Bu il Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə başlanılacaq

Bu il Cəbrayıl şəhərində 240 meqavatlıq "Şəfəq" günəş elektrik stansiyasının fiziki tikintisinə başlanılacaq.
Trend xəbər verir ki, bunu jurnalistlərə bp-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli məlumat verib.

“Proses davam edir: minatəmizləmə işləri başa çatıb, texniki-iqtisadi əsaslandırma hazırdır, müqavilə öhdəlikləri imzalanıb. Bu il yekun investisiya qərarının (FID) verilməsi gözlənilir. Bundan sonra müqavilələrin bağlanması da daxil olmaqla, növbəti proseslər başlayacaq. Bu nöqtədə, sertifikatlaşdırma prosesini tamamlamaq qalır. Tamamlandıqdan sonra avadanlıq seçimi, çatdırılma tarixləri və həcmləri müəyyən ediləcək. İnfrastruktur və nəqliyyat marşrutları kimi logistika məsələləri də qiymətləndirilir. Tikinti işlərinə bu il başlanılacaq", - o bildirib.

Xatırladaq ki, Azərbaycanın Energetika Nazirliyi ilə bp şirkəti arasında 2022-ci ilin iyun ayında Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi sahəsində əməkdaşlıq sazişi imzalanıb.

20 sentyabr 2023-cü il tarixində bp, SOCAR və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) "Şəfəq" günəş elektrik stansiyası layihəsində iştirak öhdəliyini əks etdirən Qoşulma Sazişi imzaladılar.

19 oktyabr 2023-cü il tarixində enerji şirkəti Shafaq (Jabrayil) Solar Limited bu layihəni həyata keçirmək üçün Azərbaycanda nümayəndəliyini açıb.