Qeyri-islam dini icmalar üçün də din xadimləri hazırlanacaq



"Din xadimləri, ilahiyyatçılar nə qədər elmli olsalar dindarlar, inanclı insanlar da bir o qədər savadlı olacaqlar"

Azərbaycanda İlahiyyat İnstitutunda qeyri-islam dini icmaları üçün də din xadimlərinin hazırlanması məsələsi gündəmdədir. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. Onun sözlərinə görə, gələcəkdə belə bir məsələ var: “Müzakirə olunub ki, İlahiyyat İnstitutunda islamşünaslıqla yanaşı, xristianlıq, yəhudilik üzrə də mütəxəssislər hazırlansın”.

İlahiyyatçı Tural İrfan “Şərq”ə deyib ki, Azərbaycan İlahiyyat İnstitutunda islamla yanaşı digər ənənəvi dinlərin tədris olunması yaxşı haldır. Ekspertin fikrincə, ölkəmizdə kifayət qədər alban-udin dini abidələri, xristian, yəhudi dini icmaları var:

 “Həmin məbəd, kilsə və sinaqoqlarda fəaliyyət göstərən din xadimləri də savadlı olmalıdır. Onlar tariximizi, əsasən də İslamdan öncəki xristianlıq tarixini yaxşı bilməlidir. Bəzən din xadimi deyəndə elə düşünürlər ki, sadəcə molla, keşiş bir-iki dini ayini icra etməyi bacarırsa, əlavə heç nəyə ehtiyac yoxdur. Lakin belə deyil. Din böyük amildir. Ələlxüsus, indiki müasir dövrdə bu məsələ daha aktualdır. Din xadimləri, ilahiyyatçılar nə qədər elmli olsalar dindarlar, inanclı insanlar da bir o qədər savadlı olacaqlar. Azərbaycan tolerant ölkədir. Ölkəmizdə yəhudilər, xristianlar, udinlər yaşayır. Ona görə islam dini ilə yanaşı ölkəmizdə tarixən mövcud olan digər dinlərin də universitetdə tədris olunmasına müsbət yanaşıram”.