"Texnofest" Azərbaycanın texnoloji inkişafına təkan verəcək


Bu, həmçinin, xarici şirkətlərin Azərbaycanda mərkəzləşməsinə də imkan yaradacaq

   Müasir dövrdə cəmiyyətin və iqtisadiyyatın inkişafında innovasiyanın rolu danılmazdır. Zamanın çağırışlarına cavab verib innovativ inkişafla ayaqlaşan ölkələr daim öncül sıralardadır. Son illər Azərbaycanda da bu istiqamətdə ciddi addımlar atılmaqdadır. Məhz lV Sənaye İnqilabının çağırışlarına cavab vermək və rəqəmsal inkişafa nail olmaq üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bir sıra fərman və sərəncamlar imzalanıb. Həmçinin informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətlərin fəaliyyətini genişləndirməsinin şahidi oluruq. Məhz bu proseslərin məntiqi davamı da  "Texnofest Azərbaycan" festivalı idi. 

26-29 may tarixində Bakıda keçirilən “Texnofest Azərbaycan” aerokosmik və texnologiya festivalı izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

"Texnofest-2022"nin Azərbaycanda keçirilməsi iki ölkə arasındakı qardaşlığın, müttəfiqliyin bariz nümunəsidir. Festival müxtəlif müsabiqələr, sərgilər, mədəni proqramlarla əyləncəni özündə ehtiva etməklə yanaşı, iki ölkə arasında aviasiya, kosmos və texnologiya sahəsində əlaqələri möhkəmləndirir, bu sahədə fəaliyyət göstərən təşkilatların, qurumların əməkdaşlığı üçün şərait yaradır. “Texnofest”in ölkəmizdə keçirilməsi uzunmüddətli perspektivdə ölkəmizə milli resurslar qazandıracaq,  milli brendlər yaranacaq, mütəxəssislərimizin inkişafına böyük töhfə olacaq. Yerli mütəxəssislərin yaradacağı texnoloji məhsulların milli brendə çevrilməsi, onların qlobal müstəvidə istifadə olunması ölkəmiz adına prestijdir. 

“Texnofest Azərbaycan”ın əhəmiyyətli tərəflərindən biri də odur ki, innovativ ideyalarla çıxış edən gənclərin yerli və xarici investorlara yol tapmasına şərait yaradıb. “SMART Qarabağ” Hakatonu kimi müsabiqələr yerli və xarici mütəxəssislərin işğaldan azad edilmiş ərazilərdə qurulacaqları “Ağıllı şəhər və kənd” konsepsiyalarına öz töhfələrini vermək üçün unikal şərait yaradıb. 

İnformasiya texnologiyaları üzrə ekspert Osman Gündüzün fikrincə, belə bir möhtəşəm tədbirə ev sahibliyi etmək ölkəmizin imicinin daha da artmasına səbəb olacaq və xarici texnologiya şirkətlərinin, transmilli holdinqlərin ölkəmizə marağı artacaq: “Texnofest"ə Prezidentlərin gəlişi, stendlərə baş çəkməsi, texnologiyalara diqqət yetirməsi və  texnoloji yarışmaların qaliblərinə mükafatları təqdim etməsi  hər iki dövlətin texnoloji mühitinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. “Festivalda prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, həmçinin Əziz Sancar çıxışlarında gənclər üçün, türk dünyası üçün faydalı mesajlar verdilər. Ümid edirəm, "Texnofest" Azərbaycanın texnoloji mühitinin inkişafına təkan verəcək, yeni nəfəs gətirəcək. Bunun üçün isə qərar qəbul edənlər, aidiyyəti qurumlar, biznes və vətəndaş cəmiyyəti ilə birgə  əl-ələ verib mühitin inkişafına yönəlik addımları və səyləri gücləndirməlidirlər. Qısa zamanda sektorda mövcud problemlərin və çatışmazlıqların aradan qaldırılmasına və mühitin inkişafına yönəlik konkret addımlar atılacaq.
Düşünürəm ki, "Texnofest" texnologiyaların  gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, yeniyetmə və gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunması baxımından müstəsna əhəmiyyət kəsb edir”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirdi ki, festivalın Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir: “Azərbaycan regionda Dördüncü Sənaye İnqilabına dəstək verən ölkələrdəndir. 

Davos Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı üzrə mərkəzi məhz Bakıda yaradılıb. Bu da ondan xəbər verir ki, innovasiya, eləcə də texnologiyanın transferi Azərbaycan üçün prioritetdir və bu istiqamətdə ölkəmiz fəaliyyətini genişləndirir. "Texnofest-2022"nin ölkəmizdə keçirilməsi Azərbaycana olan xüsusi diqqətdir. Festival, xüsusən texnologiya sahəsində kifayət qədər nüfuzu olan tədbirdir. Çoxlu virtual və yerində izləyicilərin olduğunu nəzərə alaraq tədbir Azərbaycanın innovativ və texnoloji ölkə olduğunu təqdim etməsi baxımından da vacibdir. Eyni zamanda Azərbaycan şirkətləri, startapçıları üçün həm tanışlıq, həm də potensiallarını göstərmək baxımından böyük əhəmiyyət kəsb edir”.

Millət vəkili hesab edir ki, "Texnofest"in Azərbaycanda keçirilməsi ölkə iqtisadiyyatı, xüsusən innovativ iqtisadiyyat üçün yeni imkanlar yaradacaq. Bu imkanlar nəticə etibarilə Azərbaycanın real sektoruna, həm texnoloji transferinə xüsusi töhfə verəcək. 

Buna görə festival yalnız texnoloji deyil, həmçinin Azərbaycan iqtisadiyyatının təqdimatı üçün vacib tədbirlərdən hesab olunur. "Texnofest" Azərbaycan festivalı yerli şirkətlərin, startapların özlərini tanıtması, investor cəlb etməsi baxımından böyük əhəmiyyət kəsb edəcək. Bu, həmçinin, xarici şirkətlərin Azərbaycanda mərkəzləşməsinə də imkan yaradacaq. Bu isə gələcəkdə ölkəmizin regional haba çevrilməsinə şərait yaradacaq. 

Festival yarışlarının təşkili, gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, həmçinin milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunması baxımından da çox faydalı olduğunu düşünürəm”.