Gələn il qlobal taxıl böhranı yaşanacaq 

Azərbaycan bütün imkanlarını səfərbər etməlidir
  Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra dərinləşən taxıl qıtlığı fonunda ölkələr yerli istehsalı daha çox artırmağa başlayıb. 2022-ci ildə taxıl istehsalının artırılması və əkin sahələrinin genişləndirilməsi Azərbaycan üçün də priotetetdir. Ölkəmiz üçün ehtiyatların artırılması və idxalın əvəzlənməsi daha da aktuallaşmaqdadır. Artıq Azərbaycanda dənli və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir. Bu il 955 min hektardan çox sahədə dənli bitkilər əkilib və sahələrdən 2 milyon 850 min ton məhsul toplanıb.
  Millət vəkili, iqtisadçı Vüqar Bayramov "Sherg.az"a deyib ki, Azərbaycan taxıla olan tələbin 60 faizini yerli istehsal və digər hissəsini idxal hesabına ödəyir. Deputatın sözlərinə görə, builki statistik rəqəmlər göstərir ki, gələn ildə də tələbin ödənilməsi üçün taxıl idxalı həyata keçirilməlidir: “Taxıla olan tələbin tam ödənilməsi üçün yeni idxal mənbələrin tapılması və ehtiyatların artırılması aktual olaraq qalmaqdadır. Ötən il taxıl idxalımızda Rusiyanın payı 95 faizə yaxın idi. Bu il idxal balansımızda Qazaxıstanın payının müqayisəli olaraq artması müşahidə edildi. Son aylar taxıl istehsalçılarının ixracatı məhdudlaşdırması idxal mənbələrini xeyli dərəcədə azaldıb. Ukraynada əkin sahələrinin kəskin azalması da gələn il qlobal taxıl təminatına təsirsiz ötüşməyəcək. Bu baxımdan dünya bazarında taxılın qiymətinin gələn ildə də yüksələcəyi istisna edilmir. Ona görə də idxaldan asılılığın minimumlaşdırılması getdikcə daha da prioritetləşir”.