"Ağıllı kənd’’ mükəmməl olacaq: Bu layihə ilə şəhərlə kənd arasında fərq azalacaq

Bu gün söhbət açacağım mövzu Azərbaycanda son illər ən çox danışılan və Azərbaycanda ilk dəfə tətbiq olunan ,,Ağıllı kənd’’ layihəsi haqqında olacaq.
Yaqin ki, sizin də diqqətinizi ilk dəfə bu termini eşidəndə mənim kimi təəccüb bürüdü.
Bu kəndin niyə belə adlanması fikrindən yola çıxaraq araşdırmağa başladım. Məlum oldu ki, kəndin belə adlanması əslində dünya təcrübəsinə söykənir. Dünyada bu tip layihələrə hələ illər əvvəl start verilib.
Türkiyədə «Vodafon»un dəstəyi ilə «Akıllı köy» layihəsi var. Qazaxıstanda «Villic Qazaxıstan» layihəsi, Ruandada «Smart villic» proyekti, Ukraynada «Avtonom ağıllı kənd» layihəsi var.
"Ağıllı kənd" layihələri dünyanın müxtəlif ölkələrində reallaşdırılır və məqsəd kənd sakinlərinin həyatını yüngülləşdirmək və yaşayış səviyyəsini yüksəltməkdir.
 Layihənin başlıca məqsədi kənddən şəhərə axının qarşısını almaqdır. Yəni kənd yerlərində insanlara elə şərait yaradılmalıdır ki, əhalinin şəhərdə istifadə etdiyi   xidmətlərə kəndlərdə də rast gəlinsin.
Heç kəsə sirr deyil ki, insanlar kənddən şəhərə daha çox pul qazanmaq üçün və daha rahat şəraitdə yaşamaq üçün axışırlar.
 “Ağıllı kənd” dediyimiz layihədə  xidmət, qazanc və dövlət xidmətlərindən istifadə etmək şəhərlə kənd arasındakı fərqi azaldacaq. 
İllər əvvəl Azərbaycanda, yadınızdadırsa, "Asan Xidmət"’ layihəsi də belə başlamışdı.
Şəhərdə istifadəyə verilən bu xidmətlər sonralar bölgələrdə də açıldı.
“Ağıllı kənd” üçün çox şey tələb olunmur.
Ağıllı infrastruktur və xidmətlər,  ağıllı təsərrüfat və biznes  və ən əsası da  ağıllı dövlət idarəçiliyi.
Azərbaycanda kəndlə şəhər arasındakı fərqi görmək çətin deyil. Bu fərqlər özünü həm təhsildə, həm səhiyyə xidmətlərində, hətta dərman təminatında, həm də enerji təminatı və kommunal xidmətlərdə göstərir. 
Bu fikrimlə bəlkə bəziləriniz razılaşmaya bilərsiniz. Ancaq gəlin analiz edək.
Adi bir misal.
Kənddə  normal ingilis dili kursu varmı?
Nəzərə alsaq ki, yaxşı müəllimlər belə heç kənddə qalmayıb şəhərdə, konkret Bakıda işləməyə üstünlük verirlər.
Digər bir misal.
 Kənd sakini istəyir ki, övladı musiqi kursuna getsin. Yəni razılaşaq ki, musiqi kursları və ya dil kursları  çox az kənddə mövcuddur.
Ancaq bu, Avropada  belə deyil..
Digər məsələ.  Azərbaycanın kəndlərində insanların səhiyyə xidmətindən istifadəsi bir qədər zəifdir. Araşdırsaq çox yerdə insanlar həkimə  belə gedə bilmirlər. Bunun səbəblərini araşdıranda məlum olur ki, xanımların əksəriyyəti ya  müəyyən səbəblərdən həkimə müraciət etməkdən  çəkinirlər,  yaxud da həyat yolaşları icazə vermir. Və ya  ən sadəsi, şəhərə gəlmək üçün imkan yoxdur. 
Amma Avropada bu məsələ  «smart boks» deyilən, bizim dildə  ağıllı qutu  vasitəsilə həll edilir. Bu qurğular kiçik kabineti xatırladan, adətən təkərli olan, yəni avtomobilin üstünə quraşdırılır. Təsəvvürünüzə gətirin, qan analizini verən  30-dan artıq insanın analizinin  nəticəsini 1 saata öyrənmək  olar. Üstəlik, nəticələr təkcə kənd sakininin özünə deyil, həm də rayon mərkəzində qurulan xüsusi mərkəzə də ötürülür.
 
Dünənə qədər dərman satan bankomatlar haqqında bizə desəydilər, bunun fantaziya oldugunu düşünə bilərdik. Amma reallıqlar göstərdi ki, bu da mümkündür.
Kənd yerlərində əas problemlərdən biri dərmanlara və bank xidmətlərinə çıxışdır. Hazırda kəndlərin heç də hamısında apteklər və bank filialları yoxdur. 
Artıq təklif olunan bu qurğular həm bankomat,  həm də kütləvi dərmanların satılması  üçün nəzərdə tutulub.
Kənd yerlərində, heç də hamısında olmasa da, aktual problemlərdən biri alternativ enerji mənbələridir. Məsələn, Almaniyada kəndə qaz verməkdənsə, bio enerjidən və günəş enerjisindən istifadə edirlər. Finlandiyanın Laplandiya əyalətində isə günəş enerjisindən istifadə edilir, küçələrin işıqlandırılması, ATM-lərin işi və sair cihazlar bu enerji ilə işləyir».
 Belə nümunələri çox gətirmək olar.
Düşünürəm ki, bu tip layihələr nəinki kəndlərdə, eləcə də bütöv rayonda həyata keçirilməlidir.
Bizim də istəyimiz budur.
Sadəcə seçimi əvvəlcə əhalinin sayı az olan kəndlərə vermək lazımdır.
Çünki elə kəndlər var ki, orda qışda heç kim yaşamır. Ona görə də elə eləməylik ki, ,,Agıllı kənd’’ layihəsi  vətəndaşlara Azərbaycanın bütün bölgələrində xidmət eləsin.
Bu tip layihələrin olması bizim üçün əlçatmaz qalmasın.

Alidə Muradova