Özünəməşğulluq proqramları işsizliyin səviyyəsini azaldacaq

Bu kimi proqramların icrasında məqsəd ilk növbədə işsiz vətəndaşlarımızı sahibkarlara çevirmək və onlara dəstək göstərməkdir

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

  Azad sahibkarlığın və bütövlükdə liberal iqtisadiyyatın formalaşması iqtisadi siyasətin əsas prioritetlərindəndir. Ölkə Prezidenti tərəfindən təsdiq olunmuş "2030: sosial iqtisadi inkişafa dair milli prioritetlər” gizli iqtisadiyatın məhdudlaşdırılmasını, eyni zamanda liberal iqtisadiyyatın genişləndirilməsini özündə ehtiva edir. Bu da ondan xəbər verir ki, bu zamana qədər olduğu kimi, hələ bundan sonrakı illərdə də bu istiqamətdə islahatların davam etdiriləcəyi gözləniləndir. Azərbaycanda liberal iqtisadiyyat rəqabətli mühitin yaranmasına ciddi təsir göstərir. Rəqabət mühiti dedikdə isə inhisarçılıq olmadan mümkün şəraitdən, imkanlardan bərabər şəkildə istifadə nəzərdə tutulur. Bu da ölkəmizdə tam şəffaf şəkildə təmin edilib. Sahibkarlıq üçün şərait, işgüzar mühit hamı üçün eyni dərəcədə təmin olunur. 

Rəqabət mühiti olmadığı təqdirdə nə azad sahibkarlıqdan, nə vətəndaşların rifah halının yüksəlməsindən, nə də hüquqlarının qorunmasından söhbət gedə bilər. Azad sahibkarlığın və liberal iqtisadiyyatın təmin edilməsi güclü iqtisadiyyatı və dövlətin hərbi-siyasi potensialını da artırır. Beləcə iqtisadiyyatı dirçələn ölkə diktə edən tərəfə çevrilir. Elə bu səbəbdən də Azərbaycan hökumətinin qarşıya qoyduğu vəzifələr arasında azad sahibkarlığın və liberal iqtisadiyyatın təşkili məsələsi önəmli yer tutur. Dövlətin bu istiqamətdə bir sıra vacib addımlar atdığı hər kəsə bəllidir.  Ələt Azad İqtisadi Zonasının yaradılması, sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin və subsidiyaların verilməsi, eləcə də kiçik və orta sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması bu dəstəyin əyani nümunəsidir. Bu istiqamətdə aparılan işlərin bir qismi kimi həm institusional islahatları, həm də qanunvericiliyə edilən dəyişiklikləri qeyd etmək olar. 

Vergi Məcəlləsinə edilən 200-dən çox dəyişiklik vergi ödəmə sistemini daha da sadələşdirib. Bütün bunlar sahibkarlığın daha şəffaf iqtisadiyyata inteqrasiya olunmasına və inkişafına öz töhfəsini verib. Hazırda sahibkarlar dövlətə vergi ödəməklə, heç bir müdaxilə olmadan və tam sərbəst şəkildə öz fəaliyyətini qurmaq imkanı əldə edib. Son illər Azərbaycanda sahibkarların qeydiyyatdan keçməsi məsələsi də xeyli sadələşdirilib. Bir pəncərə sistemi vasitəsilə qısa zaman kəsiyində hər bir şəxsin öz sahibkarlıq fəaliyyətini rəsmiləşdirmək imkanı var. Bütün bunlarla yanaşı Azərbaycanda sözügedən sahənin inkişafı istiqamətində dövlət proqramları həyata keçirilir. Sahibkarlığın İnkişafı Fondu yaradılıb. 

Bu fond vasitəsilə sahibkarlıq subyektlərinə güzəştli şərtlərlə kreditlər təqdim olunur. Həmçinin, onların sərbəst fəaliyyəti üçün bu günə kimi müəyyən ərazilərdə bir neçə sənaye zonaları, sənaye məhəllələri istifadəyə verilib. Həmin sənaye obyektlərində, istehsal sahələrinin qurulmasında sahibkarlara uzunmüddətli vergi güzəştləri tətbiq olunur. Həmçinin bu zonalarda onlara səmərəli infrastruktur təqdim edilir. Sahibkarlıq subyektlərinin azad və sərbəst fəaliyyətinin təmin edilməsi üçün dövlət tərəfindən tətbiq edilən proqramları vurğulamaq yerinə düşər. Məsələn, aqrar sahənin inkişafı məqsədilə bu sektorda fəaliyyət göstərən hər bir sahibkar torpaq vergisi istisna olmaqla digər bütün vergilərdəna azad olunub. Ölkədə investisiya proqramları da uğurla icra olunur. Bu investisiya proqramında qeydiyyatdan keçən sahibkarlıq subyektləri bəzi vergilərdən azad edilib. İxracın təşviqi proqramı tətbiq olunur ki, bununla da ölkəmizdə istehsal edilən məhsulların ixracına görə həmin sahibkarlara dövlət büdcəsindən əlavə vəsaitlər ödənilir. 

Bu addım ixracyönümlü məhsulların stimullaşdırılması istiqamətində görülən ən vacib tədbirlərdən biri kimi qiymətləndirilə bilər. Azərbaycan sahibkarlıq fəaliyyəti üçün ən optimal mühit formalaşdırmış ölkələrdən biri hesab olunur. Çünki sahibkarlıq subyektləri dövlətin əsas aparıcı qüvvəsidir. 

  Sahibkarlığın inkişafı istiqamətində atılan mühüm addımlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda məşğulluğa dəstək” layihəsi çərçivəsində reallaşıb. Avqust ayında həssas qruplara aid 1000-dək işsiz şəxs üçün kiçik bizneslər yaradılıb. Nazirlikdən verilən məlumata görə, layihənin məqsədi işsiz kimi qeydiyyatda olan əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, keçmiş məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslərin özünüməşğulluq üzrə kiçik biznesə, layiqli məşğulluğuna çıxışına şərait yaradılmasıdır. Vurğulanıb ki, bu ilin ötən dövründə proqram çərçivəsində 4800-dək işsiz şəxs üçün kiçik bizneslər qurulub. Layihəyə cəlb olunan işsiz şəxslərə 29 iqtisadi fəaliyyət istiqaməti üzrə biznes zərflər təqdim edilib.

  Təşəbbüslərlə bağlı "Şərq"ə danışan millət vəkili Vüqar Bayramov deyib ki, özünəməşğulluq Azərbaycanda həyata keçirilən ən aktiv proqramlardan biridir. Deputatın sözlərinə görə, bu kimi proqramların icrasında məqsəd ilk növbədə işsiz vətəndaşlarımızı sahibkarlara çevirmək və proqram çərçivəsində onlara dəstək göstərməkdir: 

"Son illər kifayət qədər vətəndaşlarımız məhz bu proqramdan faydalanaraq öz bizneslərini qurublar. Təbii ki, burada söhbət sadəcə aqrar sektordan getmir. Digər sahələrdə də biznesin inkişafı və qurulması prioritet hesab olunur. Statistika da göstərir ki, məhz bu istiqamətlərdə, o cümlədən qeyri kənd-təsərrüfatı sahələrində də müraciətlərin sayında artım var.

 Sözsüz ki, özünəməşğulluq proqramları işsizliyin səviyyəsinin və sayının azalmasına təsir göstərən ən mühüm faktorlardandır. Çünki fərqli proqramların reallaşması bütövlükdə məşğulluğun təmin edilməsinə və işsizlərin sayının əsaslı surətdə azaldılmasına hədəflənmiş prioritetlərdəndir. 

Ona görə də özünəməşğulluğun dairəsinin genişlənməsi və proqrama daha çox vətəndaşın cəlb edilməsi nəticə etibarı ilə kiçik və orta sahibkarlığın da inkişafına xüsusi töhfə verir".