Siyavuş Novruzov parlamentdə təklif səsləndirib

“İctimai-siyasi münasibətləri pozan blogerlərlə mübarizə aparanlara orden verilsin”


Dünən Milli Məclisin yaz sessiyası çərçivəsində növbəti plenar iclası keçirilib. İclasın gündəliyində 17 məsələ olub. Deputatlar gündəmlə bağlı müzakirələrdən öncə cari məsələlərlə bağlı da çıxış edərək, təklif və iradlarını səsləndiriblər. İlk növbədə Milli Məclisin sədri Sahibə Qafarova 28 may – Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.

 O təklif edib ki, bununla bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilsin. Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar. Sədrin sözlərinə görə, bu gün Prezidentin həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycanı yeni qələbələrə aparır: “Əminliklə demək olar ki, Azərbaycan dövləti qarşıdakı illərdə daha böyük nailliyyətlərə imza atacaq”. Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin ənənələri bu gün də xalqımız tərəfindən davam etdirilir: “Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra ölkəmizin sivil dünyanın bir hissəsinə çevrilməsi üçün təməllər atıldı. Bu gün Prezidentin həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycanı yeni qələbələrə aparır”.

"Onlar Azərbaycanın uğurlarına, ölkəmizin apardığı siyasətə qarşı çıxırlar"

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov təklif edib ki, Azərbaycanda parlamentin, dövlətin əleyhinə etikadan kənar ifadələr işlədən blogerlərlə mübarizə aparan şəxslərə orden və medallar verilsin. Deputat bildirib ki, bu gün həm də ictimai-siyasi münasibətləri pozan, ətraf mühiti korlayan insanlar, ictimai təşkilatlar, dərnəklər var: “Onlar Azərbaycanın uğurlarına, ölkəmizin apardığı siyasətə qarşı çıxırlar. Bu gün ətraf mühiti pozan, xalqın milli-mənəvi dəyərlərinə ziyan gətirən blogerlər var. Onlar əxlaqdan, etikadan kənar həm Milli Məclisin deputatlarının, həm də dövlət və dövlət başçısının ünvanına fikirlər səsləndirirlər. Hesab edirəm ki, bunlara qarşı mübarizə aparan şəxsləri də ordenlər və medallarla təltif etmək lazımdır".

“Ələt Azad İqtisadi Zonası haqqında” qanunda Konstitusiyaya zidd müddəalar var”

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib ki, qanunlarımız Konstitusiyaya zidd olmamalıdır: “Prezident İlham Əliyev də VI çağırış Milli Məclisin açılış nitqində demişdi ki, Milli Məclisdən daha keyfiyyətli qanunlar gözləyir. Ələt Azad iqtisadi zonası haqqında” qanunda da Konstitusiyaya zidd müddəalar var. Ələt Azad İqtisadi Zonasında belə güzəştlər ediriksə, ixracı stimullaşdıra bilərik. Hansı məsələlər sahibkarların xeyrinədirsə, biz bütün sahibkarlar üçün bu güzəştləri etməliyik. Konstitusiyanın 71-ci maddəsinin 7-ci hissəsi bu qanun layihəsi ilə ziddiyyət təşkil edir, məhkəmələrin həll etdiyi məsələ qanunda Azad İqtisadi Zonanın səlahiyyətinə verilir. Ələt Azad İqtisadi Zonasında fərqli hüquqi tənzimləmə tətbiq oluna biləcəyi qanunda yer alır. Amma bu, Milli Məclisin səlahiyyətinə aid olan məsələlərdir. Vergiləri, gömrük rüsumlarını Milli Məclis təyin edə bilər, başqa dövlət qurumu vergi, gömrük rüsumu tətbiq edə bilməz. Aksiz dərəcələrini biz qanunla müəyyən etməliyik, amma bu, Vergi Məcəlləsinə daxil edilib. Komitə iclasında iştirak edən Vergi Xidmətinin nümayəndəsi Samirə xanım bunu əsaslandırmağa çalışdı. Təəssüf ki, o, Konstitusiyaya zidd olan bu maddəni Konstitusiyaya zidd olan digər maddə ilə əsaslandırmaq istədi. Bu qanunlar ekspertizadan keçirilməlidir. Prezidentə təşəkkür edirəm ki, bizim burada qaldırdığımız bir məsələni həyata keçirdi, Hüquq Ekspertiza Mərkəzinin yaradılması barədə sərəncam imzaladı. Milli Məclis Aparatının rəhbəri də orada təmsil olunur. Düşünürəm ki, Milli Məclisə gələn bütün qanun layihələri ekspertizadan keçirilməlidir”.

“Heç bir əsas, sənəd olmadan müharibə veteranı statusu daşıyan 15 mindən çox insan var”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, Azərbaycanda əlində heç bir əsası, sənədi olmadan müharibə veteranı statusu daşıyan 15 mindən çox insan var: “Bununla bağlı Müdafiə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində araşdırma aparılır”.

“Gürcüstan nümayəndə heyəti Şuşada qələbə arzularından danışdı” 

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, Şuşada Azərbaycan-Türkiyə Gürcüstan parlamentinin xarici əlaqələr komitələrinin iclası çox əhəmiyyətli idi. Deputat bildirib ki, Gürcüstan nümayəndə heyətinin üzvləri də bizim əldə etdiyimiz qələbənin arzusunda idilər: “Gürcüstan nümayəndə heyəti Şuşada qələbə arzularından danışdı. Onlar deyirdi ki, biz də istəyirik torpaqlarımız işğaldan azad edilsin, bu anı görmək istəyirik. Növbəti iclas Gürcüstanda keçiriləcək”.