Mübariz Mənsimovdan tələbələrə dəstək... 

Əslində mətbuat nümayəndələri dəvət edilməmişdi, amma mən telefonla arayaraq Fidan xanıma tədbirdə iştirak etmək istədiyimi bildirdim, “buyurun gəlin” dedi, səbəbi çox sadədir, Türkiyədə onlarla Azərbaycanlı iş adamı var, amma tələbəyə dəsdək olan, təqaüd verən bildiyim yalnız Mübariz Mənsimovdur. Daha öncə də yazmışdım, hər bir azərbaycanlı iş adamı ən azından üç, beş tələbə oxutdursa, onlara maddi dəstək olsa, bu Azərbaycanın gələcəyi üçün ən böyük yatırımdır. Maşallah, baxırsan hotelləri, restoranları, müxtəlif istehsal sahələri, hamısı var, daha çox olsun, amma bu işıqlı gənclərə dəstək olmaq həm də Vətənə, millətə, xalqa xidmətdir. 

“Palmalı” Şirkətlər Qrupu yeni 2022-2023 dərs ili üçün bütün Türkiyə üzrə müxtəlif dövlət universitetlərində təhsil alan 177 tələbəyə təqaüd verəcək. Bunun üçün öncə onlayn müsabiqə elan olunub və universitetlər üzrə tələbələrin qiymətləri (bal sistemi ilə) hesablanaraq ən yüksək göstəricisi olan tələbələr və təhsil müddətində yüksək nailiyyətlər qazanan imkasız ailələrin evladları bu təqaüdə layiq görülüblər. Onu da qeyd edim ki, təqaüd alan tələbələr arasında Şəhid evladları və Qarabağ qaziləri də var. Tədbirdə çıxış edən “Palmalı” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov təqaüdə layiq görülən tələbələri təbrik edərkən bunları dedi: “İlk öncə onu deyim ki, bu mənim təkbaşıma gördüyüm bir iş deyil, “Demsa” Holdinq və “Spring Marine” şirkətləri ilə birlikdə gerçəkləşdirdiyimiz bir layihədir, yəni böyük bir ailənin əməyidir. Bir də ki, bərəkəti verən Allahdır, bu qədəri, qisməti sizə bəxş edən Allahdır, biz sadəcə vasitəçilərik. Kaş ki. mənim də sizin qədər imkanım olsaydı, təhsil alsaydım, hər zaman öz özümə verdiyim bir sual var, həyatıma yenidən başlasaydım nə edərdim, daha çox təhsil alardım deyə düşünürəm, çünkü təhsil gələcəyə ən gözəl yatırımdır. Bu salonda Şəhid evladları və qazilərimiz var, Allah bütün Şəhidlərimizə rəhmət eləsin, inanıram ki, cənnətdədirlər, bu balalar Şəhidlərimizin bizə əmanətidir, qazilərimizlə qürur duyuram. 

Bu Allahın sızə verdiyi ən gözəl imkanlardır, bu imkanlardan istifadə edin, yaxşı oxuyun, qarşınıza hədəflər qoyun, daha böyük nailiyyətlər əldə etmək üçün daha çox çalışın. Mən bu il Azərbaycanda keçirilən “Teknofest” festivalında iştirak edən, “Palmalı” Şirkətlər Qrupunun sponsorluq etdiyi “Drone-X” komandasının üzvləri olan İstanbul Yıldız Teknik Universitetinin tələbələrini də ürəkdən təbrik edirəm, onlarla qürur duyuram. Inşallah gələcəkdə Bayrakdardan daha çox uğurlar qazanarsınız, çünkü texnologiya gün-gündən inkişaf edir. Təhsilinizdə uğurlar diləyib, son olaraq demək istəyirəm ki, təhsil alıb Azərbaycana dönməyiniz şərt deyil, Azərbaycanı ölkə xaricində layiqincə təmsil etməyiniz çox önəmlidir, bunun üçün sizin  kimi intellektual gənclərə ehtiyac var. Biz də hər zaman yanınızdayıq, Allahın izin verdiyi müddətcə sizə dəstək olacağıq”. Sonra Mübariz Mənsimov təqaüd qazanan gənclərə sertifikatlarını şəxsən təqdim etdi.
Tədbirdə çıxış edən  “Spring Marine” şirkətinin sahibi Sabahattin Su və “Demsa” Holdinqin sahibi Hüseyin Dəmir də tələbələri təbrik edib,  ulu öndər M.K.Atatürkün  “Təhsil bir milləttin gələcəyidir, təhsil hər dövlətin, ölkənin və toplumun önəmli bir yaşam və fəaliyyər sahəsidir, təhsil olmadan toplum inkişaf edə bilməz” fikrini səsləndirərək, bu günün gənclərinə yaradılan imkanlardan danışdılar və “Palmalı” ailəsi ilə birgə belə bir dəyərli missiyanı həyata keçirdikləri üçün məmnunluq duyduqlarını dilə gətirdilər. Gənclərə daha çox çalışmağı və daha çox uğur qazanmağı diədilər.

Tədbirdə həmçinin İstanbulda çalışan azərbaycanlı həkimlər – Medicine hospitalın fizioterapiya  və reabilitasiya üzrə uzmanı, “Atlas” universitetinin müəllimi, həkim Ağalar Cavadov və plastik, rekonstruktiv və estetik cərrahı uzmanı Royal Xankişiyev də çıxış edərək elm sahəsində əldə etdikləri nailiyyətlərini və təcrübələrini tələbələrlə paylaşdılar, təhsilin insan həyatındakı rolunu və bir insanın taleyinə işıq salaraq necə uğurlar qazanması üçün ən böyük vasitə olduğunu anlatdılar.

“Yeddi təpə” universitetinin müəllimi Rafiq Əzizov, və tanınmış rəssam Sənan Eynullayev də təhsilin önəmindən danışaraq qeyd etdilər ki, pulu başqa sahələrdə də qazanmaq olar, amma bir millətin gələcəyi üçün elmli, bilikli gənclər yetişdirmək ən şərəfli missiyadır. Rafiq Əzizov özünün çəkdiyi “Piri Rəisin xəritəsi”ni Mübariz Mənsimova hədiyyə etdi.

Tədbirdə Sparta Süleyman Dəmirəl Universitetinin və  Sivas Cumhuriyyet Universitetinin tələbələri olan Qarabağ qaziləri Taleh Şıxverdiyev, Ayhan Mövsümov, Səddam Hüseyn, İlyas Əlizadə,Qüdrət İsmayılov və 50 nəfərə yaxın Şəhid ailələrinin evladları Mübariz Mənsimova verdiyi dəstəyə görə təşəkkür edərək, minnətdarlıq duyğularını ifadə etdilər. 
Yaqut Misirxanlı
İstanbuldan xüsusilə “Şərq” qəzeti üçün