XƏBƏRDARLIQ: Hava kəskin dəyişəcək

25 gün davam edən isti və quraq hava şəraitindən sonra ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında proses sentyabrın 5-i əvvəl şimal küləyinin güclənməsi ilə başlayacaq. Küləyin maksimal sürəti 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s olacaq. Küləkli hava şəraiti 7-si gündüzədək davam edəcək. Havanın temperaturu tədricən 8-10° aşağı enəcək. 6-sı gündüzdən 8-i səhərədək fasilələrlə yağış yağacağı ehtimalı var.
Azərbaycanın rayonlarında proses sentyabrın 5-dən başlayaraq əvvəl Böyük Qafqazın bəzi yerlərində, 6-dan 8-i gündüzədək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur. Qərb küləyi arabir 18-23 m/s, əsasən Kürvadisi rayonlarda arabir 25-30 m/s olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.