Ermənistanda idarəetmə sistemi tamam laxlayıb

Ona görə sülh danışıqları nəticə vermir

"Erməni cəmiyyəti başdan-başa xaos içindədir, çıxılmaz, çaşqın vəziyyətdədir. Hakimiyyət də dənizdə yolunu azmış kompassız gəmi kimidir"

  Ermənistan parlamentinin qarşısına toplaşan mitinq iştirakçıları Baş nazir Nikol Paşinyanın impiçmenti üçün deputatların imzalarını toplamağa başlayıblar. Aksiyaçılar Mülki Müqavilə (Paşinyanın partiyası) fraksiyasının deputatlarına da müraciət ediblər. Onlar bildiriblər ki, Mülki Müqavilə fraksiyasının deputatlarına sentyabrın 16-dək vaxt verirlər, gəlib imzalaya bilərlər. İndiyə qədər “Şərəfim var” və “Ermənistan” (Sərkisyan və Köçəryanın fraksiyaları) blokunun deputatları imza atıblar. Paşinyanın partiyası parlamentdə çoxluq təşkil edir. 

Paşinyanın impiçmenti üçün “Şərəfim var” və “Ermənistan” blokunun sahib olduqları 35 deputat yeri kifayət deyil. Bundan ötrü ən azı daha 18 deputatın imzası lazımdır. Mülki Müqafilə fraksiyasının 18 deputatı Paşinyanı satarsa, onda baş nazirin impiçmenti başlayacaq. Məlumat üçün deyək ki, Ermənistan parlamentinin binası çoxlu sayda polis tərəfindən qorunur. Polis qalxanlardan divar düzəldərək, Dəmirçyan küçəsinin girişini bağlayıb. 

Bu yolla deputatların binaya maneəsiz hərəkətini təmin ediblər. Paşinyanın istefası tələbi ilə dünənki etiraz aksiyasının davam edəcəyi gözlənilir. 

  Politoloq Qabil Hüseynli "Şərq"ə vurğulayıb ki, son günlər yaşanan siyasi proseslər və sərhəddə baş vermiş təxribat bir daha göstərdi ki, Ermənistanda sülh istəməyənlərin sayı həddindən artıq çoxdur. Analitik vurğulayıb ki, əslində Ermənistan cəmiyyətinə sülh müqaviləsi hava-su kimi lazımdır:

 "Beyinləri dumanlanmış, reallıqları görə bilməyən erməni faşizmi qonşuları ilə dinc yaşamaq yolunu seçməkdə çətinlik çəkirlər. Bu faşist ideologiyasının dəstəkçiləri xaricdəki erməni lobbisi, daxildəki "Qarabağ klanı" və revanşist qüvvələrdir. Ona görə də Ermənistan hökumətinin və cəmiyyətinin sülh məsələsində ortaq məxrəcə gəlməsi demək olar ki, qeyri-mümkün hala gəlir. Bir reallıq da odur ki, müxalif düşərgə xaricdən aldığı təlimat və dəstəklə Nikol Paşinyanı hakimiyyətdən devirmək istəyirlər. Bu məsələyə ciddi maliyyə ayrılıb və xüsusi adamlar cəlb olunub. Ermənistan cəmiyyətinin indiki durumu "can çəkişən adamın" vəziyyəti ilə eynidir. Buna rəğmən, erməni xisləti onlara uzanan sülh və qonşuluq təklifini geri çevirir. Müxtəlif ideyalar, siyasi cərəyanlar çox primitiv formada bir-biri ilə toqquşur, qarşıdurmalar yaşanır. Hər bir tərəf inadla özünün "haqlı" olduğunu sübut etməyə çalışır. Ona görə də hazırda Ermənistanda idarəetmə sistemləri tamamilə laxladığına görə, İrəvanla danışıqlar istənilən nəticəni vermir. Erməni cəmiyyəti başdan-başa xaos içindədir, çıxılmaz, çaşqın vəziyyətdədir. İrəvan hakimiyyəti də dənizdə yolunu azmış kompassız gəmi kimidir. Azərbaycanla sülh danışıqlarında qətiyyətli olmaq üçün Paşinyan ortaya siyasi iradə qoymalı, ölkənin gələcəyi üçün üzərinə məsuliyyət götürməlidir".