Soydaşlarımızın işi asanlaşacaq

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

İki qardaş ölkənin elektron dövlət portalları inteqrasiya edir

"Qardaş ölkədə yaşayan, işləyən, ailə qurmuş soydaşlarımız üçün belə bir imkanın yaradılması müsbət haldır"

  Dünəndən etibarən Türkiyənin "e-devlet" portalı ilə Azərbaycanın "e-gov" portalının inteqrasiyasına başlanılır. Bunu jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib. "İnteqrasiya Türkiyənin Rəqəmsal Transformasiya Ofisi ilə əməkdaşlıq çərçivəsində baş tutub. Bu o deməkdir ki, Azərbaycan vətəndaşı Türkiyəyə getdiyi zaman ondan hər hansı Azərbaycanın dövlət qurumunun verməli olduğu sənəd tələb olunursa, onu "e-devlet"dən və yaxud əksinə, Türkiyə vətəndaşından Azərbaycanda hansısa sənəd tələb olunsa, onu "e-gov"dan əldə edə biləcək", - deyə o qeyd edib. 

Son zamanlar ölkədə elektron xidmətlər şəbəkəsi xeyli genişlənib. Məsələn, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC-nin yaratdığı Vahid Elektron Xidmətlər Portalına (https://portal.rinn.az/az) daha 3 yeni xidmət inteqrasiya olunub. Bununla bağlı nazirliyin  məlumatında qeyd olunur ki, portalda təqdim edilən xidmətlərin sayı 15-ə çatıb. Sonuncu inteqrasiya nəticəsində nazirliyə məxsus “Aztelekom” MMC-nin 2, “Azərpoçt” MMC-nin 1 yeni xidməti portala əlavə edilib.   

Bunlar “Əvvəlki aylar üzrə aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borc”, “Telefon (şəhərlərarası danışıqlar) üzrə ödənilmiş qəbzlər” və “Küçə adına və poçt indeksinə görə küçələrin axtarışı” xidmətləridir. Vətəndaş “Əvvəlki aylar üzrə aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borc” xidmətindən istifadə edərək adına olan telefon nömrəsi ilə əvvəlki aylar ərzində aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borclar haqqında məlumat əldə edə bilər. “Telefon (şəhərlərarası danışıqlar) üzrə ödənilmiş qəbzlər” xidməti vasitəsilə istifadəçi əvvəlcə adına olan şəhərdaxili nömrə və ya nömrələri əldə edir. 

Daha sonra hər nömrə üzrə ay ərzində zəng edilən nömrələr, zənglərin tarixi, danışıq müddəti, məbləğ və ödəmə qəbzləri barədə məlumat ala bilər. “Küçə adına və poçt indeksinə görə küçələrin axtarışı” xidməti ada uyğun axtarış edərək ölkə üzrə həmin adda küçələrin yerləşdiyi şəhər və ya rayon, orada yerləşən ev nömrələri, küçə şifri və poçt indeksi haqda məlumat almaq imkanı verir. RİNN müxtəlif internet resursları üzərindən vətəndaşlara 57 adda rəqəmsal xidmət göstərir. İndi həmin xidmətlər vahid portalda toplanılır. Portalda təqdim edilən qeydiyyatlı rəqəmsal xidmətlərdən vətəndaşlar “ASAN Login” vasitəsilə qeydiyyatdan keçərək yararlana bilərlər. Həyata keçirilən bu cür layihələr vətəndaşların məlumatlara daha asan çıxışını təmin edir. 

  Məsələ ilə bağlı “Şərq”ə danışan Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev qeyd etdi ki, qardaş ölkədə yaşayan, işləyən, ailə qurmuş soydaşlarımız üçün belə bir imkanın yaradılması müsbət haldır: 
- Əlbəttə, iki qardaş ölkənin elektron dövlət portallarının qarşılıqlı şəkildə fəaliyyət göstərməsi, Azərbaycan vətəndaşları barədə məlumatların Türkiyə dövlət orqanlarında, eyni ilə Türkiyə vətəndaşlarına aid zəruri məlumatların Azərbaycan dövlət orqanlarında olması müsbət haldır. Bu, hər iki ölkə vətəndaşlarını əlavə işlərdən, sənəd təqdim etməkdən xilas edir. 

Məlumdur ki, Azərbaycanda “elektron dövlət” – “elektron hökumət” proqramı uzun illərdir fəaliyyət göstərir. Bu, dövlət orqanlarında elektron sənəd mübadiləsinin təşkilini, elektron sənəd dövriyyəsinin tətbiqi sənədlərin hazırlanması və emalına sərf olunan əməyin və vaxtın azalmasını, idarəçilikdə qərarların qəbul edilməsini, icra intizamının yüksəldilməsini və nəzarət mexanizminin sadələşməsini, əhaliyə xidmətin operativliyini, dövlət və özünüidarəetmə orqanlarının fəaliyyəti haqqındakı informasiya və xidmətlərə əlyetərliliyi, tabeçiliyində olan və digər təşkilatlarla əlaqələrin sürətləndirilməsini təmin etməyə imkan verir. Biz “elektron hökumətin” daha geniş, operativ fəaliyyət növünü ASAN Xidmət üzərindən görürük. Bunun özü də vətəndaşlara qısa zamanda, elektron portallar vasitəsilə operativ xidmətlərin göstərilməsinə çox müsbət nümunədir. Xatırladım ki, Azərbaycanın Səyyar ASAN Xidməti bu günlərdə Türkiyədə 100-dən artıq vətəndaşımıza xidmət göstərir. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məlumatında qeyd olunur ki, 2022-ci il 30 avqust tarixindən 04 sentyabr tarixinədək Türkiyənin Samsun şəhərində Aerokosmik və texnologiya festivalı (TEKNOFEST) günləri çərçivəsində Türkiyədə yaşayan azərbaycanlılara dövlət xidmətlərinin çatdırılması məqsədilə Səyyar ASAN xidmət avtobusu vasitəsilə xidmət göstəriləcək. 

Ölkə xaricində ilk dəfə gerçəkləşən Səyyar ASAN xidmət Dövlət Agentliyinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “ABB” ASC-nin maliyyə tərəfdaşlığı ilə təşkil olunur. Təşkil edilən xidmətdən yararlanmaq üçün vətəndaşlarımız mütləq “Teknofest” ərazisinə daxil olmaq hüququ verən qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün link: https://www.t3kys.com/tr/teknofest/visitor/apply/ Eyni zamanda Türkiyədə yaşayan Azərbaycan vətəndaşları https://seyyarasan.e-gov.az/ linkinə daxil olaraq özünə aid məlumatları (şəxsiyyət vəsiqəsi məlumatları, mobil nömrə və elektron poçt ünvanı) və almaq istədikləri xidməti qeyd edərək müraciətlərini öncədən gerçəkləşdirə bilərlər. Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır. Səyyar ASAN Xidmətin fəaliyyəti iki ölkənin elektron dövlət portallarının inteqrasiyası üçün ilk addım sayıla bilər. Bu, uğurlu başlanğıcdır.