necə, hansı vəsaitlə böyüdəcəklər? Gənclərin evlənməsi problemə çevrilib artıq. Bu gedişlə evliliklərin sayı getdikcə azalacaq, ailədə 1 övladdan artıq uşaq olmayacaq. Bu da zaman-zaman demoqrafik böhrana gətirib çıxaracaq. Bunun yaşanmaması üçün indidən tədbir görülməlidir.

L.Mehralı sırf yeni evlənənlər üçün sosial güzəşt proqramlarının icra edilməli olduğunu dedi: 

- Bizdə də Rumıniyada olduğu kimi faizsiz kreditlər, güzəştli mənzillər verilə bilər. Gəncləri ailə həyatına təşviq etməyin əsas vasitəsi bu ola bilər. Gənclərin evlənməməsinin və evli cütlüklərin qısa müddət sonra boşanmasının əsas səbəblərindən biri iqtisadi çətinliklərdir. Hesab edirəm ki, Azərbaycan hökuməti bu problemi aradan qaldrımağa qadirdir. 

Sadəcə, aidiyyəti orqanlar, vətəndaş cəmiyyəti institutları hökumət qarşısında əməli təkliflərlə çıxış etməlidir.