Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın problemləri həllini tapacaq

Səyyar ASAN xidmət avtobusunun fəaliyyətə başlaması təqdir olundu
"Bu xidmət xeyli sayda insanı əlavə xərclərdən və sərhəd üzərindən keçiddən azad edir"
  Avqustun 30-dan sentyabrın 4-dək Türkiyə Respublikasının Samsun şəhərində Aerokosmik və texnologiya festivalı (TEXNOFEST) günləri çərçivəsində Türkiyədə yaşayan azərbaycanlılara dövlət xidmətlərinin çatdırılması məqsədilə Səyyar ASAN xidmət avtobusu vasitəsilə xidmət göstəriləcək.
  Qeyd edək ki, ölkə xaricində ilk dəfə gerçəkləşəcək Səyyar ASAN xidmət Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “ABB” ASC-nin maliyyə tərəfdaşlığı ilə təşkil olunur.
  Xüsusi avadanlıqlarla təchiz olunmuş səyyar avtobus vasitəsilə vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi; ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı xidməti, tərcümə xidmətləri, yazılı tərcümə, onlayn tərcümə, apostil sənədlərinin qəbulu, tərcümənin daxili möhürlə təsdiqi, eyniləşdirmə, redaktə, riraytinq, kopiraytinq kimi xidmətlər göstəriləcək.
  Bildirilib ki, avqustun 30-dan sentyabrın 4-dək saat 10:00 - 18:00 aralığında təşkil ediləcək xidmətdən yararlanmaq üçün vətəndaşlarımız mütləq “Texnofest” ərazisinə daxil olmaq hüququ verən qeydiyyatdan keçməlidirlər.
  ASAN xidmətin alqışalayiq addım atdığını deyən “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov “Sherg.az"a açıqlamasında bildirib ki, bu cür xidmətlər silsilə xarakter daşıyacaq:


“Türkiyədə yaşayan minlərlə soydaşımızın sənəd problemi var. Onların coxu etibarsız, yaxud itirilmiş sənəd problemindən əziyyət çəkirlər. Bu səbəbdən Azərbaycana da gələ bilmədikləri üçün sənədsiz yaşayırlar. Hətta Türkiyə Əmniyyət Müdirliyindən demişdilər ki, minlərlə Azərbaycan vətəndaşı sənədsiz olduğu üçün kompakt şəkildə yaşayırlar. Onların övladları da bundan zərər görür və təhsildən yayınma halları baş verir. Buna görə ASAN xidmətin bu təşəbbüsü təqdirəlayiqdir. Bu xidmət xeyli sayda insanı əlavə xərclərdən və sərhəd üzərindən keçiddən azad edir. Türkiyə səfirliyimiz isə hər zaman bu insanları sənədlə təmin edə bilmir. Çünki səfirliyin üzərində başqa öhdəliklər də var. Onlar şəxsiyyət vəsiqəsinin və yeni doğulan uşaqlara şəhadətnamənin verilməsi ilə məşğul olurlar. Bir çox fəaliyyətlər var ki, xaricdə yaşayan vətəndaşlarımız üçün lazımlıdır. ASAN xidmətin belə işlər görməsi isə onların maraqlarına cavab verir. Bu fəaliyyət hansısa dövrü əhatə edəcək şəkildə həyata keçirildikdə, minlərlə insanın sənədlərə olan ehtiyacını ödəyəcək”.