Az qala indi hər kəs özünü "usta" sayır
Elektrik xətlərini özləri birləşdirir, qaz, su borusunu özləri çəkir, yaxud da bu işi bildiyini güman etdikləri dostlarını, tanıdıqlarını dəvət edirlər
Abşeron rayonu, Xırdalan şəhərində Qalubiyyə küçəsində yerləşən beşmərtəbəli binanın üçüncü mərtəbəsində ilkin ehtimala görə qaz sızmasından baş vermiş partlayışla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində araşdırma davam edir. FHN-in mətbuat xidmətinin məlumatında bildirilir ki, hadisənin başvermə səbəbinin və dəymiş ziyanın müəyyən olunması üçün müvafiq ekspertizalar təyin edilib. Xatırladaq ki, partlayış avqustun 3-ü, axşam saatlarında baş verib. Nəticədə dörd nəfər müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. FHN-in əməkdaşları tərəfindən bina sakinləri təxliyə edilərək hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Hazırda rayon rəhbərliyi tərəfindən bütün zərərçəkən ailələrin müvəqqəti kirayə evlə təmin olunması sahəsində işlər görülür. Partlayış nəticəsində zərərçəkən sakinlərin qeydiyyatı aparılır və onların hamısı müvəqqəti olaraq kirayə evlərlə təmin olunacaqlar. Kirayə mənzillərdə yerləşdiriləcək ailələrin ödənişləri Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən ödəniləcək. İlkin məlumata əsasən, partlayış nəticəsində 20-yə yaxın mənzilə, 6 bloklu binanın 2 blokuna ziyan dəyib. Qaz, elektrik enerjisi binada tam olaraq kəsilib. Binaya və ərazidəki avtomobillərə dəyən zərər aidiyyəti qurumlar tərəfindən araşdırılır. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanıb.
“Xırdalanda yaşayış binasında partlayışın qaz sızmasından baş verməsi mümkündür”. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib. “İlkin məlumata görə, Xırdalanda yaşayış binasında partlayış zamanı xəsarət alanlardan ikisi mənzildə təmir işləri aparan ustalar olub. Lakin bu, ehtimaldır. Tam məlumat araşdırmalar başa çatdıqdan sonra olacaq. Buna görə də hələlik bizdə əsaslı məlumat yoxdur”, - R.Əliyev vurğulayıb. O qeyd edib ki, binaya təbii qazın nəqli tam dayandırılıb: “Hadisə ilə bağlı müvafiq orqanlar tərəfindən birgə araşdırmalara başlanılacaq. “Azəriqaz" İstehsalat Birliyi də prosesə cəlb olunacaq. Bundan sonra ictimaiyyətə tam məlumat veriləcək”.
R.Əliyevin sözlərinə görə, ola bilər, hadisə qaz sızmasından baş versin: "Çünki təmir işləri gedən zaman sakin özü mənzildə olmayıb. Evdə ustalar olub. Qonşuların və ustaların verdiyi məlumata əsasən bu ehtimal (qaz sızması-red) mümkündür. Mənzilin təmir edilməsi ilə bağlı “Azəriqaz" İstehsalat Birliyinə hər hansı məlumat verilməyib ki, qazın verilməsi dayandırılsın. Hər hansı müraciət daxil olmayıb”. R.Əliyev qeyd edib ki, əlavə xəbər olsa, “Azəriqaz" İstehsalat Birliyi bu barədə ictimaiyyətə məlumat verəcək.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Şərq”ə açıqlamasında partlayışın başvermə səbəbinin ilkin ehtimal kimi qaz sızmasının göstərilməsinin daha inandırıcı olduğunu bildirdi:
- Müvafiq orqanlar araşdırma aparacaq və əsl səbəb bilinəcək. Amma ilkin ehtimal olaraq qaz sızmasının göstərilməsi daha inandırıcıdır. “Azəriqaz” rəhbəri də bu barədə danışıb və partlayış baş vermiş mənzildə təmir aparıldığının aydınlaşdığını deyib. Bəzən vətəndaşlarımız təmir-tikinti zamanı təhlükəsizlik məsələlərinə önəm vermir.
Az qala hər kəs özünü “usta” sayır. Elektrik xətlərini özləri birləşdirir, qaz, su borusunu özləri çəkir, yaxud da bu işi bildiyini güman etdikləri dostlarını, tanıdıqlarını dəvət edirlər. Nəticədə bəzən görürük ki, qaz xətti də səhv çəkilib, səhv qoşulub, su xəttini qaz borusuna qoşublar, Kombi sistemləri də çox zaman bu cür səhv quraşdırılır.
Mənzildə təmir aparılarkən xüsusilə elektrik xətləri, qaz çəkilişi və ya qaz borularının dəyişdirilməsi zamanı mütləq mütəxəssislərə, “Azəriqaz”ın yerli bölmələrinə müraciət edilməlidir.
Qaz istismar idarəsinin əməkdaşları, inanın, bu işi çoxlarından daha yaxşı, dəqiq, güvənli yerinə yetirəcəklər. Mənzildə təmir aparılırsa, bu haqda yerli orqanlara xəbər verilməlidir. Hətta fərdi evlərdə aparılan təmir, tikinti işləri zamanı da təhlükəsizlik məsələlərinə ciddi fikir verilməlidir.
Qaz, elektrik enerjisi çox təhlükəli məsələlərdir. Hansısa qaz sızıntısı, elektrik xəttinin düzgün qoşulmaması həm ev sahibinə, həm də ətrafdakı evlərə zərər verə, insan tələfatı ilə nəticələnə bilər. Çoxmənzilli binalarda isə diqqət üst səviyyədə olmalıdır. Çünki mənzillər bir-birinə bitişikdir. Yaşayış binaları panellərin bir-birinə bağlanması yoluyla tikilir. Ümumi qaz, su xətti, elektrik enerjisi bloku olur. Bir mənzildə baş verəcək nasazlıq bütün binanı silkələyə, güclü partlayışa və insan tələfatına, ağır xəsarətlərə səbəb olar.
E.Nurəliyev qeyd etdi ki, qaz, işıq, su idarələri ərazilərdə mütəmadi yoxlamalar, monitorinqlər aparmalı, qəzalı vəziyyətdə olan, köhnəlmiş boruları, xətləri yeniləməli, təhlükəsizlik məsələlərini gözardı etməməlidir.