”Teknofest”in gətirdiyi yeni nəfəs ekosistemin inkişafına təkan verəcək

Ekspert diqqət çəkib ki, “Teknofest”də məktəblilərin, uşaqların, tələbə  və  gənclərin hazırladıqları layihələr və işlər içərisində ən çox gözə çarpan dronlardır 


“Texnofest” bütün istiqamətlər üzrə, avia şou, hərbi texnologiyalar, startaplar, dronlar, müxtəlif innovasiyalar, robotlar, smart texnologiyala , rəqəmsal həllər üzrə möhtəşəmliyini qoruyub saxlayır”.

“Sherg.az” xəbər verir ki, bu barədə Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyib. 

Mütəxəssis bildirib ki, maraqlı məqam odur ki, istər avia şou olsun, istər startap və İT layihələrin yarışması, istərsə də müxtəlif yönümlü stendlərin təqdimatların hamısında çoxsaylı ziyarətçilər, maraqlananlar vardı: 

“Ziyarətçilərin çoxluğunun da gənclər və yeniyetmələr olması diqqəti cəlb edirdi. Ümid edək,”Teknofest”in gətirdiyi yeni nəfəs ekosistemin inkişafına təkan verəcək və sektordakı problemlərimizin həllini daha da sürətləndirəcək. Bu platformanı qorumaq və inkişaf etdirmək olduqca vacibdir. Düşünürəm ki, “Teknofest” texnologiyaların  gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, yeniyetmə və gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunması baxımından müstəsna əhəmiyyət kəsb edir”.

O.Gündüz diqqət çəkib ki, “Teknofest”də məktəblilərin, uşaqların, tələbə və gənclərin hazırladıqları layihələr və işlər içərisində ən çox gözə çarpan dronlardır: 

“Texnofest”də müxtəlif təyinatlı, yük daşıyan, müşahidə aparan, dərman-gübrə səpən, mina axtaran və s. istiqamətlər üzrə çoxsaylı dronlar təqdim edilib. Sual oluna bilər ki, burada qeyri-adi nə var? Qeyri-adilik odur ki, ölkəmizdə dronlarla bağlı məhdudiyyət var. Yəni dronlar dövriyyəsi məhdudlaşdırılan avadanlıqlar siyahısına daxil edilib. Mövcud müvəqqəti Qaydalara görə dron gətirmək üçün 6 dövlət qurumunun rəyi lazımdır, istifadə ilə bağlı qeyri-müəyyənliklər çoxdur. Təsəvvür edin, ölkəmizdə dronlara qadağa olduğu halda bu cür çoxsaylı maraq müşahidə olunur. Əgər normal bir qeydiyyat və istifadə qaydaları hazırlansa, düşünürəm ki, bu sahə daha da sürətli inkişaf edə bilərdi. Ümumiyyətlə, “Teknofest” həm də qərar qəbul edənlərimiz üçün, hökumət üçün də həlli vacib olan, sürətləndirilməsinə ehtiyac olan xeyli məsələlər haqqında ciddi mesajlar verir”.