KTMT Ermənistanı hələ də müttəfiq olaraq görür

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan Xarici Kəşfiyyat Xidmətinin son bəyanatına baxmayaraq, adıçəkilən ölkəni müttəfiq kimi görməkdə davam edir.
APA xəbər verir ki, bu barədə TASS-a təşkilatdan bildirilib.

“Təşkilatın Katibliyi Ermənistan Xarici Kəşfiyyat Xidmətinin bəyanatından xəbərdardır. Bununla belə, biz Ermənistanı hələ də müttəfiq kimi görürük və İrəvanla əməkdaşlıq rejimində qarşılıqlı əlaqəni davam etdiririk”, - qeyd edilib.

Qeyd edək ki, ötən gün Ermənistan kəşfiyyatının hesabatında bildirilib ki, İrəvanın 2024-cü ildə KTMT-nin fəaliyyətində iştirakını dayandırması üçün əsasların bu il aradan qalxması ehtimalı azdır.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl bəyan edib ki, İrəvan KTMT-nin fəaliyyətində iştirakını dayandırıb. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə bildirib ki, İrəvan KTMT-dən potensial çıxma ilə bağlı bütün riskləri hesablayır. Lakin Ermənistan hələlik məsələ ilə bağlı konkret qərar qəbul etməyib.