“Azərbaycanda maddi yardımlar pensiyaların tərkibinə daxil edilir”.
Bu barədə “Report”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Əziz Ələkbərli deyib.
Deputatın sözlərinə görə, “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 2022-ci il 8 fevral tarixli Sərəncamında Nazirlər Kabinetinə ünvanladığı iki tapşırığın icrasını təmin etmək məqsədi ilə hazırlanıb:
“Bu tapşırıqlardan biri qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının indeksləşdirilməsi, ikincisi, 2022-ci ildə əmək pensiyaçılarına ödənilən maddi yardımın 2023-cü il yanvarın 1-dən etibarən pensiyaların tərkibinə daxil edilməsi məsələlərini özündə ehtiva edir”.
“Hər iki məsələ həmin kateqoriyaya daxil olan insanların, xüsusilə hərbi qulluqçu olmuş pensiyaçılarımızın pensiya təminatının yaxşılaşdırılmasına xidmət edir. Məsələn, təsəvvür edin, əvvəllər indiyədək qulluq əlavəsi alan şəxslərin pensiyası, həmin şəxslərin vaxtilə tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır və artırılırdı. Bunun üçün isə pensiyaçı illərlə gözləməli olurdu, çünki əməkhaqqı hər il artırılmır, axı bu, bəzən bir neçə ildən bir olur. Halbuki inflyasiya az və ya çox dərəcədə hər il müşahidə olunur. İndi isə pensiyaların ödənməsində vahid indeksasiya metoduna keçildiyindən artım davamlı olacaq və pensiyaların real dəyərini qorumağa imkan verəcək”,- deyə o qeyd edib.
Bundan başqa, qanuna dəyişiklik layihəsində əvvəlcə maddi yardımların pensiyaların tərkibinə daxil edilməsi, vahid indeksasiya metodunun isə bundan sonra tətbiq edilməsi də nəzərdə tutulub. Bunu da pensiyaçıların xeyrinə olan bir addım kimi qiymətləndirən deputat əlavə edib ki, ölkəmizdə pensiyaların hesablanmasında və ödənilməsində vahid indeksasiya metoduna keçilməsinin aşağıdakı bir sıra digər əhəmiyyətləri də olacaq:
“Qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərin pensiyası əvvəlki metoda nisbətən indi daha çox artacaq, bütün növ əmək pensiyalarının məbləği hər il vahid qaydada - indeksləşdirilərək artırılacaq, pensiyaların indeksləşdirilərək artırılmasının tamamilə elektronlaşdırılması mümkün olacaq”.
Ə.Ələkbərli vurğulayıb ki, layihə bütövlükdə hazırda pensiya alan bütün şəxsləri əhatə edəcək:
“Çünki maddi yardım 2022-ci ildə həm ümumi əsaslarla, həm də xüsusi şərtlərlə təyin edilmiş şəxslərə ödənilib. Bu baxımdan həmin maddi yardımın pensiyaların tərkibinə daxil edilməsi bütün kateqoriyadan olan pensiyaçılarımızın sosial rifahını yaxşılaşdıracaq”.