Vətəndaşların məlumatsızlığı, sadəlövhlüyü fırıldaqçıların meydanını genişləndirib
Osman Gündüz: "Kartları heç kimə göstərməyin, masanın üzərinə qoymayın. Ağlınıza belə gəlməyən adam üzərindən göstəricilərinizi götürərək pullarınızı çəkə bilər"
Əkrəm Həsənov: "Vətəndaşlar bilməlidir ki, kart məlumatlarını kiməsə vermək olmaz. Bank heç vaxt telefonla zəng edib belə şeyləri soruşmur"
Son illər dünyada internet dələduzlarının ən çox zərbə vurduğu sahə maliyyə sektorudur. Əvvəllər oğrular aylarla plan cızıb, soyğunçuluğa gedirdilərsə, indi bu iş asanlaşıb. “Klaviatura ustaları” evlərində oturub, hansısa bank hesabından milyonlar çəkə bilirlər. Banklararası pul mübadilələri və vətəndaşların özlərinə elektron bank hesabı açdırması oğruları bu sahəyə - haker olmağa daha da həvəsləndirib. Təbii ki, yüksək təhlükəsizlik sisteminə malik olan banklardan milyonların çıxarılması yüksək bacarıq tələb edir. Əvvəlcə bankların iş strukturunu öyrənən kibercinayətkarlar göndərdikləri viruslar vasitəsilə bank kompüterlərini özlərinə tabe etdikdən sonra həmin bankdakı pulları xarici bank hesablarına köçürməyə başlayırlar.
Onların müəyyən etdikləri vaxtda hədəf seçilmiş bankomatın önünə göndərdikləri adam yaxınlaşır və bankomatdan çıxan pulu götürüb gedir.
Azərbaycanda da onlayn fırıldaqçılıq yolu ilə bank kartlarından pulların oğurlanması faktları yetərincədir. Sadəcə, qurbanların əksəriyyəti az miqdarda pul itirdiklərinə görə hüquq-mühafizə orqanlarına müraciət etmirlər. Ona görə də bu oğurluq növünün səviyyəsini müəyyən etmək mümkün olmur. Nəticədə, problem açıq qalır. Bu isə Azərbaycanın sayları 6 milyona yaxınlaşan kart istifadəçilərini potensial qurbanlara çevirir.
Bu dəfə isə bıçaq sümüyə dirənib. Bakı şəhər sakini Y.Əhmədovun bank hesabından 8500 manatı oğurlanıb. Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Xalid İsayev müəyyən edilərək saxlanılıb.
Maraqlıdır, bu cür dələduzluq faktlarında məsuliyyətsizlik banklarda, yoxsa elə vətəndaşların özlərində olur?
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Şərq”ə açıqlamasında deyib ki, onlayn fırıldaqçılıq yolu ilə bank kartlarından pulların oğurlanması kimi halların bu qədər artmasına səbəb vətəndaşların məlumatsızlığı və sadəlövhlüyüdür:
“Əslində günahın kimdə olmasının heç bir əhəmiyyəti yoxdur. Hər şeydən əvvəl vətəndaşlar ehtiyatlı olmalıdır. Yəni vətəndaş diqqətli olmalıdır ki, ona sorğu göndərən hansı resursdu, domeni nədir, nə zaman yaranıb, kimdir, nəçidir. Vətəndaş hansısa məlumatı ötürməzdən öncə “Google”da qısa bir araşdırma aparmalıdır. Əgər o, hansısa təhlükə ilə üzləşibsə, burada artıq aidiyyəti qurumlara müraciət etməlidir. Ən önəmlisi isə kartları heç kimə göstərməyin, masanın üzərinə qoymayın. Ağlınıza belə gəlməyən adam üzərindən göstəricilərinizi götürərək pullarınızı çəkə bilər. Həmçinin, tanınmamış, dünyada etibar qazanmamış saytlarla alış-veriş etməyin”.
O.Gündüzün sözlərinə görə, əgər vətəndaş kartından pul çıxılma, oğurluq, dələduzluq və s. bu kimi hallarla üzləşibsə, aid olduğu banka məlumat verilməli, həmçinin kart hesabı dəyişdirilməlidir. Daha sonra hüquq-mühafizə orqanlarına şikayətlərini bildirməlidirlər ki, dələduzlar tapılaraq cəzalandırılsınlar: “Onların bu işlə məşğul olan şöbələri var. Proses uzun çəksə də, bəzi hallarda qarət olunmuş adamların pullarını qaytarmaq mümkün olur. Amma bunun üçün ciddi araşdırmalar aparılmalı, bir neçə ölkənin hüquq-mühafizə orqanları birgə fəaliyyət göstərməlidir. Çünki bəzən oğurluq zamanı IP bir ölkəyə, sayt ikinci ölkəyə, oğurluğu həyata keçirən şəxs üçüncü ölkəyə, qurban isə dördüncü ölkəyə məxsus olur. Yəni 3-4 ölkənin hüquq-mühafizə orqanları birgə işləməli olurlar".
Hüquqşünas Əkrəm Həsənov isə hesab edir ki, bank kartlarından vəsaitin oğurlanması halları çox vaxt vətəndaşların öz günahı ucbatından olur. Onlara telefonla kimsə zəng edir, bank kartının rekvizitlərini soruşur, guya ki, bankdan zəng ediblər.
Vətəndaş da inanır və kartının rekvizitləri, onun ön və arxa tərəfində olan nömrələri, digər məlumatları verir. Belə olanda da kartından bu yolla pul çıxarılır: “Vətəndaşlar bilməlidir ki, kart məlumatlarını kiməsə vermək olmaz. Bank heç vaxt telefonla zəng edib belə şeyləri soruşmur.
Bəzən bankın informasiya təhlükəsizliyi sisteminin zəif olduğu üçün hakkerlər vəsaitləri bu yollarla vətəndaşların kartından oğurlaya bilir. Bu zaman vətəndaş mütləq banklarda mövcud olan “sms” məlumat sisteminə qoşulmalıdılar ki, kartlarından vəsait çıxan kimi onlara bildiriş sms gəlsin ki, onlar dərhal tədbir görə bilsinlər. Bəzən hətta banklarımızda “sms” bildirişin gəlməsində problem yaranır. Bu da təbii ki, bankın günahıdır. Vətəndaş elə olduğu halda banka qarşı iddia qaldıra bilər. Çünki həmin bankın “sms” bildiriş sisteminə qoşulduğu halda hesabından pul çıxarılanda vətəndaşa heç bir sms gəlməyib. Belə hallarda cinayətkarı tapmaq çox çətindir, çünki bir qayda olaraq cinayətkarlar bunu xaricdən edirlər.
Hər bir halda əgər o adamı müəyyən etmək olsa, burada iki cinayət tərkibi müəyyən olunur. Birincisi, bank sirri olan məlumatların ələ keçirilməsi, ikincisi isə oğurluq. Ən azı 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası var.
Amma xüsusi hallarda söhbət külli miqdarda vəsaitdən getdikdə, mütəşəkkil dəstə olduqda hətta 14 ilədək də həbs ola bilər. Dediyim kimi, burada xüsusi hallar olmalıdır”.