Yarımçıq talelər... - Erkən nikahlar günümüzün ən böyük problemlərindən birinə çevrilib


Azərbaycanda insan alveri qurbanına çevrilənlərin 70 faizi məhz erkən nikaha cəlb olunan qızlardır

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

   Ədliyyə Nazirliyi tərəfindən Ombudsman Aparatı ilə birgə “Ailə-nikah münasibətlərinin inkişafı: çağırışlar, islahatlar, perspektivlər” mövzusunda ictimai müzakirə keçirilib.
Tədbirdə Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Ombudsman Səbinə Əliyeva, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova açılış nitqi ilə çıxış ediblər.

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva çıxışı zamanı son dövrlərdə məişət zorakılığı, erkən nikah və boşanmaların sayının  çoxalmasından danışıb. O bildirib ki, Ombudsman Aparatına ötən dövr ərzində məişət zorakılığı, yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq, aliment məsələləri, erkən nikahlar, qəyyumluq və s. ilə bağlı müraciətlər daxil olub. Müraciətlər operativ qaydada araşdırılıb və nəzarətə götürülüb.
S.Əliyeva, həmçinin qeyd edib ki, son dövrlər erkən nikah və boşanmalarla bağlı artımların olması narahatedici haldır: "Bu istiqamətdə maarifləndirici tədbirlər keçirilir və bu fəaliyyət davam etdirilməlidir. Bu işdə beynəlxalq təcrübədən də istifadə olunmalıdır".
Halbuki, biz hər zaman fəxrlə qeyd edirdik ki, Azərbaycan xalqının unikal ailə modeli var. Ümumiyyətlə, xalqımızın ailə modeli nəinki Qərbdə, həm də Şərqdə unikal hesab olunan bir modeldir. Amma rəsmilərin də etirafından görünür ki, artıq  ailə modelimizdə, adət-ənənələrimizdə müəyyən dəyişikliklərin olması fikri tez-tez səslənir.

Ailə məsələlərində rastlaşdığımız  ciddi problemlərdən biri də erkən nikah problemləridir. Ekspertlərin fikrincə, qanunvericilikdə bu məsələyə baxılmalıdır. Çünki biz uşaq konvensiyasına qoşulmuşuqsa, orada uşaq yaşı 18 yaşına qədər göstərilir. Əgər ildə bir neçə min qız uşağı  erkən yaşda nikaha girirsə, bu artıq ciddi problemdir. Xəstə doğulan uşaqların əksəriyyətini erkən yaşda ailə qurmuş anaların dünyaya gətirdiyi uşaqlar təşkil edir. İkinci bir tərəfdən, bu cür ailələrdə boşanma halları daha çox olur. Çünki uşaq yaşlarında artıq valideyn olan belə insanlar problemlərlə qarşılaşır. 
Bununla yanaşı, məişət zorakılığı problemi erkən yaşda qurulan ailələrdə daha çox nəzərə çarpır. Yaşı az olan qızlar öz hüquqlarını qoruya bilmirlər.  Əslində isə erkən nikah – uşaqlığın əlindən alınması, reallaşmasına imkan verilməyən arzular, yarımcıq qalan təhsildir. Azyaşlı qızlarını zorla ərə verən valideynlər bir çox hallarda zəif, gücsüz çiyinlərə yüklədikləri böyük məsuliyyətin fərqində olmurlar.

Qeyd edək ki, erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yeniyetmə və gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılmasına xüsusi önəm verir, mütəmadi olaraq bu sahədə maarifləndirmə tədbirləri həyata keçirir.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyir ki, mövcud vəziyyəti aradan qaldırmaq üçün maarifləndirmə, bölgələrdə, ictimaiyyət arasında güclü təbliğat aparılmalıdır: 

"XXI əsrdə yaşayırıq. Qızlarımıza yüksək təhsil almaq üçün imkan yaratmalıyıq. Qızlarımız da oğlanlarımızla bərabər inkişaf etməlidir. Bu gün qadın-kişi hüquqlarının bərabərliyindən danışırıq, qadınlara bərabər imkanlar, bərabər nəticələr verilməsini tələb edirik. Amma qızlarımız təhsildən yayınıb erkən nikaha gedirsə, bundan necə danışa bilərik. Ona görə də biz bununla bağlı bütün istiqamətlərdə işimizi gücləndirməliyik. Bu hadisənin artmaması, qarşısının alınması üçün əlimizdən gələn hər bir şeyi - ictimai səfərbərlikdən, ictimai qınaqdan tutmuş qanunlarımızın təkmilləşməsinə və möhkəmlənməsinə qədər bütün işlər görülməlidir”.

N.Cəfəroğlunun sözlərinə görə, cəmiyyət bilməlidir ki, erkən nikah əslində ailənin təməlinin dağılmasıdır. "Qız yetkin olanda daha ailəcanlı olur, ailənin, uşağın dəyərini dərk edir, öz məsuliyyətini anlayır. Yeniyetmə yaşında olan qızlar ailə üzvlərinin, valideynlərin təzyiqi əsasında özlərindən qat-qat böyük kişilərə ərə verilirlər. Bir müddət sonra xasiyyətləri tutmadıqda və ya zorakılığa məruz qaldıqda boşanmağa məcbur olurlar. Boşandıqda isə rəsmi nikahları olmadığından heç bir mülkiyyət hüququ əldə edə bilmirlər. Bu məsələ bu gün də ciddi problem olaraq qalır”.

“Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə bildirib ki, erkən nikah qurbanları sığınacağa müraciət edənlər arasında da var.  Onlar məişət zorakılığına məruz qalanlardır: 

"Erkən nikah halları məişət zorakılığına gətirib çıxardır. Erkən nikaha daxil olan qızların rəsmi nikah yaşı çatmadığından onlar adətən iki və üçüncü uşaq dünyaya gətirdikdən sonra nikahı rəsmiləşdirirlər. Bizim sığınacaqda 14 yaşda erkən nikaha daxil olan qadın var ki, hazırda 5-ci uşağını dünyaya gətirib".

M.Zeynalova bildirir ki, erkən nikaha cəlb olunan qızlar daha sonra müdafiəsiz insanlara çevrilirlər: "Onlar uşaqlarla küçədə qalırlar. Ucuz işçi qüvvəsinə, insan alverinə və narkokuryerə çevrilirlər.  Azərbaycanda insan alveri qurbanına çevrilənlərin 70 faizi erkən nikaha cəlb olunan qızlardır”.