İsrail gəmisi “Hizbullah”a məxsus kəşfiyyat PUA-sını raketlə vurub

“Hizbullah” silahlı milislərinin pilotsuz uçuş aparatı (PUA) Aralıq dənizi üzərində İsrail Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin atdığı raketlə vurulub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, PUA İsrailin eksklüziv iqtisadi zonasının üstündəki hava məkanına daxil olub və dənizdəki “Kariş” yatağının ərazisindəki qaz platformasına doğru irəliləyib.
Telekanal qeyd edir ki, vurulan PUA kəşfiyyat xarakterli olub və hədəfi vurmaq üçün istifadə edilməyib.
Xatırladaq ki, iyulun 24-də “Hizbullah”çılar Livan-İsrail sərhədindən 46 km aralıda yerləşən Ramat David aviabazasını havadan tədqiq etmək üçün İran istehsalı olan “Hudhud” kəşfiyyat PUA-sını havaya qaldırmışdı. Daha sonra strateji obyektin videoçəkilişi teleqram kanalında yerləşdirilib. “Hizbullah”çılar aviabazanın PUA üçün yer hədəfləri bankına daxil edildiyini açıqlamışdı.