Çox təəssüf ki, jurnalistlər onsuz da uzun yaşamır
Dünənki iş günümüz üzücü xəbərlə başladı. Hamımızın savadlı iqtisadçı, peşəkar jurnalist, pozitiv insan kimi tanıdığı Qadir İbrahimlinin əbədiyyətə qovuşması Azərbaycan mətbuatı üçün çox ağır itkidir. Axı o, sadəcə qələmi iti, haqsızlıqla barışmayan, yazılarında daim xalqın, dövlətin mənafeyini üstün tutan, həyatını demokratiya və dövlətçiliyə həsr etmiş hərtərəfli bir jurnalist yox, həm də işıqlı və aydın insan, əvəzolunmaz məsləkdaş idi.
Bir gün öncəsindən Q.İbrahimlinin vəziyyətinin pisləşməsi və reanimasiyaya yerləşdirilməsindən xəbərdar olsaq da, ölüm xəbəri gözlənilməz oldu. Ailəsi, dostları kimi bütün media cameəsi də bir möcüzə gözləyirdi.
Hamı onun sağalacağına ümid etsə də, o artıq vaxtsız əcəlinin ayaq səslərini duyurmuş. Feysbukda sonuncu paylaşımı xəstəxanaya yerləşdirilməzdən bir gün əvvəl rəhmətlik anası ilə bağlı olub: “Onun günüdür, məni dünyaya gətirən gözəl xanımın. Həm də yubileyidir - 85 yaş. Nur içində yat gözəl anam, inşallah axirətdə görüşəcəyik!”. Tez-tez illər əvvəl itirdiyi anasının fotosunu paylaşaraq onu xatırlayan jurnalist çox arzulayırdı ona qovuşmağı... Amma öz övladlarına vidası çox tez oldu, uşaqları doymadı atasından...
Qohumlarının sözlərinə görə, jurnalist ölümündən əvvəl Lənkəranda dəfn edilməsi ilə bağlı arzusunu ailə üzvlərinə bildirib.
Q.İbrahimli Lənkəran şəhər qəbiristanlığında uyuyan anasının ayaqları altında torpağa tapşırılmağı vəsiyyət edib.
Qadir İbrahimlinin vəfatı barədə onun yaxın dostu Niyaz Niftiyev məlumat verib.
O bildirib ki, Q.İbrahimlinin nəşinin dəfn edilmək üçün doğulduğu Lənkəran şəhərinə aparılması ilə bağlı hazırlıqlar görülür. Xatırladaq ki, 54 yaşlı jurnalist səhhətində yaranan problemlərlə əlaqədar bir neçə gün əvvəl Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun qaraciyər serrozundan əziyyət çəkdiyi bildirilirdi.
Sosial mediada və Qadir İbrahimli haqqında yazılan xatirələr, kədərli statuslar da göstərir ki, mərhum həmkarımız bütün media cameəsinin sevdiyi və rəhmət dilədiyi biri olub.
Avropa.info xəbər portalının baş redaktoru Ruslan Bəşirli:
Qadir İbrahimli dünyasını dəyişdi. Qadiri 90-cı illərdən tanıyırdım.. Bəlkə tonlarla çörək kəsdiyimiz olub. "Azadlıq" qəzetində birgə çalışdıq. Hər kəslə zarafata açıq, deyib-gülən bir insan idi. Sonuncu dəfə Ramazan bayramında zəng etmişdi, niyə belə arıqladığını soruşdum. Yenə zarafata çəkdi söhbəti, xəstəliyindən danışmadı. Dedi ki, "bilmirsən ağ adamlar dieta saxlayır. Mən də bir ağ adam kimi dieta saxlamalıyam, ya yox?". Mən də "biz anadan doğulanda qara adamlar kimi doğulmuşuq, özünə yaxşı bax" dedim. Bu da son! Qadir 53 yaşında bu dünyaya vida etdi. Başımız sağ olsun!
“Bizim yol” MMC-nin təsisçisi və baş direktoru Bahəddin Həzi:
Dünən, srağagün, lap ondan qabaqkı gün... Qadirə: "Möhkəm ol! Sən qalib gələcəksən" və sair deyə bilməzdim. Bu, riyakarlıq olardı. Hər şey üçün çox gec idi artıq. Çox təəssüf ki. Jurnalistlər onsuz da uzun yaşamır. Bəzi alışqanlıqlarımız isə ömrümüzü daha da qısaldır. Başa düşürəm: bu qədər nəhəng neqativ informasiya yükünü daşıyırıq, bu boyda qaramat xəbər dağının altında əzilirik. Müxtəlif yollarla reallıqdan qaçmaq cəhdi bundandır. Ancaq bir reallıq da var: ölüm! Ən böyük reallıq isə geridə buraxdıqlarımız; ailəmiz, çevrəmiz... Qadiri itirdik. Çox üzgünəm. Başqa jurnalist dostlarımıza ərkim var: özünüzü qoruyun! Boğazımıza dirənə biləcək bıçaqdan bizi qoruyan yoxdur. Barı özümüzü başqa bəlalardan qoruya biləcəyimiz qədər qoruyaq. Allah Qadirə rəhmət eləsin! Heyf!
Jurnalist Əvəz Rüstəmov:
Olmadı, ay Qadir, heç olmadı... Sənə də "Allah rəhmət eləsin" deyim? Deyəcəm, problem deyil. Tez-tez işlədirdin bu sözü - problem deyil. Amma problemdir. Problem yarandı, sən yaratdın! Niyə axı?... Haqq üçün danışırdın, yazırdın, görüşüb söhbətləşəndə də dilinə gətirirdin haqq bildiklərini, gördüklərini. Ay zalım, ölümü haqq işi etmək sənəmi qalmışdı?.. Nə bilim, bax da, yandığımdan deyirəm. Yaşım azdır, bəlkə haqqı sənin kimi görə bilmirəm. Sənin yaşında haqqı necə görəcəm, məlum deyil. Görə biləcəmmi onu da demək mümkünsüzdür. Kimsə bilə bilərdimi, sən olmayacaqsan? Artıq xatirələrdəsən. Xatirələrdə yer almaq sənə tez deyildimi? Gərək bunda da Liderlik edəydin? Özümüzü duzlu-məzəli zarafatlarınla, atmacalarınla təsəlli edək? Olmur e, Qadir. Sən yaxşı bilirdin ki, belə təsəllilər keçmir, keçməsi mümkün deyil, deyirdin də. Amma haqq dünyasının olduğuna inanıram. Təsəllim budur ki, yerin elə o dünyadır. Bilmirəm, o dünyada sən istəyənlər varmı? Deyirlər, yatmaq var. Sən də yat. Nur içində yat!”
Hüquq müdafiəçisi Mehriban Zeynalova:
Qadir, bir yanımızı da sən boş qoydun. Deməyə sözüm qalmadı. Güvəndiklərimiz bizi güvəncsiz qoydu. Allah o dünyanı gözəl etsin. Bilirəm nigaran getdin, amma bu dünya onsuz da əbədi deyil, heç birimizə. Xatirin həmişə qəlbimizdə əziz qalacaq. Hamımızın əzizi idin. Soruşmazdın nə edim, edərdin. Dostun xəbəri olmadan ona elə dəstək verər ki, dost çətinlikdən çıxanda bunu möcüzə bilərdi. Amma o möcüzə əslində Qadir olardı. Səssiz-səmirsiz... Boynuna da almazdı etdiyi yaxşılığı.
Yazıçı Səfər Alışarlı:
Qadir İbrahimli ilə 90-nın sonlarında bir neçə il "Detektiv" qəzetində işləmişdik. Elçin Səlcuqun yaxın dostlarından idi. Çox yaxşı yoldaşlığı, həyata, insanlara mərhəmətli, yumorlu baxışı vardı. Onun ciddi siyasi, iqtisadi mövzulara sanki zarafatyana yanaşmaq manerası, amma yazıda yumorun da, ciddiyyətin də ölçüsünü, qədərini dəqiq müəyyən edə bilməsi ilk gündən mənim xoşuma gəldi. Elə sonralar da bütün çətinliklərin içində onu heç zaman ölçüsüz, ümidsiz, bədbin görmədim.
İqtisad Universitetini bitirmişdi, ancaq jurnalistikanı çox sevirdi. Əslində, jurnalistika seviləsi peşə deyil, ancaq cəmiyyətin problemlərinə, insanların ağrısına biganə qala bilməmək mərəzi sağalmazdır və Allah bu həssaslığı, bu incəliyi hər ürəyə qoymur. Son 30 ildə Azərbaycan cəmiyyətinin Qadirin qəlbindən keçirmədiyi ağrı, elə bilirəm ki, çətin tapılar.
Cəmiyyətimizdə savadsızlaşma tendensiyaları üstünlük təşkil edir. Ona görə Qadir İbrahimli kimi savadlı, istedadlı, dürüst insanların fəaliyyət dairəsi istər-istəməz daralır. Belə maraqlı bir dövrdə maraqsız həyat yaşamaq böyük jurnalistika qanunlarına ziddir. Böyük jurnalistikanın çoxdan əbədiyyətə qovuşduğunu Qadir yaxşı bilirdi. Kiçik məsələlər isə onluq deyildi.
Allah rəhmət eləsin!
Allah ailəsinə səbir və dözüm versin!
Jurnalist, yazıçı-publisist Qurban Yaquboğlu:
Bu səhər ağır xəbər gəldi. Hətta aylarla-illərlə görüşməsən də onu tanıyan adama elə gəlirdi Qadir həmişə yanındadı. Çıxıb getmirdi. İncə yumor hissi vardı. Bir dəfə ona sataşan dostuna zarafatla "Bu gün sənin ən böyük nailiyyətin evə sağ-salamat getməyin olar" demişdi...
Təəssüf, Qadir. Evə həmişə sağ-salamat qayıtmaq olmur. Yerin behişt olsun.
P.S. “Şərq” qəzetinin kollektivi olaraq jurnalist Qadir İbrahimlinin vəfatından kədərləndiyimizi bildirir, məhrumun ailəsinə dərin hüznlə başsağlığı veririk.