Narkotacirlər küçələrdə meydan sulayır! - Çıxış yolu var...

  Bakının 2 küçəsində narkotik satan 15 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, onlar paytaxtın Cəlil Məmmədquluzadə (”Papanin”), Şimal şitilliyi (“Xutor”), Namiq Məlikov küçələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiklərinə görə saxlanılıb.
  Nərimanov RPİ əməkdaşları tərəfindən 12, Nəsimi RPİ əməkdaşları tərəfindən 3 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülməklə istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.
  Narkotik istifadəçilərinin və satıcılarının küçələrdə çoxalması cəmiyyət üçün qorxulu hal alıb. Onların sosial həyatda bu qədər əlçatan olması vətəndaşlar, xüsusilə, azyaşlılar üçün təhlükəli vəziyyət yaradır. Həmçinin narkotik istifadəçilərinin sosial şəbəkələrə ayaq açması, öz məşğuliyyətlərini açıq-aydın paylaşması vəziyyəti daha da kritikləşdirir. 
  Mövcud problemi “Sherg.az"a şərh edən narkomaniya üzrə ekspert Emil Maqalov bildirib ki, narkotik satanların təqribən 70 faizi demək olar ki, narkomanların özləridir. Onun sözlərinə görə, insanlarda bir neçə dəfə istifadədən sonra narkotikə fiziki və psixoloji asılılıq başlayır: “Nəticədə şiddətli ağrılar yaranır və bu zaman onlar nə etdiklərini bilmir. Belə vəziyyətdə onlar özlərinə “dərman” axtarır. Narkotik satışı öncələr də olub. İndi polisin gücləndirilmiş iş rejimi sayəsində azalsa da, hələ də satış mövcuddur. Problemin çıxış yolu üçün həll olunmalı beş əsas məsələ var. İlk olaraq, bu işlə məşğul olan hökumət və ya qeyri-hökumət işçilərinin əməkhaqqı minimum 3 dəfə artırılmalıdır. İkinci olaraq, məktəblərdə bu mövzuda keçirilən tədbirlərin formatı dəyişdirilməlidir. Keçirilən tədbirlərlə yanaşı, psixoloqlar  bu haqda məlumatlı olmalıdır. Onların da maaşı artırılmalıdır. Digər məsələ isə keyfiyyətli müalicə mərkəzləri ilə bağlıdır. Belə mərkəzlərin sayı çox azdır. Ölkədə 6 müalicə mərkəzi var. Dördüncü məsələ narkoloq çatışmazlığıdır. Onların da sayı artırılmalıdır. Sonuncu məsələ isə reabilitasiya mərkəzləri ilə bağlıdır. Bu əsas beş problemi həll etmək üçün yetərli maliyyəmiz yoxdur”. 
Mütəxəssis qeyd edib ki, hazırda inkişaf etmiş ölkələrdə “Zərərin azaldılması” layihəsi mövcuddur:
“Bu layihənin tərkibində müayinə, müalicə, psixoloq, narkoloq və vəkil  xidmətləri pulsuzdur. Bundan əlavə, layihəyə pulsuz steril materiallar, dərmanlar, narkotiki əvəzedici terapiya, tibbi metadon  proqramı daxildir. Bu layihə 17 ildən çoxdur ki, Azərbaycanda mövcuddur. Lakin son 5 il ərzində zəifləyib. Çünki öncələr 30 QHT bu layihə ilə işləyirdi. İndi isə təşkilatların sayı 9 QHT və 30 işçiyə qədər azaldılıb. Bu rəqəm Azərbaycan üçün çox azdır. Təklif edirəm ki, hökumətimiz Səhiyyə Nazirliyi və aidiyyəti dövlət qurumlarının Qlobal Fondla keçirdiyi bu layihəyə təkan versin və QHT-lərin və buradakı işçilərin sayı artırılsın. Nəticədə biz də layihə ilə müalicə, müayinə və antitəbliğat məsələlərinə yardım göstərək”.