Naxçıvan şəhərindəki bir neçə ünvanda yaşayış binaları əsaslı təmir edilir, yeni çoxmərtəbəli binalar tikilir, sakinlərin mənzil şəraiti daha da yaxşılaşdırılır. İnşa olunan yeni binalar və yaradılan müasir şərait şəhərin gözəlliyini daha da artırır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, hazırda Naxçıvan şəhərinin Nizami küçəsində yeni yaşayış binası inşa olunur. Bina 9 mərtəbə və 64 mənzildən ibarətdir.
Burada keyfiyyətə nəzarət olunur və inşaat işlərində, əsasən, yerli tikinti materiallarından istifadə edilir. Müasir dizaynı ilə seçilən bina iki blokdan və üçotaqlı mənzillərdən ibarətdir.
Muxtar respublikada idarə, müəssisə və təşkilatların iş şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılır. Bu məqsədlə Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya İdarəsi üçün 4 mərtəbədən ibarət yeni bina inşa olunur.
Binada yaradılacaq müasir iş şəraiti kollektivin işini asanlaşdırmaqla yanaşı, muxtar respublikada həm meteoroloji, həm də hidroloji prosesləri daha dərindən öyrənməyə imkan verəcək.