Elektron qolbaq məhkuma bir xəbərdarlıqdır

O düşünür ki, cinayət əməlini təkrarlasa, cəzası ağırlaşacaq

Bu, məhkuma davranışlarını dəyişmək, cənayətdən kənar gəzmək üçün bir imkandır

     Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsi tərəfindən elektron qolbaq daşıyan yetkinlik yaşına çatmayan məhkumların sayı açıqlanıb. İdarənin qeydiyyatında olan 9 məhkuma elektron qolbaq vurulub. Ümumilikdə Bakı Şəhər Probasiya İdarəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalar tətbiq edilmiş yetkinlik yaşına çatmayan 21 məhkum var. Bakı şəhəri üzrə 2812 nəfər azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza çəkir. Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Probasiya İdarəsinin rəisi vəzifəsini icra edən, Baş ədliyyə müşaviri Namiq İsmayılov deyib. O bildirib ki, həmin şəxslərdən 1233 nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərək elektron qolbaq vasitəsilə nəzarətdə saxlanılır. "Bundan başqa, 139 nəfər cərimə cəzasına məhkum edilib, 27 nəfər islah işlərinə cəlb olunub, 205 nəfər isə cəzadan şərti olaraq vaxtından tez azad edilənlərdir",- N.İsmayılov deyib.

     Qeyd edək ki, Cəzaların İcrası Məcəlləsinə 2017-ci il 01 dekabr tarixində qəbul edilmiş dəyişiklik “Probasiya nəzarəti” ilə bağlıdır. Probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Elektron qolbaq da probasiya nəzarətinə daxil olan elementlərdən biridir. 

     Bununla belə, hətta elektron qolbaq taxılmış məhkumların yenidən cinayət əməli törətməsi hallarına da rast gəlinir. Bu mənada elektron qolbaq nə dərəcədə effektlidir? Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev “Şərq”ə açıqlamasında qeyd etdi ki, elektron qolbaq yaxşı alət hesab edilir: 

- Məhkəmə-hüquq sistemində bu, qabaqcıl texnologiyadır, əlverişli, innovativ yanaşmadır. İstənilən halda elektron qolbağın tətbiqi məhkəmə qərarı ilə icra edilir. Elektron qolbaq azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalar tətbiq edilmiş məhkumların hərəkətlərini, davranışlarını izləmək imkanı verir. Probasiya idarəsi əməkdaşları elektron qolbaq taxılmış məhkumlara çevik nəzarət edə bilir. 

Elektron qolbaq, məsələn, şərti azadlığa buraxılmış, yaxud yaşayış yerini tərk etməsi qadağan olunmuş məhkumun bununla bağlı vaxtaşırı qeydiyyatdan keçməsi zərurətini aradan qaldırır,  məhkum əlavə xərclərdən, süründürməçilikdən, vaxt itkisindən azad olur. Elektron qolbaq məhkuma islah olunmaq imkanı verməklə yanaşı, davranışlarına da müsbət təsir edə bilər. Məhkum düşünməlidir ki, elektron qolbaq bir xəbərdarlıqdır, cinayət əməli yenidən təkrarlanarsa, cəzası ağırlaşacaq. Bu, məhkuma davranışlarını dəyişmək, cənayətdən kənar gəzmək üçün bir imkandır. Doğrudur, elektron qolbaq məhkumun – insanın hərəkət azadlığını məhdudlaşdırır, hətta bu məhdudlaşdırıcı hala görə elektron qolbağı insan haqlarına qarşı alət hesab edənlər də var. Lakin hesab edirəm ki, elektron qolbağın  çəkindirmə dərəcəsi hərərkət məhdudiyyəti ilə müqayisədə daha yüksəkdir və məhkumun davranışlarını dəyişməsinə, islah olunmasına kömək edə bilən alətdir. Cəmiyyət üçün də bu faydalıdır. Ətrafdakı insanlar da elektron qolbaqlı şəxs barədə məlumatlı olmaqla özlərini müdafiə edə bilərlər. Hesab edirəm ki, elektron qolbağa şəxsin cəmiyyətdən seçilməsi, təcrid olunması aləti kimi deyil, əksinə, cəmiyyətə inteqrasiyası üçün imkan yaradan alət kimi baxmalıyıq. 

     Yetkinlik yaşına çatmayan məhkumlara gəlincə, Ə.Nuriyev bu cür şəxslərin ölkə üzrə 30-35 nəfər olduğunu dedi: 

- Azərbaycan Cinayət Məcəlləsində cinayət məsuliyyəti 16 yaşdan yuxarı şəxslərə tətbiq edilir. Bəzi cinayətlər var ki, 14 yaşdan tətbiq edilir. Amma hətta ən ağır cinayət törətmiş şəxs əgər yetkinlik yaşına çatmayıbsa, ona nə ömürlük cəza tətbiq edilir, nə də uzunmüddətli azadlıqdan məhrumetmə cəzası. Bu, ölkəmizin yetkinlik yaşına çatmayanlara münasibətdə humanizm prinsiplərini əsas götürməsiylə bağlıdır. Elektron qolbaq təcrübəsi tətbiq edilməyə başlanandan sonra hər hansı cinayət törətmiş yetkinlik yaşına çatmayan şəxslərə də bu alət taxılır. Hesab edilir ki, elektron qolbaq cəza siyasətinin daha uğurlu icrasına kömək edir. 

      Ə.Nuriyev qeyd etdi ki, elektron qolbaqlı şəxslərin bəzən təkrar cinayət əməli törətməsi halları baş verir: 

- Elektron qolbağı olan məhkum onun üçün təyin edilmiş ərazidən kənara çıxdıqda Probasiya İdarəsi əməkdaşları tərəfindən qeydə alınır. Elektron qolbaq sayəsində məhkumun yaşayış yerini tərk etdiyi bilinir. Bu, idarə əməkdaşlarının onu izləməsinə imkan verir. Amma məhkum hansısa cinayət əməlini onun üçün təyin edilmiş ərazi daxilində törədə bilər. Elektron qolbaq bu zaman gücsüzdür. Məsələn, narkotik maddə satışı il məşğul olanlar bu əməli yaşadıqları ünvan ətrafında, yaşadıqları ərazi daxilində edirsə, elektron qolbağın köməyi olmayacaq. Bununla belə, yenə də elektron qolbaq müasir ədliyyə sistemində hələ ki, müsbət  alət hesab edilir.