"Hər şəhərin bir aurası, hekayəsi var"

Şahbaz Xuduoğlu: "Bu hekayənin içində mütləq mədəniyyətə, həm də oxu mədəniyyətinə yer olmalıdır"

"Bu yeri də şəhər icra hakimiyyəti ayırmalıdır"

“Qanun” Nəşrlər Evinin direktoru, naşir Şahbaz Xuduoğlu maraqlı status paylaşıb. Kitab pasajı fotosuna yazdığı status belədir: “Bakı, Sumqayıt, Gəncə, Lənkəran və digər şəhərlərin başçıları, icazə verin, bizim də belə küçəmiz olsun. Hər şəhərdə bir kitab pasajı olsa dünyamı dağılar?!. Amma vətəndaşlarımız da gərək bunu istəsin. Hər yana baxsan ət bazarıdır. Həyatınızda kitaba, incəsənətə heçmi yer yoxdur?.” 

Xatırladaq ki, Ş.Xuduoğlu Bakıda təşkil olunan bir çox kitab satış-sərgilərinin, müəlliflərin imza günləri ilə keçirilən kitab yarmarkalarının müəllifidir. Yəni onun kitaba sevgisi hər məqamda özünü büruzə verir. Bu dəfə də naşir paytaxtda, həmçinin bölgələrdə kitab pasajlarının, həm də müvəqqəti deyil, daimi kitab pasajlarının təşkil edilməsi təklifini iərli sürüb. Bir az da incik formada. Statusa rəylər də ard-arda düzülüb. Görünən budur ki, vətəndaşlar kitab pasajı ideyasını bəyənir və alqışlayırlar. Bəs problem nədədir? Qeyd edək ki, məlum statusa rəy yazan sosial şəbəkə istifadəçilərindən biri “ölkədə bu qədər kitab sevən, kitab pərəstişkarı varsa, problem niyə həllini tapmır?” yazıb. 

Ş.Xuduoğlu “Şərq”ə açıqlamasında kitab pasajının şəhərin, hətta ölkənin mədəni səviyyəsinin əsas göstəricilərindən biri olduğunu dedi: 

- Turistləri ölkəyə cəlb etməyin yolları, üsulları da müxtəlifdir, şərtlər də tamam başqadır. Məsələn, təyyarə biletlərinin ucuz olması, qonaqlama, mehmanxana, otel qiymətlərinin sərfəli olması və sair. Eyni zamanda ölkənin mədəni səviyyəsinin göstəricisi olan kitab pasajı, rəsm əsərləri qalereyası və satışı. Bakının  “Nizami” küçəsində çoxumuz bilirik ki, vaxtilə kitab pasajı vardı. N.Rəfibəyli küçəsindəki məşhur pasajda, kitab satışına da önəmli yer verilirdi. Zaman keçdi, zaman dəyişdi, kitabların yerini geyim mağazaları, kafelər, restoranlar, əyləncələr tutdu. “Nizami” küçəsində rəssamlar əyləşirdi, könlü istəyənin şəklini elə oradaca çəkib hədiyyə edirdilər – müəyyən məbləğə. Rəsm əsərləri də satılırdı orada. İndi də az-çox satılır. Amma o küçə bütövlükdə sənətkarlar küçəsi, ölkənin və paytaxtın mədəni güzgüsü deyil. Mətbəxin, əyləncənin güzgüsü ola bilər, mədəniyyətinsə, deyil. Məsələn, Afinada böyük bir küçə var ki, rəssamlar səhər-axşam oradadır. Əsərlərini nümayiş etdirirlər. Uzağa getməyək, elə Gürcüstan paytaxtında, Tiflisdəki baş küçələrədən biri - “Rustavi” prospektində kitab pasajı fəaliyyət göstərir. 

Nadir kitablar, qədim kitablar satışa çıxarılır orda. Hətta Azərbaycan  Xalq Cümhuriyyətinə aid arxiv sənədləri, müxtəlif kitabların satıldığını da görmüşəm. Belə bir məkan yaradılıb və bu, çox xoşagələn və şəhərin özəl təbiətini əks etdirən görüntüdür. Bakının da belə görüntüsü olmalıdır. Elə bir görüntü ki, şəhərin təbiətini və mədəni mühitini özündə əks etdirsin. Bu da kitab pasajı ilə mümkündür. Şəhərlərin əsas xüsusiyyətlərindən  biri orada sənətkarlığın nümayiş olunmasıdır. Bunu təkcə İçərişəhərlə məhdudlaşdırmaq düzgün deyil. Hər bir şəhərin özünəməxsus aurası və bir hekayəsi var. Bu hekayənin içində mütləq mədəniyyətə, həm də oxu mədəniyyətinə yer olmalıdır. Bu yeri də şəhər icra hakimiyyəti ayırmalıdır. Əvvəllər “Gənclik” parkında köhnə kitablar satılardı. 

Amma sonra nəinki “Gənclik” parkını, ümumiyyətlə digər parkları da kitabların üzünə bağladılar. Yaxşı olmazmı yenidən bu ənənə dirçəldilsin, parklarda kitab pasajları, kitab sərgiləri daimi təşkil olunsun? Bu sahəyə dövlətin dəstəyi mütləq lazımdır.