Bütün dövlət qurumları yanğın təhlükəsizliyinə məsuliyyət daşıyır

Təbiət məhv olmasın deyə hər kəs əl-ələ verib çalışmalıdır

Yanğından mühafizə və təhlükəsizlik qaydalarına mütləq əməl edilməlidir
 
Ekologiya və ətraf mühitin mühafizəsi

  Üzərində “24 saat içində bir ağac orta hesabla üç nəfərin tənəffüsü üçün lazım olan oksigen sintez edir”, yazılmış sosial reklam lövhəsi Bakı metropoliteni xidmətindən istifadə edən sərnişinlərə yaxşı tanışdır. Metrodan daim istifdə edənlər bu məlumatı, həmçinin ekologiyanın qorunmasına yönəlmiş digər sosial reklam lövhələrini müntəzəm görürlər. Eyni zamanda hansısa bölgədə, meşə massivində yanğın hadisələriylə bağlı da vaxtaşırı məlumatlar eşidirik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarında isə ağacların, meşələrin həyat üçün – insanlar üçün necə önəmli olduğuna dair faktlar açıqlanır;  günəşli bir gündə bir hektar meşə sahəsi havadan 220-280 kiloqram karbon qazı udur və 180-200 kiloqram oksigen buraxır. Bir hektar iynəyarpaqlı ağac ildə 40 tona qədər, yarpaqlı ağaclar isə təxminən 100 tona qədər toz tutur. 1 hektar meşə 200 nəfərin nəfəs almasını təmin edir... 

Ağaclar bizi qoruyur, bizə təmiz hava,  nəfəs verir, biz isə onları məhv edirik. Yay fəsli ərzində ölkəmizin müxtəlif bölgələrində dəfələrlə meşə yanğınları, əkin sahələrinin qəsdən yandırılması hadisələri baş verib. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti yanğınlarla mübarizə aparır, yanğınlar söndürülür, lakin bir müddət sonra hansısa başqa bir ərazidə yanğın hadisəsi ilə bağlı məlumatlar verilir. Meşə yanğınlarının ekologiyaya necə zərər vurduğu bəllidir. Əsas məsələ yanğınların qarşısının operativ şəkildə alınması və qəsdən törədilən yanğınlara görə konkret şəxslərin məsuliyyətə cəlb edilməsidir. 
  Bu məsələlərlə bağlı Fövqəladə Hallar Nazirliyində nazir, general-polkovnik Kəmaləddin Heydərovun iştirakı ilə geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən nazir Kəmaləddin Heydərov ölkədə son dövrlər baş verən meşə yanğınları barədə danışaraq bu yanğınların ilk növbədə qlobal istiləşmənin təsirindən qaynaqlandığını diqqətə çatdırıb. Bununla yanaşı, nazir qeyd edib ki, qlobal istiləşmənin təsirindən əlavə, yanğınların baş verməsinin əsas səbəbi insan faktoru olaraq qalır.

 Bəzi insanların sadə yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibəti və məsuliyyətsiz davranışı milli sərvətimiz olan meşələrdə yanğınların baş verməsinə, onilliklər ərzində formalaşmış meşə fondumuza, flora və faunaya ziyan vurulmasına gətirib çıxarır. Odur ki, meşə yanğınlarının qarşısının vaxtında alınması üçün bütün aidiyyəti qurumların əlaqəli şəkildə fəaliyyət göstərməsi mühüm əhəmiyyət kəsb edir. 

Ölkədə meşəlik ərazilərdə baş verən yanğınların söndürülməsi istiqamətində həyata keçirilən tədbirlər müzakirə edilib. Nazir yanğınların qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyini bildirib, həmçinin meşələrdə yanğın təhlükəsizliyi ilə bağlı normativ hüquqi aktlarda müvafiq dəyişikliklərin edilməsi ilə əlaqədar təkliflərin hazırlanması barədə Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. 

  Xatırladaq ki, meşə və əkin sahələrində baş verən yanğınlarla bağlı danışan ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun sözlərinə görə, yanmış meşəlik ərazini bərpa edib öz vəziyyətinə qaytarmaq üçün 50 il lazımdır: “Samur-Yalama meşələri nəinki ölkəmiz, həmçinin dünya üçün əhəmiyyətlidir. Bu meşə tipi nadir hesab olunur. Cənubi Qafqazda yalnız Azərbaycan və Dağıstanda rast gəlinir. 

Biz meşələrimizi gələcək nəsillər üçün qorumalıyıq. Vətəndaşlara səslənirəm, ayıq-sayıq olun. Taxıl biçilmiş əraziləri yandırmayın". Qeyd edilir ki, bəzən taxıl sahələrinin biçindən sonra yandırılması əksər hallarda bilərəkdən törədilir. Həmin yanğınlar ətrafda yerləşən meşəlik əraziləri də təhlükə altına alır. Bu yanğınlar sadəcə mexaniki becərməni asanlaşdırır. Amma digər tərəfdən o sahə yandırılanda oranın canlı aləmi də yanır. Artıq könşənlərin yandırılması məfhumu olmamalıdır. Fermerlər və sahibkarlar biçindən sonra əkin sahələrini yandırmamalıdı. Həmçinin meşəlik ərazilərə istirahətə gedənlər ocaqlara nəzarət etmir, söndürmürlər. Belə məsələlərdə diqqətli olmalı, təbiətə biganə yanaşılmamalıdır. 

  Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Şərq”ə açıqlamasında qeyd etdi ki, təkcə yay fəslində deyil, ümumiyyətlə, meşəlik ərazilərə, qoruqlara, zəmilərə, tarlalara daimi nəzarət olmalıdır. Yay fəslində isə nəzarət daha da gücləndirilməlidir. Çünki havaların isti keçməsi, biçilmiş zəmilərdə yığılıb qalmış quru otlar bir qığılcıma bənddir: 

- Bütün dövlət qurumları yanğın təhlükəsizliyinə məsuliyyət daşıyır. Meşələr yanmasın, ağaclar, yaşıllıq  – təbiət məhv olmasın deyə yanğından mühafizə və təhlükəsizlik qaydalarına mütləq əməl edilməlidir. Yanğın təhlükəsinə qarşı qabaqlayıcı tədbirlərin görülməsi əsas şərtlərdən biridir. Bu da yanğının söndürülməsi, yanğının əhatə dairəsinin genişlənməməsi üçün qarşısının qısa zamanda alınması üçün lazım olan əşyaların, vasitələrin mövcud olmasıdır. Bütün alətlər işlək vəziyyətdə saxlanmalıdır.  İstirahət mərkəzləri, kurort zonalar, parklarda, qoruq ərazilərdə  yanğından mühafizə sistemləri mütləq olmalıdır. Hər cür hal mümkündür. Xüsusilə yay fəslində yanğın təhlükəsinə qarşı çox ayıq-sayıq olmaq lazımdır. Yay aylarında yanğın təhlükəsini önləmək məqsədilə yaşıllıqlara, park ərazilərinə, istifadəsiz yerlərə nəzarət artırılmalıdır. Hansı ərazilərdə quru otlar varsa, təmizlənməlidir, çünki quru otlar tez alışır və yanğının əhatəsi genişlənir. Zibilliklər vaxtlı-vaxtında təmizlənməli, zibillər tez-tez daşınmalıdır. Bütün hallarda yay aylarında yanğın təhlükəsi daha artıqdır və müvafiq qurumlar bunu nəzərə alaraq qabaqlayıcı tədbirlər həyata keçirməlidir. Yanğın təhlükəsinə qarşı video-çarxların nümayişi, sosial reklamların, maarifləndirici lövhələrin olması vacibdir.  Bundan əlavə hesab edirəm ki, parklarda, yaşıllıq ərazilərdə, istirahət mərkəzlərində, əhalinin kütləvi istirahət etdiyi yerlərdə yanğın təhlükəsi və onunla mübarizə barədə məlumat lövhələri yerləşdirilməlidir və nəzarət edilməlidir. Bunun üçün böyük işçi qüvvəsi lazımdır. Məsələn, bu işə könüllülər cəlb edilə bilər. Xüsusən yay fəslində. Necə ki, dəniz sahillərinin təmizlənməsinə könüllülər cəlb edilir, eləcə də yanğınla bağlı məlumatlandırma və nəzarət kampaniyası da təşkil etmək mümkündür. Həmçinin qəsdən və ya səhlənkarlıqdan yanğın hadisəsinin baş verməsinə səbəb olan şəxslər cinayət məsuliyyəti daşıdıqlarını da bilməlidir. Bu zaman azadlıqdan məhrumetmə cəzası da ola bilər, dəymiş ziyanın ödənilməsi də. Baxır, yanğın nəticəsində dəymiş ziyanın miqyasına. Bütün hallarda hər bir şəxs, sahibkar, təsərrüfat sahibi torpağa ehtiyatla və ehtiramla yanaşmalıdır. Təbiət bizimdirsə, onun qədrini bilməliyik və ona ziyan vurmamalıyıq.