Türkiyə NATO-nun Qara dənizə çıxışını bloklayır

Ankara bununla Ukrayna-Rusiya savaşının Qərb-Rusiya müharibəsinə çevrilməsinin qarşısını alır

Türkiyə hökuməti NATO-nun Qara dənizdə bəzi hərbi təlmlərinin ləğv edilməsi və təxirə salınması ilə bağlı qərar verib. Bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Çavuşoğlu Ankaranın bu addımını hərbi gəmilərinin Qara dənizdə lövbər salmasını qadağan edən Montrö Konvensiyasının müddəaları ilə izah edib. Nazir bildirib ki, konvensiya Türkiyəyə istisna hallarda Bosfor və Dardanel boğazlarından hərbi gəmilərin keçidinə tam qadağa tətbiq etmək hüququnu verir.

Ankaranın qərarını “Şərq”ə dəyərləndirən AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli deyib ki, Türkiyə ilk növbədə çalışır ki, Qara dəniz hövzəsində vəziyyət gərgin müstəviyə keçməsin. Partiya funksioneri bildirib ki, Rusiya-Ukrayna müharibə şəraitindədir və hər iki ölkənin Qara dənizə çıxışı var: 

“Eyni zamanda NATO ölkələri də Qara dənizdən istifadə etmək hüququna malikdir. İndiki məqamda Türkiyənin ehtiyatlı davranması, Rusiya hərbi gəmiləri ilə paralel Qərb ölkələrinə məxsus gəmilərin də hərəkətinə şərait yaratmaması təqdirəlayiq olmaqla yanaşı, həm də zəruridir. Digər dövlətlər də Türkiyə qədər təmkinli və məsuliyyətli davransaydı, gərginlik bu həddə çatmazdı. 

Türkiyə birmənalı olaraq Ukrayna-Rusiya savaşının Qərb-Rusiya müharibəsinə çevrilməsinin qarşısını alır. Ankara hökuməti bu addımı ilə eyni zamanda ikili mövqe nümayiş etdirən, qərəzli yanaşma sərgiləyən NATO və Avropa ölkələrinə də mesaj verir. 

Son günlər Qərb dövlətləri Yunanıstanı yenidən silahlandırırlar. Türkiyəyə qarşı Afinadan təhdid mesajları səsləndirilir. Ümumiyyətlə, son dönəmlər Türkiyə əleyhinə ən sərt addımlar atan ABŞ başda olmaqla NATO ölkələridir. Terrorçu PKK da məhz bu dövlətlərin əliylə maddi və hərbi yardım alır. Türkiyə bu qərarı ilə “müttəfiqlərinə” demarş edir. 

Son dönəmdə müşahidə olunan məqamlardan biri də Türkiyə-Rusiya arasında yaxın əməkdaşlığın strateji müttəfiqlik səviyyəsinə qalxmasıdır. Əlbəttə ki, burada qardaş Türkiyənin də öz dövlət və millət maraqları var”.